Onlayn ictimai-siyasi qəzet
İnsanlıq tarixində ən dağıdıcı dövr müəyyən edilib. Məlum olub ki, eramızın 536-cı ili bəşəriyyətin ən ağır ili olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Harvard Universitetinin alimlərinin "Science" jurnalında dərc olunan məqalələrində bildirilir.
Tədqiqatın nəticələri göstərib ki, məhz 536-cı ildə Avropa və Asiyanı əhatə edən qlobal iqlim anomaliyaları və fəlakətlər genişmiqyaslı sosial və tarixi sarsıntıların tətikləyicisi olub.
Alimlərin sözlərinə görə, 18 ay ərzində geniş ərazilər Günəş işığını demək olar ki, tamamilə bloklayan qalın dumana bürünüb. Tədqiqatçılar hesablayıblar ki, o dövrün gündüz işıqlanması ay parlaqlığından artıq olmayıb. Bu, orta temperaturun 2.5 dərəcə düşməsinə səbəb olub. Kəskin soyuqlaşma məhsul qıtlığına və kənd təsərrüfatının çökməsinə, ardınca da kütləvi aclığa gətirib çıxarıb.
Qrenlandiyadan götürülmüş buz nümunələrinin təhlili zamanı əldə edilmiş iqlim məlumatları atmosferdə kükürdün yüksək konsentrasiyasını aşkar edib. Bu, 536-cı ildə böyük miqyaslı vulkan püskürməsinin baş verdiyini göstərir. Alimlərin ehtimalına görə, Yer kürəsinin şimalında güclü vulkan stratosferə böyük miqdarda kül və kükürd turşusu atıb ki, bu da qlobal qaranlığın səbəbi olub.
Ekoloji və ərzaq fəlakəti tarixdə qeydə alınmış ilk pandemiyalardan biri olan Yustinian taununun yayılması ilə müşayiət olunub. Xəstəlik o zaman demək olar ki, bütün dünyaya yayılıb və tarixçilərin qiymətləndirmələrinə görə, 50 milyon insanın - o dövrün əhalisinin təxminən yarısının həyatına son qoyub.
539-cu ildə İslandiya vulkanları da aktivləşib, onları 540 və 547-ci illərdə yeni fəlakətli püskürmələr izləyib. Zəlzələlər, daşqınlar və uzunmüddətli epidemiyalar bütöv sivilizasiyaların dayanıqlığını sarsıdıb.
Bəzi tarixçilər hesab edirlər ki, məhz bu fəlakətlər kaskadı Qərbi Roma imperiyasının süqutunun və Avropanın Orta əsrlər dövrünə keçməsinin səbəblərindən biri olub.
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ