İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Tağının 11 il əvvəlki sirli qətli

Ekspert: “Əgər ortada heç bir fakt yoxdursa, cinayət işinin yenilənməsinə ehtiyac olmayacaq, çünki... ”

11 il öncə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının yaxınları qətllə bağlı açılmış cinayət işinin yenilənməsini istəyib.  “AzadlıqRadiosu” xəbər verir ki, Rafiq Tağının qardaşı İlqar Tağı müvafiq qurumlara müraciət edib. O, yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını tələb edib: “İstintaqı daha dərin aparmaq lazım idi. Səthi aparıldı. Ona görə də istintaq nəticə vermədi, yaxud da nəticələri qəsdən gizlədildi. Hesab edirəm ki, Fazil Mustafaya edilən sui-qəsddən sonra Rafiq Tağının istintaqı da yenilənməlidir. Təzə istintaq qrupu müəyyənləşdirilməlidir. DTX, Baş Prokurorluq və DİN-dən ricam budur ki, Rafiq Tağının məsələsinə təzə istintaq qrupu təşkil edilərək yenidən baxılsın”.

Qeyd edək ki, R.Tağı 2011-ci ilin noyabrında işdən evə gedərkən yolda bıçaqlanıb. O, 4 gün sonra xəstəxanada vəfat edib.

R.Tağının qətli ilə bağlı başlanmış istintaq işi 2 il sonra dayandırılıb. Rəsmi izahda cinayəti törədənin müəyyən edilməməsi göstərilib. Məsələ ilə bağlı Baş Prokurorluğa edilən müraciətlər nəticəsiz olub.

Bəs cinayətin istintaqı yenilənmə müddəti nə qədərdir, açılması mümkündürmü?

Məsələ ilə bağlı Baş Prokurorluğun mövqeyini öyrənməyə çalışsaq da, çox sayda zənglərimiz cavabsız qaldı.

GÖMRÜK KOMİTƏSİNİ SAXLAMAĞA EHTİYAC YOXDUR”- Mahmud Hacıyev

Mahmud Hacıyev 

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bağlı qalmış, açılmamış cinayət işlərində müddət nəzərdə tutulmur: “Həmçinin bu cür işlərə xitam verilmir, sadəcə, dayandırılır. Burada gözləmək lazım deyil ki, kiminsə yaxını müraciət etsin. Müraciət olunubsa, daha yaxşı, yox, əgər müraciət olunmursa, ağıllı nəzarətedici prokurorlar mütəmadi  olaraq bu cür cinayət işlərini qaldırır, baxır, müstəntiqə yenidən öz tapşırıqlarını verirlər. Müstəntiq də əgər lazım gələrsə, müəyyən istintaq hərəkətləri edir və həmin bağlı qalmış cinayət hansı ərazidə baş veribsə, həmin  rayonun polis idarəsinin əməliyyatçılarına mütəmadi əməliyyat tapşırığı göndərir. Əməliyyatçı da müəyyən əməliyyat hərəkətləri edir. Bağlı qalmış cinayət işlərində müstəntiqlə əməliyyat xidməti qarşılıqlı, bir-biri ilə təmasda işləməlidir. Çünki elə əməliyyat hərəkətləri var ki, əməliyyatçı onu məxfi əməliyyat xidmətindən edir. Bunu isə müstəntiq edə bilmir. Yəni müstəntiqin Daxili İşlər Nazirliyinin (DİN) məxfi əməliyyatına çıxışı yoxdur, ona görə də bu işi əməliyyatçı edir. Çox təəssüf ki, Rafiq Tağının da qətli açılmamış cinayət işləri sırasındadır”.

Mahmud Hacıyev Rafiq Tağını şəxsən tanıdığını da vurğulayıb: “Mən onu şəxsən tanıyırdım. O, ixtisasca həkim, çox ziyalı, dəyərli, həddindən artıq savadlı adam idi, ədəbiyyatı, fəlsəfəni çox yaxşı bilirdi. Əlbəttə ki, bu cür ziyalının qətlinin üstü açılması çox sevindirici olardı. Deyim ki, praktikada 10-15 ildən sonra cinayətin üstünün açılması faktları olub. Sadəcə,  gərəkdir ki, polis daim əməliyyat-axtarış tədbirlərini davam etdirsin, müstəntiq də işi nəzarətində saxlasın”.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev

Tanınmış vəkil Əsabəli Mustafayev də qeyd etdi ki, bu cür ağır cinayətlərin istintaq işi istənilən vaxt yenilənə bilir: “Rafiq Tağının qətli ilə bağlı iş cinayətkarın müəyyən edilməməsi səbəbindən dayandırılmışdı. Əgər hər hansı  yeni fakt, məsələn, kiməsə qarşı şübhələr olarsa, bu zaman istintaq işinin yenilənməsi barədə qərar verilir və istintaq hərəkətləri aparılmağa başlayır.  Mətbuatda izlədim ki, Rafiq Tağının qətli ilə bağlı qardaşı müvafiq qurumlara müraciət edib. Həmçinin qeyd edib ki, hansısa faktları deyib, lakin istintaq onları nəzərə almayıb, bu baxımdan ola bilsin ki, cinayət işi tez bir zamanda yenilənsin. Lakin bu da ola bilər ki, bu, sadəcə, istəkdir, lakin ortada heç bir fakt, hal yoxdur, bu zaman  cinayət işinin yenilənməsinə  ehtiyac olmayacaq. Çünki yenilənəndən bir müddət sonra onun icraatı yenidən dayandırılacaq. Hər halda, bu barədə istintaqa rəhbərlik edən prokurorluq qərar qəbul edəcək”.

Vəkil hansı halda cinayət işinin yenilənməməsi faktından da danışıb: “Əgər yüngül və ya az ağır cinayətdirsə, bu zaman cəzaya cəlbetmə müddəti var, bu müddət keçdikdən sonra həmin işə xitam verilə bilər. Lakin Rafiq Tağı ilə bağlı məsələ qətl hadisəsidir və bu cinayəti törədən şəxsə hətta ömürlük həbs cəzası verilə bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR