İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranla bağlı: “Nə baş verəcəyini görəcəksiniz” – ABŞ ailələri Yaxın Şərqdən buna görə çıxarır...

Yaxın Şərqdə ABŞ-İran gərginliyi artmaqda davam edir.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin regiondan amerikalı hərbçilərin ailə üzvlərinin niyə çıxarıldığı ilə bağlı sualına qısa və diqqətçəkən cavab verib:

“Görəcəksiniz. Təşəkkür edirəm”.

Ağ Evin qarşısında verilən bu açıqlama Vaşinqtonun Tehrana qarşı ciddi addımlar atmağa hazırlaşdığı ehtimalını daha da gücləndirib. Tramp əlavə olaraq bildirib:

“Biz Tehrana xəbərdarlıq etdik. Onların nüvə silahı əldə etməsinə icazə verilməməlidir. Bundan sonra nə olacağını görəcəyik”.

Musavat.com-un bundan əvvəl də CNN-ə istinadla yaydığı məlumata görə, ABŞ hökuməti artıq bəzi diplomatları və hərbçilərin ailə üzvlərini Yaxın Şərqdən çıxarmağa başlayıb. Bu qərar İranla bağlı təhlükəsizlik risklərinin artması fonunda qəbul edilib. Təxliyəyə ilk olaraq İraq, Küveyt, Bəhreyn və Qətərdəki ABŞ strukturlarından başlanılıb.

Eyni zamanda ABŞ Dövlət Departamenti Azərbaycanın da daxil olduğu radiusdakı - Şərqi Avropa və Şimali Afrika da daxil olmaqla, İranın raket zərbəsi məsafəsində yerləşən diplomatik nümayəndəliklərə fövqəladə hallara hazırlıq əmri verib. Səfirliklərdən cavab qruplarının yaradılması və təhlükə dəyərləndirmə planlarının təqdim olunması tələb olunub.

Donald Trampın “nə baş verəcəyini görəcəyik” ifadəsi Vaşinqtonun hazırkı mərhələdə konkret cavab tədbirləri üzərində işlədiyini göstərir. Pentaqon rəhbərliyi artıq İranın nüvə silahı əldə etmək istiqamətində irəlilədiyini bildirib. Tramp administrasiyası bu prosesi birbaşa milli təhlükə kimi qiymətləndirir.

Eyni zamanda İran da passiv mövqedə deyil – Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ-ın hərbi mövcudluğu regionda artıq “legitim hədəf” sayılır və qarşıdurma halında ilk zərbələr ABŞ bazalarına endiriləcək.

ABŞ-İran gərginliyinin diplomatik yolla həll olunma ehtimalı sürətlə azalır. Tərəflər artıq söz müharibəsini deyil, hazırlıq göstərişlərini önə çəkirlər. Təxliyə edilən ailələr, bağlanan səfirlik bölmələri və verilən qısa, lakin ciddi bəyanatlar bölgədə istənilən an münaqişə alovlana bilər siqnalı verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR