İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus bölməsində məktəb seçimi sərbəstləşdi: yeni model, yeni risklər...

Dəyişiklik rus dilində təhsilə necə təsir edəcək? - iki mütəxəssisdən fərqli mövqe

İyulun 17-də ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunur ki, dünəndən etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv edilir. Həmin tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Sərbəst seçim nə deməkdir və hansı zərurətdən doğub? Dəyişiklik rus dilində təhsilə necə təsir edəcək? 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, rus bölməsi üzrə məktəb seçimi əvvəllər müəyyən ərazilər üzrə prioritet prinsipi əsasında həyata keçirilirdi: "Bu ərazilərə Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri daxil idi. Lakin artıq qərar verilib ki, valideynlər məktəb və müəllim seçimində sərbəst davrana bilsinlər.

Sərbəst seçim dedikdə, məsələn, hansısa vətəndaşın rəsmi qeydiyyatı bir rayonda olsa da, faktiki olaraq Abşeronda yaşayırsa, o, bu rayonda yerləşən məktəbi seçə bilər. Əvvəllər belə hallarda tələb olunurdu ki, həmin şəxsin qeydiyyatı da məhz o ərazidə olsun. Eyni zamanda əvvəlki qaydalara əsasən, övladını yazdırmaq istədiyi məktəbdə valideynin işləməsi, yaxud uşağın bacısı və ya qardaşının həmin məktəbdə oxuması nəzərə alınırdı. İndi isə bu kimi meyarlar əsas götürülməyəcək və seçim tam sərbəst şəkildə aparılacaq.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

 Elçin Əfəndi

Sərbəst seçim zamanı əgər hər hansı məktəbin rus bölməsi üzrə 50 yer ayrılıbsa, 51-ci şəxs artıq qəbul olunmayacaq. Burada seçim yalnız müvafiq müsabiqə mərhələsini uğurla keçmiş və şərtləri ödəyən şagirdlər üçün mümkün olacaq. Ümumilikdə, bu dəyişikliklərə ehtiyac müraciət edənlərin sayının çoxluğu ilə bağlı yaranıb. Tənzimləmə baxımından sərbəst seçimə üstünlük verilməsi daha məqsədəuyğun hesab olunub".

Bu dəyişikliklərin rus dili bölməsinə təsiri məsələsinə gəlincə, ekspert əlavə edib ki, rus dili ilə bağlı əvvəlki qaydalar olduğu kimi qalır: “Biz dəfələrlə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək tövsiyə etmişik ki, övladlarını bacardıqları qədər Azərbaycan bölməsində təhsil almağa yönəltsinlər. Çünki bu, gələcəkdə onların təhsil göstəricilərinə müsbət təsir edir. Təəssüf ki, müşahidələr göstərir ki, rus bölməsi üzrə nəticələr Azərbaycan bölməsi ilə müqayisədə o qədər də qənaətbəxş deyil. Digər tərəfdən, bu, dövlətin təhsil siyasəti ilə də bağlıdır. Ona görə də vətəndaşlarımızın Azərbaycan bölməsini seçməsi daha məqsədəuyğun olardı”.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Rus bölməsi üzrə I sinfə qəbulda "prioritetli məktəb seçimi" sisteminin ləğvi və sərbəst seçim prinsipinə keçid köklü dəyişiklikdir və bir neçə mühüm zərurətdən doğub. Əvvəllər sistem uşağın qeydiyyatda olduğu ünvana əsasən yalnız yaxınlıqdakı (prioritet) məktəblərdə təhsil almağı mümkün edirdisə, indi valideynlər Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində məhdudiyyətsiz şəkildə istənilən məktəbi və müəllimi seçmək hüququ qazanıblar. Bu addım rəsmi olaraq təhsil imkanlarına çıxışda bərabərliyi artırmaq, inzibati maneələri aradan qaldırmaq və ailələrin seçim azadlığını genişləndirmək məqsədi daşıyır.

Əvvəlki sistemin əsas çatışmazlığı ondan ibarət idi ki, rus bölməsində oxumaq istəyən uşaqlar qeydiyyatda olduqları ünvan əsasında yalnız bir və ya bir neçə məktəbdə yer ala bilirdilər. Bu isə yüksək keyfiyyətli müəllim heyəti olan məktəblərin çox yüklənməsinə, bəzi valideynlərin isə qeyri-rəsmi yollarla ünvan dəyişməsinə və qeydiyyat manipulyasiyalarına səbəb olurdu. Bu halların qarşısını almaq və şəffaflığı artırmaq üçün sərbəst seçim mexanizminə keçid təzyiq nəticəsində deyil, idarəetmədə rasional və ehtiyacdan doğan addım kimi qiymətləndirilə bilər".

Ekspert əlavə edib ki, bu dəyişiklik bir tərəfdən valideyn məmnuniyyətini artırmaq, digər tərəfdən isə məktəblər arasında sağlam rəqabət mühiti yaratmaq potensialına malikdir: “Artıq məktəblər və müəllimlər valideynlərin seçim hədəfinə çevriləcək, bu da öz növbəsində müəllimlərin peşəkarlıq səviyyəsini yüksəltmək, məktəb rəhbərlərinin tədris keyfiyyətinə daha ciddi yanaşmasına səbəb ola bilər. Sistem daha çox tələbə yönümlü və açıq bazar prinsipi ilə işləyəcək.

Lakin bu dəyişiklik rus dilində təhsilin ümumi vəziyyətinə də müəyyən təsirlər göstərə bilər. Bir tərəfdən bu, rus bölməsinə marağın daha da artmasına səbəb ola bilər. Çünki artıq valideynlər sevdikləri, tanınmış müəllimlərin dərs dediyi məktəbi seçə bilirlər. Digər tərəfdən, yüksək nüfuzlu məktəblərdə sıxlıq arta, yer çatışmazlığı və inzibati gərginlik yarana bilər. Bu isə sistemin inzibati idarəetmə resurslarına əlavə təzyiqdir.

Ən ciddi risk isə keyfiyyətsiz və hazırlıqsız məktəblərin şagird qıtlığı ilə üzləşməsi ola bilər. Əgər valideynlər əsasən 5-10 məktəbə yönələcəksə, digər məktəblərdə rus bölməsi üzrə qruplar formalaşmaya bilər və bu, təhsil imkanlarında yeni növ bölgü formalaşdıra bilər. Belə vəziyyətdə məktəblər arasında təhsil səviyyəsinə görə təbəqələşmə dərinləşəcək.

Dünya təcrübəsində sərbəst məktəb seçimi modeli bir çox Skandinaviya və Baltikyanı ölkələrdə tətbiq olunur. Məsələn, Estoniyada valideynlər istənilən məktəbi seçməkdə azaddırlar, lakin məktəblər də öz qaydalarına uyğun seçim edir və sistem ciddi monitorinq və şəffaflıqla müşayiət olunur. Azərbaycanda isə bu addımın uğurlu olması üçün monitorinq mexanizmləri, sosial balansı qoruyacaq tənzimləyicilər və yerlərin ədalətli bölgüsü üzrə mexanizmlər paralel şəkildə işləməlidir. Müsbət tərəf ondan ibarətdir ki, artıq valideynlərin ünvan qeydiyyatına görə hüquqları məhdudlaşdırılmır, bu da təhsil sistemində şəffaflıq və seçim azadlığı prinsipini gücləndirir. Lakin Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu prosesi yalnız texniki dəyişiklik kimi yox, sistemli islahatın başlanğıcı kimi görməlidir. Əks halda, bu “sərbəstlik” bərabərliyi deyil, bölgüləri və ayrı-seçkiliyi daha da artıracaq.

Təəssüf ki, bu sahədə maarifləndirmə işi zəif aparılır, valideynlər üçün seçim meyarları, müəllimlərin keyfiyyət göstəriciləri, məktəblərin tədris nəticələri barədə real, ictimaiyyətə açıq informasiya bazası mövcud deyil. Elm və Təhsil Nazirliyi bu istiqamətdə planlı işləmədiyi, proqnozlaşdırma və nəzarət mexanizmlərini formalaşdırmadığı üçün dəyişikliklər nəticə yox, sadəcə, prosedur dəyişikliyi kimi qalır. Prosesin uğuru üçün analitik hesabatlar, ictimai rəy sorğuları və dəqiq statistikalarla dəstəklənmiş idarəetmə mexanizmləri qurulmalıdır. Əks halda, bu sərbəstlik keyfiyyətə yox, qarışıqlığa səbəb olacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR