Onlayn ictimai-siyasi qəzet
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib.
Məhkəmədə onun istintaq ifadəsi elan edilib.
Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: “Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli “Niva” markalı avtomobilə minərək uzaqlaşdı".
Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: “Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu”.
“Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ