Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2025" kompüter dəstəkli komanda-qərargah və "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. “Ümid” körpüsündə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının istiqlal marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər.
İki qardaş ölkələrin ordularının birgə təlimləri tez-tez keçirilir. Bununla həm hərbi müttəfiqliyin səviyyəsi artırılır, həm bədxahlara güc nümayiş olunur, həm NATO ordusunun təcrübəsinə yiyələnirik. Laçında keçirilən zirvə və ardınca Naxçıvanda baş tutan təlimlər bir daha Azərbaycana xor baxan, təhdid edən qüvvələrə siqnal olmalıdır. Onsuz da Şuşa Bəyannaməsi bu gücü, birliyi özündə əks etdirir, lakin təlimlərlə müttəfiqliyin möhkəmlənməsinə töhfə verilir.
Bu təlimlərin əsas hədəfi nədən ibarətdir? Azərbaycanda Pakistan ordusunun da iştirakı ilə gələcəkdə birgə təlimlər mümkündürmü?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib: “O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış saziş mövcuddur. Hərbi təlimlər bu sazişin tələblərindən irəli gəlir. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
- Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
- İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr;
- Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.
Birgə hərbi təlimin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasında bağlanmış Şuşa bəyannaməsinin ruhuna da uyğundur. Hər hansı bir dövlətin bu hərbi təlimlərdən narahat olmasına ehtiyac yoxdur. Ancaq Naxçıvanda keçirilən birgə hərbi təlimlər Ermənistana bir mesaj kimi də qəbul edilə bilər. Kimsə heç vaxt bu fikrə düşməsin ki, Naxçıvana qarşı məkrli planlarının gerçəkləşdirilməsinə imkan veriləcək. Azərbaycan-Türkiyə hərbi təlimləri hansısa ölkənin ərazisini işğal etmək üçün deyil. Təbii ki, bu təlimlər həm də siyasi məna daşıyır. Bu təlimlər bir daha dünyaya mesajdır ki, Azərbaycanla Türkiyə arasında hərbi, siyasi əlaqələri, dostluq qardaşlıq münasibətlərini heç kim poza bilməz, bu iki dövlət həmişə bir yerdə olacaq. Təlimlərin hərbi əhəmiyyəti isə Azərbaycan Ordusunun daha da modernləşdirilməsi, döyüş taktiki hazırlığının inkişaf etdirilməsidir. Keçirilən hər bir təlim Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidinə ciddi təsir göstərir".
Ekspert qeyd etdi ki, Azərbaycan öz müttəfiqi ilə birgə hərbi təlimlərini davam etdirəcək. Bu hərbi təlimlər plan əsasında həyata keçirilir və bundan sonra da keçiriləcək. Gələcəkdə Naxçıvanda Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimlərinin keçirilməsi də mümkündür.
R.Məhərrəmov dedi ki, regionda müharibə təhlükəsi bitməyib. Müharibə təhlükəsi bitmədiyi üçün bu cür birgə hərbi təlimlər mütəmadi keçirilməlidir: “Ermənistan hakimiyyəti sülh bəyanatları versə də sülh sazişini imzalamaqdan yayınır. Ermənistanın bu cür qeyri-səmimiliyi, hücum silahları ilə silahlanması sülhə xidmət etmir. Ermənilər revanşist çıxışlar edirlər, qisasçılıqdan danışırlar, sürətlə silahlanmaya qədəm qoyub yeni-yeni silahlar alırlar və s. Azərbaycan isə belə bir vəziyyətdə Ermənistanla sülh müqaviləsi bağlamaq istəyir. Bununla da bütöv regionda problemə son qoyula bilər. Ermənistan bunu istəmirsə, demək, Azərbaycan hər an başlaya biləcək müharibəyə hazırlaşmalıdır. Ona görə də bütün qoşun növlərində qardaş ölkə Türkiyə ilə birgə təlimlər zaman-zaman keçirilir və bundan sonra da keçiriləcək. Azərbaycan hər an qapını döyəcək müharibəyə hazır olaraq özünün müdafiəsini gücləndirməli və düşmənin başını daha sərt şəkildə əzməlidir. Bu baxımdan Türkiyə-Azərbaycan birgə təlimlərinin həm hərbi, həm də siyasi əhəmiyyəti var. Bu təlimlər regionda daimi sakitlik olmayınca, sülh sazişi bağlanmayınca, Ermənistan Azərbaycana ərazi iddiasını kənara qoymayınca, Azərbaycanın ərazi bütövlüyünü tanımayınca davam edəcək və etməlidir. Azərbaycana qarşı kim təcavüz etməyə qalxacaqsa, həmin anda ona cavab vermək üçün Azərbaycan Ordusu hərbi qabiliyyətini artırır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ