İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəhman Rəhmanovdan ürəkağrıdan sözlər: "Həkim dedi ki..." - VİDEO

Əməkdar artist Rəhman Rəhmanov sentyabrın 19-u qəfil dünyasını dəyişən müğənni oğlu Emil Rəhmanoğlunun ölümündən ilk dəfə söz açıb.

Musavat.com bizim media-ya istinadla xəbər verir ki, sənətkar "Bizimləsən" ictimai-sosial verilişinə müsahibəsində bildirib ki, Emil xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi günün səhərisi həkim onlara övladının cəmi iki saat yaşaya biləcəyini deyib.

"Emil tək evdən yox, eldən getdi. Gecə saat 02:00 idi, həyat yoldaşım yuxudan oyatdı məni. Dedi ki, "qorxma oğlun Emilin vəziyyəti pisləşib".

Emilin huşu özündə olmayıb. Əvvəlcə məni tanımadı. Öpüb, qucaqladım, baxdı, amma yenə məni tanımadı, sifəti çöndü. Səhər saat 09:00-a kimi xəstəxananın reanimasiya şöbəsində qaldıq. Səhər həkim gəlib söylədi ki, "Siz kişisiniz, mən də kişi. Kişi kişiyə söz deyər. Amma siz özünüzü bir az sıxın, narahat olmayın". Soruşdum ki, axı nə olub? Həkim cavabında dedi ki, "oğlunuzun iki saat vaxtı qalıb. Emil, bu dünyanı tərk edir".
Ətraflı

Təəccüb içində dedim ki, həkim axı siz nə danışırsız. Biz Emili bura gətirmişik ki, siz onu müalicə edəsiniz. Həkim başa saldı ki, böyrəklər fəaliyyətini itirib, baldır nahiyyəsində qan damarda tromb yaradıb. Beləcə ağ və qara ciyərlərin də fəaliyyəti dayanıb və ürəyi aparata qoşublar. Həkim necə demişdi elə də oldu. Yəni iki saat sonra 11:00-da Emil dünyasını dəyişdi", - deyə aktyor vurğulayıb.

R.Rəhmanoğlu həmçinin müsahibəsində əlavə edib ki, Emil ölümüdən bir ay əvvəl ona vəfat etsə qardaşı İlhamın yanında dəfn edilməsini deyib: "İnsanın ölməyi onun ürəyinə əvvəlcədən damır. Mən məzuniyyətdə idim, ürəyim isə Emilin yanında idi. Dedim buna nə isə olacaq. Hər an Emilin həyat yoldaşı Sabrina xanımdan zəng gözləyirdim. Bir ay əvvəl isə Emil mənə söylədi ki, "ata, məni qardaşım İlhamın məzarının üstünə apar". Mən, həyat yoldaşım, oğlum Emil və onun xanımı Sabrina yollandıq qəbiristanlığa. Emil qardaşının məzarı üstə dayanıb, hönkür-gönkür ağladı. Dedi ki, "ata, mən ölsəm, məni qardaşım İlhamın yanında dəfn et". Bu isə Emilin son vəsiyyəti idi".

Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR