Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın gömrük tariflərinə əsaslanan iqtisadi siyasəti bu dəfə gözlənilməz yerdən tənqidlə qarşılanıb – Tesla-nın İdarə Heyəti üzvü, məşhur milyarder İlon Maskın qardaşı Kimbal Mask Trampı “son nəsillərin ən yüksək vergi tətbiq edən prezidenti” adlandırıb.
Musavat.com xəbər verir ki, Kimbal Mask bu fikirləri X sosial platformasında yazıb:
“Kim düşünərdi ki, Tramp əslində son nəsillərin ən yüksək vergili Amerika prezidenti olacaq? O, tarif siyasəti ilə ABŞ istehlakçısına qarşı strukturlaşdırılmış, daimi bir vergi tətbiq etdi.”
İlonun qardaşının fikrincə, Trampın məqsədi ABŞ-a iş yerlərini geri qaytarmaq olsa belə, bu, qiymətləri aşağı salmayacaq və istehlakçılar onsuz da bahalı məhsullarla “gizli vergi” ödəyəcəklər:
“Təsəvvür edək ki, iş yerləri geri qaytarıldı. Amma biz hələ də bütün məhsulları istehsal etməkdə bu qədər yaxşı deyilik. Yəni qiymətlər yüksək qalacaq, vergi isə dolayısı ilə davam edəcək.”
NBC News-un yazdığına görə, Kimbal Mask demokrat kimi qeydiyyatdan keçmiş siyasət tərəfdarıdır, bu isə onu məşhur qardaşı İlon Maskın son illərdə Trampa yaxınlaşan siyasi duruşundan fərqləndirir.
Xatırladaq ki, Kimbal və İlon Mask 1990-cı illərdə texnoloji “Zip2” startapını birlikdə qurmuş və biznes karyeralarının əsasını qoymuşdular. Bu gün isə görünür, Trampın siyasəti Mask ailəsində sərt qarşıdurma yaradıb.
Musavat.com xəbər verir ki, bu tənqidlər fonunda Tramp tərəfdarlarının Kimbal Maskı hədəfə alması istisna edilmir.
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ