Onlayn ictimai-siyasi qəzet
Tacikistan prezidenti Emomali Rahmon Daxili İşlər Nazirliyindən vətəndaşları sosial şəbəkələrdə bəyənmələrə görə təqib etməyi dayandırmağı tələb edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Düşənbədə yüksək ixtisaslı hərbi kadrların hazırlanması üzrə dövlət müəssisəsinin açılış mərasimində bildirilib.
“Son vaxtlar dövlət orqanları sosial şəbəkələrdə bəzi vətəndaşların yayılan materialları və videoları bəyənməsi faktını sübut kimi götürür, nəticədə həmin şəxslər çətinliklərlə üzləşirlər. Başqa sözlə, bəzi orqanlar əsassız olaraq onlara qarşı cinayət işi qaldırır. Bu hərəkətlərə son qoyulmalıdır”, - Emoməli Rəhmon bildirib.
“Fərqanə” portalı yazır ki, bir neçə ildir bəyənmə ilə bağlı cinayət işləri başlanır. Məsələn, 2018-ci ilin may ayında Xatlon vilayətinin Vaxş rayonunun sakini Alijon Şaripov müxalifətdə olan Tacikistan İslam İntibah Partiyasının liderinin çıxışları olan videoların altındakı “bəyən” və “əla” düymələrinə basdığına görə 9,5 il həbs cəzası alıb.
2019-cu ilin martında Tacikistanın şimalındakı Suqd vilayətinin Pencikent şəhərində “Odnoklassniki” sosial şəbəkəsində “ekstremist” material altında “əla” variantınını seçən keçmiş imam Kori Şoxon Kosimov “etnik ədavəti qızışdırdığına görə” 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin mayında Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanc rayonunda saxlanılan Yazqulom vadisinin sakinləri arasında YouTube-da videonu bəyəndiyinə görə saxlanılan bir nəfər var.
Hələ 2019-cu ildə ekstremizmlə bağlı cinayət işləri üzrə ekspert qismində çıxış edən Tacikistan prezidenti yanında İslam Araşdırmaları Mərkəzi sosial şəbəkələrdə yazıları bəyənib paylaşan insanların məsuliyyətə cəlb edilməsi praktikasını tənqid edib. Mərkəzin rəis müavini Rüstəm Əzizi izah edib ki, sosial şəbəkələrdə “paylaş” opsiyasından istifadə, “bəyən” və ya onun analoqu “əla” əsas sübut ola bilməz. Əzizinin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri digər istifadəçilərin səhifələrinə daxil olaraq onların adından şərh yazır və nəyisə “bəyənir”.
Musavat.com
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ