İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quru sərhədlərin bağlı olması düzgün qərardır” - həkim

Emil Qasımov: “Dünya ölkələrində epidemioloji vəziyyəti  izləyirəm, nümunə göstəriləcək dövlətlərdən biriyik”

Dünya üzrə koronavirusa yoluxma halı təzədən vüsət almağa başlayıb. Son sutka ərzində 406 214  yeni yoluxma halı qeydə alınıb. Azərbaycanda isə günlük yoluxma 200-ə yaxınlaşıb. Virusun dünya üzrə həm də yenidən aqressivləşdiyi müşahidə edilir. Yaxın günlərdə ÜST maskadan təkrar istifadəni tövsiyə eləmişdi.

Problem barədə Prezident İlham Əliyev də bir neçə gün öncə ilin 6 ayının yekununa həsr olunmuş müşavirədə narahatlıqla danışdı.

Sitat: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir”. İlham Əliyev eyni zamanda ÜST-in xəbərdarlığını xatırladıb.

Amma hava sərhədlərimiz açıqdır. Belə görünür ki, payız üçün maska rejimi təzədən bərpa oluna bilər. Daha bir sual: təzədən distant təhsilə keçid zərurəti yarana bilərmi?

Yeri gəlmişkən, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb: “Azərbaycanda da son günlər COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur”.

Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artmaqdadır: “ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir. Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir”.

Evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda maska

Bildirilib ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır: “Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.

Səhiyyə Nazirliyi  meymunçiçəyi ilə bağlı da xəbər yayıb, qeyd edilib ki, meymun çiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb. Epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur. Testlərdən istifadəyə gəldikdə, bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir.

Emil Qasımov: “Öncəki dalğalarda bu qədər böyrək çatışmazlığı görülmürdü” -  13.08.2021, Sputnik Azərbaycan

Emil Qasımov

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Yoluxma sayı artsa da, hələ ki bizə xəstələr müraciət etmir. Böyük ehtimal, bizdə olan ”Omikron"un BA.5 variantıdır. Əvvəlki variantlara görə “Omikron”un yoluxuculuğu artıb. Bəllidir ki, bizdə yanvar-fevral ayında “Omikron” dalğası başlamışdı. Xəstəliyin ağırlaşması azalıb. Düzdür, dünyada ağırlaşan xəstələr var, amma ümumən əvvəlki variantlara görə ağırlaşma ehtimalı azalıb. Xəstələr daha çox ev şəraitində müalicə ilə sağalır. Amma bu o demək deyil ki, “Omikron” variantı heç kimdə ağır xəstəliyə çevrilmir. Əlbəttə, xəstəliyi ağır keçirən insanlar da ola bilər. Ona görə də dövlətimiz qabaqlayıcı tədbirlər etməklə çox doğru addım atır. Son 3-4 ayı müşahidə edirik, bizdə sakitlikdir. Dünya ölkələrində epidemioloji vəziyyəti  izləyirəm, nümunə göstəriləcək dövlətlərdən biriyik. İnsanlarımıza məntiqsiz görünə bilər, amma quru sərhədlərin bağlı olması düzgün qərardır. Bu işlə məşğul olan qurumlarımız tərəfindən Prezidentin başçılığı ilə pandemiya çox doğru idarə olunur. Pandemiya hələ bitməyib. Digər ölkələrin təcrübəsindən də görürük ki, quru sərhədlərin açıq olması yoluxma sayını artırır. Ağırlaşan xəstələrin sayının artmasına səbəb olur".

Həkim qeyd edib ki, hazırda əvvəlki dalğalardakı kimi müraciət edən yoxdur: “Mənim işlədiyim xəstəxanaya hələlik COVİD xəstəsi yerləşdirilməyib. Payıza doğru necə olacaq, hələ ki bilinmir. Heç kim deyə bilməz ki, payıza doğru bağlanmalar olacaq, ya yox. Burada qaydaları virus müəyyənləşdirir. Virusun xəstəlik törətmə qabiliyyəti zəifləyəcək,  ya yox, bunu da demək olmur. Doğru bildiyimiz yalnız o var ki, pandemiya hələ bitməyib. ÜST də bunu elan etməyib. Buna görə də ehtiyatlı olmalıyıq. Hazırda 6-cı dalğa yüksəlmək ərəfəsindədir. Yalnız bir tövsiyəm var ki, 60 yaşdan yuxarı insanlar  və 60 yaşdan aşağı immuniteti zəif olan insanlar - bunlar xroniki xəstəliyi olan və uzun müddət dərman içmək məcburiyyətində olan insanlardı ki, qapalı sahələrdə maska taxsınlar. Özlərini qorusunlar”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR