İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycana qarşı sanksiya tətbiqini istəyir - sensasion iddia

Tofiq Zülfüqarov deyib ki, Moskva vasitəçilərlə qaz sövdələşməsini pozmağa, ölkəmizə qarşı sanksiyalarda maraqlıdır

Rusiya qazının Avropaya nəqli ilə bağlı yaranmış məlum problem Azərbaycan qazına olan tələbatı artırıb. Cari il Avropaya 10,5 mlrd. kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulurdu. SOCAR-dan  verilən məlumata görə, qeyd olunan göstərici 2021-ci illə müqayisədə təqribən 30% çoxdur. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirir. Qeyd edək ki, bu ilin I rübündə Azərbaycandan Avropaya 2,6 mlrd. kubmetr qaz ixrac edilib.

Azərbaycan qazı Avropaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. Avropa İttifaqının  məsul şəxsləri Bakıya gələrək açıq şəkildə bəyan edirlər ki, Azərbaycandan neft və qaz ixracını artırmaq niyyətindədirlər. Hazırda Rusiyanın enerjidaşıyıcılarının ixracı ciddi sanksiyalar altındadır. Yaxınlaşmaqda olan qış Avropa üçün ciddi sınaq olacaq. Moskvanın strateji məqsədi ondan ibarətdir ki, Ukraynada bütün gücü ilə Rusiyaya qarşı vuruşan Avropa Birliyini və NATO-nun müqavimətini zəiflətsin, orada yanacaq böhranı baş qaldırsın. Rusiya Bakının enerji siyasətinə qarışmadığını göstərməyə çalışır. Prezident İlham Əliyev  hələ Ukrayna müharibəsindən əvvəl də dəfələrlə bəyan edib ki, Azərbaycan Avropanın qaz bazarında Rusiya ilə rəqabətə girmək niyyətində deyil. Prezident bəyan edib ki, Avropanın qaz bazarında Rusiya ilə rəqabət etmək heç vaxt fikrimizdə belə olmayıb, çünki tədarük həcmləri müqayisəyə gəlmir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, Moskva birbaşa deyil, vasitəçilərlə Azərbaycanın qaz sövdələşməsini pozmağa, ölkəmizə qarşı sanksiyaların tətbiqində maraqlıdır. T.Zülfüqarova görə, Azərbaycana qarşı sanksiyalar tətbiq olunmaq istəyinin gerçəkləşməsi üçün məhz hazırda Qarabağa göndərilmiş Vardanyandan istifadə olunur. “ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi rəsmi Bakıya qarşı sanksiyalardan danışanda, yaxud bu məsələ Avropa Parlamentində müzakirə olunanda yaxşı başa düşürük ki, bunun arxasında Kreml dayanır. Ermənistan teleqram-kanallarının yazdığına görə,  Pelosinin Ermənistana qeyri-rəsmi səfəri məhz Vardanyan tərəfindən maliyyələşdirilib. Məlumatlara görə,  bütün bu proseslərin maliyyələşməsində Vardanyanla yanaşı Putinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın böyük rolu olub. Yəni burada Kremlin marağı çox açıq şəkildə özünü büruzə verir.  Çünki Pelosinin səfərinin təşkilində əsas məqsədlərdən biri də Azərbaycanın Rusiya qazına alternativ olaraq Avropaya qaz nəqlinə sanksiyalar tətbiq edilməsinə nail olmaq idi. Və sözsüz ki, həmin sanksiyalardan qazanan Putin və Rusiya dövləti ola bilər”,- deyə keçmiş xarici işlər naziri vurğulayıb.

Yada salaq ki, ötən həftə Avropa Parlamentində qurumun vitse-prezidenti, beynəlxalq əlaqələr üzrə ali komissar Cozep Borrell deyib ki, Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar, o cümlədən qaz müqaviləsinin ləğvi və ya dondurulması məsələsini nəzərdən keçirmir.

“Azərbaycan bizə həqiqətən də yanacaq verir, daha doğrusu, satır - milyardlarla kubmetr qaz və bu il imzalanmış saziş sayəsində biz həcmləri əhəmiyyətli dərəcədə artıracağıq - 8-12 milyard kubmetr. Bu addım bu qış avropalıların çox ehtiyac duyduğu enerji resurslarını əldə etmək imkanı verəcək”, - Borrell bildirib.

Rusiya Azərbaycan qazının Avropaya ixracının artırılmasından narahatdırmı, bunu əngəlləmək üçün hansı təsir mexanizmləri var? Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün bu cür mürəkkəb gedişdən istifadəyə ehtiyac varmı?

Fikrət Yusifov: Qlobal iqtisadi böhran - Azərbaycana təhlükə varmı?

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın enerji resurslarının ixracı gündəmə gəldiyi müstəqilliyimizin ilk illərindən Gürcüstan istisna olmaqla, digər bütün qonşularımız bunu qısqanclıqla qarşılayıblar: "Heç şübhə etmirəm ki, Gürcüstan onun ərazisi üzərindən ixrac etdiyimiz neft və qazın nəqlində yetərincə maraqları olmasaydı onu da bu qısqancların sırasında görə bilərdik. Azərbaycanın enerji resurslarının Qərbə ixracına daha çox qısqanclıq göstərən tərəf həmişə Rusiya olub. Bu, danılmaz faktdır. Əsrin müqaviləsinin imzalanması, Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması dönəmlərində Azərbaycanda törədilən təxribatlar və onları kimin törətdiyi yaddaşlarımızdan silinməyib. Bu gün Ukraynada qəddarlığı ilə seçilən işğalçı  müharibə aparan Rusiya "biz Ukrayna xalqını faşizmdən xilas edirik" demirmi? Rusiyanın xarici siyasəti və xüsusilə da onun qonşu ölkələrə qarşı yürütdüyü siyasət çirkinliyi ilə həmişə seçilib".

F.Yusifov qeyd etdi ki, Azərbaycan hökuməti bu layihələrin  reallaşdırılması prosesində bizə qarşı açıq və örtülü şəkildə edilən bütün basqılara davam gətirdi və özünün enerji strategiyasını düşündüyü kimi  reallaşdıra bildi. Bu gün bu istiqamətdə Prezident İlham Əliyevin səyləri davam edir və çox ciddi nəticələr ortadadır: “Yaranmış durumda böyük enerji resursları olan qonşu ölkələrlə, xüsusilə böyük qaz ehtiyatları olan Türkmənistanla qazın Azərbaycan üzərindən Avropaya nəqli üzərində ciddi işlərin aparılacağı şübhəsizdir. Bu, mütləq olmalıdır. Çünki Qərbin Rusiya "xəmiri" hələ çox su aparacaq.  Rusiyada hakimiyyət dəyişikliyi baş versə belə, Rusiyanın bir dövlət kimi xarici siyasətinin mahiyyəti dəyişməyəcək. Hətta bu ölkədə ən böyük demokratlar hakimiyyətə gələrlərsə, yenə də Rusiyanın Azərbaycanın enerji resurslarının Qərbə ixracına göstərdiyi qısqanclıq aradan qalxmayacaq. Biz bunu yaddan çıxartmamalıyıq. Odur ki, Rusiyanın Azərbaycan qazının Avropaya ixracına maneə yaranmasında, bu maneələrdən biri kimi hansısa sanksiyaların meydana gəlməsində maraqlı olması barədə deyilənlər inandırıcıdır, doğrudur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR