Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişəni dondurmaq əvəzinə, ona son qoymağa çağırıb. Bu barədə o, afrikalı jurnalistlərə müsahibəsi zamanı bildirib. Onun fikrincə, dondurulmuş münaqişə durğunluğu ifadə edir. O, Ukraynanın 2014-cü ildən bəri bu vəziyyətdə olduğunu qeyd edərək, “Eyni müharibə, lakin düşmənə cavab vermək qabiliyyəti olmadan, gələcəyə ümid olmadan, sərmayəyə ümid olmadan” davam edən müharibə.
Zelenski həmçinin bildirib ki, Kiyev “heç bir dalana tab gətirə bilməz”. “Biz sülh istəyirik. Sonu fərqli ola bilər, kiminsə xoşuna gələ bilər, kiminsə gəlməyə bilər, amma bu bizə lazımdır”, - qeyd edib.
Zelenski təklif etdiyi “sülh formulu”nu yenidən xatırladıb. Ukrayna prezidenti bildirib ki, Rusiya tərəfi “sülh formulu”nun şərtlərini yerinə yetirərsə, münaqişə sona çata bilər. On bəndlik təklifi o, 2022-ci ilin noyabrında açıqlayıb. Ayrıca bir bənddə “Ukraynanın ərazi bütövlüyünün bərpası” vurğulanıb. Rusiya isə Zelenskinin təklifini danışıqlara hazırlıqsızlıq əlaməti adlandırıb. Başqa yandan, Ukrayna parlamentinin Zelenskiyə Putinlə sülh danışıqları aparmağı yasaqlayan qərarı var. O zaman necə olacaq? Rusiya ilə sülh Zelenski olmadanmı gerçəkləşəcək? Qərb onu hansısa şəkildə əvəzləmək fikrinə düşə bilərmi?
Xatırladaq ki, 2024-cü ilin mayında Ukraynada qanunla növbəti prezident seçkiləri keçirilməlidir.
Əhəd Məmmədli: “Zelenski buna müqavimət göstərsə, ya istefaya gedəcək, ya da...”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında proseslərin durmadan Rusiyanın xeyrinə işlədiyini qeyd etdi: “Ukrayna parlamentində müharibəyə görə seçkilərin ertələnməsi müzakirədədir. Zelenskiyə artıq təzyiqlər başlayıb. İstər xaricdən, istərsə də daxildən. Əks-hücum uğursuzluğa düçar olduqdan sonra Avropa və Amerikadan narazılıq səsləri gəlməyə başladı. Müharibə uzandıqca və nəticə əldə edilməyincə narazılıqlar çoxalacaqdır. Daxildə də əvvəlki konsensus yoxdur. Birinci Zelenskidən onun əsas təbliğatçısı Arestoviç qopdu. Arestoviç artıq gələn prezident seçkiləri üçün namizəd olaraq özünə qərargah toplamağa başlayıb. Düzdür, onun Ukraynanın gələcək prezidenti olacağını düşünmürəm. Sonra yavaş-yavaş müxalifətin əsas liderləri keçmiş prezident Poroşenko və Kiyevin meri Kliçko danışmağa başladı. Poroşenko-Kliçko birliyindən danışılmağa başlanıldı. İndi də prezident Zelenski ilə silahlı qüvvələrin baş komandanı Zalujnı arasında hansısa narazılıqların olduğu bildirilir. Ukraynada silahlı qüvvələrin baş komandanı prezident heç müdafiə naziri də deyil. Bu ölkədə baş komandan silahlı qüvvələrin rəhbəri sayılır. Belə bir konfiqurasiyaya malik olan Ukrayna siyasi-hərbi istibleşmentində çatlar yaranmağa başlayıb. Üstəlik Fələstin müharibəsi Ukrayna müharibəsini dünya ictimaiyyəti gözündə ikinci plana saldı. Gələn ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçılar və ələlxüsus Tramp qalib gəlsə, onda rəsmi Kiyev üçün Qərbdən dəstək almaq daha da çətinləşəcək. Tramp yenidən prezident seçiləcək halda Ukrayna - Rusiya müharibəsini bir günə dayandıracağını söyləyib. Əgər əvvəl vaxt Ukraynanın xeyrinə işləyirdisə, indi əksinədir. Müharibə uzandıqca və nəticə əldə edilməyincə Zelenski iqtidarının ətrafında halqa daralacaq. Biz bütün bunlar haqqında əvvəlcədən deyirdik, onda eyforiyada olanlar bizə qulaq asmaq istəmirdilər. Əgər Vaşinqton, London və Brüssel qəti qərara gəlsələr, Zelenski, ya da Zelenskisiz atəşkəs elan ediləcək. Zelenski buna müqavimət göstərsə, ya istefaya gedəcək, ya da sivil, ya qeyri-sivil yolla göndəriləcək. Kloun öz işini gördü, o artıq gedə bilər. Zelenski müqavimət göstərsə, onun Qərbdəki hamiləri protejeləri Saakaşvilidən betər vəziyyətə sala bilərlər. Zelenskinin üstü çizilmək üzrədir deyə düşünürəm”.
Kənan Rövşənoğlu: “Ukrayna ikinci Əfqanıstan olmadı”
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Ukraynanın danışıqlara doğru sürükləndiyini düşünür: “Ukraynada gələn il prezident seçkiləri keçirilməlidir. Doğrudur, hazırda müharibə davam etdiyi üçün seçkilər qanuna əsasən təxirə salına bilər. Hətta belə çağırışlar da olub. Lakin belə görünür ki, seçkini keçirmək istəyən qüvvələr də çox güclüdür. Son bir ayda baş verənlər, xüsusən də prezident Zelenskinin Vaşinqton səfərindən sonra Qərb mediası Vaşinqtonun Zelenskiyə Rusiya ilə danışıqlara getməyi təklif etdiyi haqda yazmağa başlayıb. Yaxın Şərqdə müharibənin alovlandırılması, ABŞ-ın Ukraynaya yardımı azaltması, respublikaçıların Ukraynaya yardıma etiraz etməsi kimi hərəkətlər bu iddiaları təsdiqləyir. Yəni Qərbin Rusiyanın sərt sanksiyalar nəticəsində zəifləyəcəyi, Ukrayna cəbhəsində ağır itkilərə məruz qalıb daxildə sosial partlayışa səbəb olacağı ilə bağlı planı gözlənilən effekti vermədi. Ukrayna ikinci Əfqanıstan olmadı. Üstəlik İsrail-Fələstin münaqişəsi dünyanın diqqətini başqa yönə çəkdi. Ona görə də Ukrayna hakimiyyətini tədricən Rusiya ilə danışıqlara Vadar edilməsi gündəmə gəlir. Güman ki, danışıqlar gələnilki seçkilərdən sonra qurulacaq yeni hökumət tərəfindən aparılacaq. Hazırda Ukraynada prezident administrasiyasının rəhbəri Yermak və ordu komandanı Zalujnı ölkənin gələcək lideri postuna ən iddialı namizədlər sırasındadır. Ancaq sürpriz adlar da ola bilər”.
Asif Nərimanlı: “Zelenskinin iki yolu qalır, ya danışıqlara və güzəştlərə getməlidir, ya da...”
Siyasi analitik Asif Nərimanlı Ukrayna rəhbərinin iki yolunun qaldığını qeyd etdi: “Bütün müharibələr mütləq masada bitir, bu, dəyişməyən prinsipdir. Ukrayna müharibəsi də belə olacaq, hansı tərəfin üstünlük əldə etməsindən asılı olmayaraq, sonda danışıqlara gedəcəklər. Hazırda Ukraynanın istəyinə nail ola bilmədiyi görünür, o cümlədən, Qərbdə məsələni bitimək istəyirlər. İndiki şərtlərdə bu Ukraynaya sərf etmir, amma prosesin uzanması hə iqtisadi, həm də siyasi baxımdan Qərb cəbhəsinə sərf etmədiyi görünür. Bunun onlarla səbəbini sadalamaq olar, lakin iki məqam hazırda həlledici amil daşıyır. Birincisi, Qəzzada davam edən müharibədir, istisna deyil ki, müharibənin arealı genişlənə bilər. Qərb iki cəbhədə döyüşmək istəmir. İkincisi, ABŞ-da 2024-cü ildə prezident seçkilərinin keçirilməsidir. Vaşinqton seçkiyə qədər Ukrayna müharibəsində konkret nəticə əldə etmədiyi görünür. Zelenskinin güzəştə getməsi və Rusiya ilə danışıqlara başlaması üçün təzyiqlərə məruz qaldığına dair məlumatlar var. Son dövrlər Qərb mediasında bütün uğursuzluqların Zelenskinin üzərinə yüklənməsi istiqamətində kampaniya xarakteri daşıyan təbliğat aparılır. Bu halda Zelenskinin iki yolu qalır, ya danışıqlara və güzəştlərə getməlidir, ya da postundan uzaqlaşmalıdır. Zelenski heç bir seçim etmir və döyüşməyə davam etmək niyyətindədir. Fikrimcə, Qərb cəbhəsi Rusiya ilə masaya əyləşmək qərarını konkretlərşdirəndən sonra Zelenskiyə təzyiqləri artıracaq. Əks təqdirdə, onun devrilməsi də gündəmdədir. Zelenski və Zalujni arasında baş verən qarşıdurmanın da bu prosesin tərkib hissəsi olduğunu düşünürəm”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ