Onlayn ictimai-siyasi qəzet
Yaxud xaosun mükafatsız buraxdığı alim
Deyir, Macarıstan millisi ilə futbol oyunumuzu izləmək üçün Abşerondakı stadiona 2500 tamaşaçı gəlibmiş. Təşəkkür düşür. Əsl azarkeş bunlardır - yəni milli komandanın azarlıları, xəstələri. Hələ ümidini itirməyən 2500 nəfər varmış. Bizi yaşadan onlardır.
Oyunun qısa videosunu izlədim, həmin azarkeşlərin stadionda yerləşmə forması xoşuma gəldi. Bilmirəm, bunu rəhbərlik belə nəzərdə tutub, yoxsa bileti elə satıblar: tamaşaçılar adda-budda şəkildə bütün tribunalara yayılmışdılar, nəticədə boşluq görünmürdü. Yalan olmasın, Marakana, Uembli-zad kimi bir şey idi. Təyyarədə sərnişinləri də bu prinsiplə yerləşdirirlər ki, ağırlıq mərkəzi pozulmasın. AFFA və Santuş müəllimin sayəsində milli komandamız uçuşa hazırlaşır. Ya da artıq uçuruq.
Əslində oyun maraqlı idi, hətta axırda qapıçımız az qala qol vurmuşdu, görünür, hücumçulardan bir şey çıxmayacağını bilir. Santuş müəllim də həmişə bunu qeyd edir, deyir, təhlükəli epizod yaradırıq, bəsinizdir.
Həqiqətən, bizə epizod bəsdir. Bu, təxminən kino çəkmək kimi bir şeydir. Epizodlardan başlamaq yerinə, böyük kinoya girişmişik, nəticə alınmır. Örnək üçün, Vaqif Mustafayev vaxtilə “Mozalan” süjetləri çəkirdi, ləzzətlə baxırdıq. İndi “Həyat, deyəsən, gözəldir” adında necə bir cəfəngiyyat çəkibsə, ik-üç ildir həm ona pul ayıran hökumət, həm bu “kinoya” baxan xalq çaşıb qalıb, bilmirik gülək, ya ağlayaq.
Bəzi vətəndaşları ümumiyyətlə anlamaq çətindir. Keçən ildən Bakı sirkinin binasını remonta bağlayıblar, işçiləri isə öz hesablarına məzuniyyətə göndəriblər. Təzəlikcə onlardan bir neçəsinin şikayəti çıxmışdı. Deyirlər, dolana bilmirik, nazirlik (mədəniyyət) bizə baxmır və sairə.
Əcaib vəziyyətdir. Bütün ölkədə faktiki sirkdir, ancaq sirkin artisti acından ölür. İndi bunu necə izah edəsən? Çətindir. Hələ siz bu artistlərin ixtisasına baxsanız, lap çaş-baş qalarsınız. Məsələn, kloun ac qalsa, başa düşərəm, camaatın uşağı da tülküləşib, daha klounla əylənmək istəmirlər. Şikayət edənlər sehrbaz, gimnast və pəhləvan idi!
Lap gimnastı birtəhər yola verək, deyək, yaxşı gimnastı el dolandırmalıdır, bəs sehrbaza nə söz? Bütün dünyada camaat sehrbazın hesabına yaşayır, bizimki dilənçilik edir. Qardaşım, bir dənə fokus göstər, pul papaqdan zibil kimi çıxsın. Ya da sənə yaşamağa imkan verməyən nazirlik əməkdaşını qutuya sal, mişarla. Həmçinin, yoxa çıxarda bilərsən, etiraz etmirik. Yoxsa bu nə əfəllik, bu nə ağlaşma-şivəndir?
Hələ o pəhləvan məni lap dilxor edibdir. Rəhmətliyin oğlu, sənin qolunda o boyda güc var, tayların mıxı əyir, pudluq daşları fındıq kimi oynadır, üstündən maşın keçir və sairə. Ölmürlər ki? Əksinə, xalqı əyləndirirlər. Bu isə maaş istəyir. Tamaşa göstərmədən. Dövlətçilik prinsiplərinə görə ya tamaşa olmalıdır, ya kökə, ya da qamçı. Ayrılıqda. Üçü birində yalnız ucuz qəhvədə olur, türkün sözü.
Ancaq keçən ay oxuduğum bir xəbər öz unikallığı ilə bunların hamısından üstündür. Bir alim dövlət başçısına şikayət yazmışdı, deyir, Elm və Təhsil Nazirliyi elmi mükafatlar proqramından mənə pul vermir. Bəs onun məşğul olduğu sahə nədir? Buyurun, öz məktubundan oxuyaq: “Elmi fəaliyyətim dünya elminin ən aktual istiqamətlərindən biri olan xaosun idarə olunmasına həsr edilib”.
Xaosu idarə eləməyi bilir, ancaq nazirlikdən pul ala bilmir. Ya da nazirlik düz edir, pul vermir, sənin alimliyin fuflodur. Əks halda, qorxub çəkinərdilər: “Birdən müəllim əsəbləşib xaos yaradar, pulunu ödəyək, rədd olsun”...
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ