Onlayn ictimai-siyasi qəzet
Rusiya yaxın həftələrdə Ukraynaya genişmiqyaslı yay hücumuna keçə bilər
Rusiya yaxın günlər və ya həftələrdə Ukraynaya genişmiqyaslı yay hücumuna keçə bilər. Bu barədə CNN-də çap olunan məqalədə deyilir. Bildirilib ki, Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşdirdiyini xəbər verib.
Yazıda vurğulanır ki, Rusiya ordusu Kupyansk, Pokrovsk və Kostantinovka bölgələrində mühüm irəliləyişlər əldə edərək Ukrayna qoşunlarını pis vəziyyətdə qoyub. O da bildirilib ki, vəziyyət belə davam etsə, Ukrayna ordusunun şərq cinahında 3 mühüm dayaq nöqtəsi itirilə bilər: “Rusiya son 72 saat ərzində Pokrovskun şimal-şərqində yerləşən Rodinske qəsəbəsinə yaxınlaşıb. Eyni zamanda Pokrovskun qərb hissəsində də rus qoşunları irəliləyiş əldə edərək Udaçne kəndini mühasirəyə almağa çalışır ki, bu da Pokrovskdakı Ukrayna qoşunlarına logistik təminatın qarşısına almaqda ruslara daha çox imkan verəcək”.
Analitiklər Trampın Rusiyaya verdiyi 50 günlük möhlətin Putinin işinə yaradığı fikrindədirlər. Onların hesablamalarına görə, 50 gün Rusiyanın alternativ planlar qurması üçün Putinə kifayət edəcək və Vaşinqtona qarşı diplomatik hiylədən istifadə edərək ABŞ-ı qabaqlayacaq. Şərhçilərin fikrincə, Trampın Rusiyaya verdiyi 50 günlük möhlət həm də Ukraynanın çətinliklərini artırır.
Belədirmi? Qarşıdakı həftələrdə Ukrayna cəbhəsində kardinal dönüş mümkünmü?
Rövşən Məhərrəmli
Hərbi ekspert Rövşən Məhərrəmli “Yeni Müsavat”a deyib ki, Rusiya Prezidenti Vladimir Putin bu zaman aralığında həm cəbhədə irəliləməyə, həm də Ukraynanın siyasi-müdafiə resurslarını tükətməyə çalışacaq. Ekspertin sözlərinə görə, Trampın “24 saatda müharibəni dayandıracağam” tipli çıxışları təkcə Kremlin təbliğatı üçün deyil, eyni zamanda Qərb koalisiyasında çatlar yaratmaq üçün psixoloji təzyiq alətinə çevrilib: “Bu cür bəyanatlar Qərbdə bəzi dairələrdə artıq "Ukrayna nə qədər davam gətirə bilər?" sualını aktuallaşdırır. Əgər Ukrayna Pokrovsk kimi strateji əraziləri itirərsə, bu, həm də Qərbin ictimai rəyində "Ukrayna müharibəni uduzur" təsəvvürünü gücləndirə bilər. Rusiya bu təəssüratı yaratmaq üçün həm cəbhədə, həm də informasiya müstəvisində ciddi manevrlər edir”.
Rövşən Məhərrəmlinin fikrincə, hazırda Ukrayna ordusunun əsas problemi silah-sursat çatışmazlığı və hava üstünlüyünün olmamasıdır. Bu isə Rusiyanın artilleriya və pilotsuz uçuş aparatları ilə təzyiqini gücləndirməsinə imkan verir: “F-16-lar, HIMARS sistemləri və uzaqmənzilli raketlərin çatdırılması yubanır. Bu gecikmələr nəticəsində Ukrayna ordusu taktiki müdafiədən strateji geriçəkilmə vəziyyətinə düşə bilər. Rusiya isə bunu çox yaxşı anlayır və seçkiyə qədər nə qədər çox torpaq ələ keçirərsə, bir o qədər diplomatik üstünlük əldə edəcəyini hesablayır”.
Ekspert hesab edir ki, avqust-sentyabr aylarında Rusiya ordusu Dneprə qədər irəliləməyi planlaşdıra bilər. Əgər bu baş tutarsa, Kiyevin müdafiə xətləri tamamilə yenidən qurulmalıdır: “Əgər Rusiya Dneprə qədər gəlib çıxsa, bu, Ukraynanın təkcə hərbi baxımdan deyil, həm də iqtisadi və logistik cəhətdən ağır vəziyyətə düşməsi deməkdir. Dnepr çayının qərb sahilində yerləşən şəhərlərin müdafiəsi daha çətin olacaq, bu isə Kiyevin nəqliyyat, ərzaq və hərbi təminatında ciddi problemlər yarada bilər”. Sonda Rövşən Məhərrəmli qeyd edir ki, bu savaş artıq yalnız Ukrayna üçün deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün dönüş nöqtəsinə çevrilir: “Əgər Rusiya yay aylarında strateji üstünlüyü tam ələ keçirsə, bu, Baltikyanı ölkələrdən tutmuş, Polşaya qədər olan xəttə yeni hərbi balansın qurulmasına səbəb olacaq. Ona görə də Qərbin reaksiya sürəti indi heç vaxt olmadığı qədər önəmlidir”. Rusiya Silahlı Qüvvələrinin 160 minlik canlı qüvvə ilə yay aylarında genişmiqyaslı hücuma keçmək planı artıq mərhələli şəkildə reallaşır:
“Son məlumatlara görə, Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk və ətraf rayonlarında mövqe üstünlüyü əldə edib. Rodinske və Udaçne kimi ərazilərin mühasirəyə alınması cəbhədəki Ukrayna birləşmələrinin logistik təminatını çətinləşdirir. Bu isə hücumun davamlı olması üçün mühüm taktiki nəticə deməkdir”.
Ekspertin fikrincə, Trampın “24 saatda müharibəni dayandıracağam” tipli bəyanatları Kremlin informasiya təbliğatı üçün ciddi resurs təşkil edir: “Trampın bu ritorikası ABŞ-dakı siyasi institutlarda qeyri-müəyyənlik yaradır. Bu isə Vaşinqtonun Ukraynaya hərbi yardımında texniki və bürokratik yavaşlama ilə nəticələnir. Putin bu boşluqdan istifadə edərək avqust-sentyabr aylarında operativ nəticə əldə etməyə çalışacaq”.
Hərbi ekspert bildirir ki, Ukraynanın şərq cəbhəsində strateji nöqtələrin itirilməsi, xüsusilə Pokrovskun təcrid olunması yaxın həftələrdə daha geniş miqyaslı geriçəkilməyə səbəb ola bilər: “Əgər Qərb 2024-cü ilin axırına qədər Ukraynaya F-16-lar, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər verməzsə, Rusiya növbəti mərhələdə Dnepr çayına qədər irəliləməyi planlaya bilər. Bu isə artıq müharibənin tam yeni fazaya keçməsi deməkdir”.
Ekspert əlavə edir ki, hazırda Ukraynanın mövqeyi daha çox diplomatik dəstəkdən asılıdır.
E.MƏMMƏDƏLİYEV
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ