Onlayn ictimai-siyasi qəzet
İsrail Knesseti qanunverici orqanın buraxılması haqqında qanun layihəsini rədd edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qanun layihəsini 53 deputat dəstəkləyib, 61 deputat əleyhinə səs verib.
Parlament müxalifətinin lideri, Yeş Atid partiyasının rəhbəri Yair Lapid plenar müzakirələrdə ölkə hökumətinin koalisiyanın mövcudluğunu iki-üç həftə uzatmaq üçün İsrail Müdafiə Qüvvələrinin (IDF) maraqlarına xəyanət etdiyini bildirib.
Hazırda hakim koalisiya 120 yerdən 68-i ilə Knessetdəki (parlament) çoxluğa nəzarət edir. Buraya baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı Likud partiyası və bir sıra ifrat sağçı və ultra-dindar siyasi qüvvələr daxildir.
Son həftələrdə koalisiya dini məktəblərdən tələbələrin hərbi xidmətə çağırılması məsələsi ilə bağlı Likud partiyası ilə ultra-pravoslavlar arasında fikir ayrılığı səbəbindən parçalanma ərəfəsində idi. Hazırda onlar faktiki olaraq hərbi xidmətdən azad ediliblər, lakin davam edən hərbi əməliyyatlar kontekstində ordu rəhbərliyi və dünyəvi partiyalar uzun müddətdir ki, pravoslav yəhudilərin orduya çağırılmasını tələb edir. Dini partiyalar, öz növbəsində, bu cür təhsil müəssisələrinin tələbələrinin xidmətdən azad edilməsinə zəmanət verən qanun layihəsinin qəbul edilməsində israrlıdırlar.
Son günlər bu qanun layihəsi ətrafında danışıqlar dalana dirənib. Sənəd hələ də parlamentarilərin müzakirəsinə təqdim edilməyib, bu səbəbdən də ultra-pravoslav fraksiyalar Knessetin buraxılmasını dəstəkləmək niyyətlərini bəyan etməyə başlayıblar. Ötən həftə parlamentdə 7 mandata malik Yahadut HaTorah blokunun (Birləşmiş Tövrat Yəhudiliyi) və 11 mandata nəzarət edən Sefarad Şas partiyasının nümayəndələri qanunun lehinə çıxış ediblər. Onların səsi müxalifətin Knessetin buraxılması haqqında qanun layihəsini qəbul etməsi üçün kifayət edərdi.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ