Onlayn ictimai-siyasi qəzet
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Rakuv"la ilk matçı üçün Polşaya yollanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Hava Limanında Sportinfo.az-a müsahibə verib.
- Açıqlamanızda "Rakuv"un digər Polşa klublarından fərqləndiyini bildirmişdiniz. Bu barədə ətraflı danışa bilərsiniz?
- Həqiqətən, çox ciddi rəqibdir. Özünə məxsus oyun üslubları var. Neçə illərdi çempionluq üçün mübarizə aparırlar. Hətta bu il buna nail oldular. Çox stabil oyun göstərirlər. İntizamlı və bərk komandadır. Çoxları düşünə bilər ki, "Rakuv" "beşli" müdafiədə çıxış etməklə daha çox müdafiədə çıxış edir. Amma qətiyyən belə deyil. Rəqib məcbur etməsə müdafiədə oturmaq düşüncələri yoxdur. Maraqlı oyun olacaq. Futbolçularım görüşə hazırdır. Daha diqqətli olmağa çalışacağıq.
- Heyətlə bağlı son durum necədir?
- Hər şeyin qaydasında olduğunu demək olar. Sadəcə Juninyo ola bilər ki, görüşü buraxsın. Böyük ehtimal onun xidmətindən istifadə etməyəcəyik. Son məşqlərdə mikrozədə almışdı. Ona görə risk etmək istəmirik.
- "Rakuv"un sürətli hücum futbolu oynamasını xüsusi qeyd etdiniz. Bu, "Qarabağ"ın ənənəvi hücum futbolundan imtina edib daha çox müdafiədən çıxış etməsinə səbəb ola bilər?
- Öz zonamızda müdafiə olunmaq düşüncəmiz yoxdur. Müdafiəni rəqib zonasında qurmaq istəyirik. Eynilə rəqib də belə oyun üslubuna üstünlük verir. Və mənim diqqətimi daha çox çəkən odur ki, "Rakuv" hücumda ola-ola müdafiə olunmağa çox böyük diqqət yetirirlər. Hər oyunçu öz yerləşdiyi zonanı yaxşı bağlaya bilir.
- Hər bir rəqibin zəif nöqtəsi var. "Rakuv"da bu nöqtəni üzə çıxara bilmisiz?
- Belə açıq məlumat verə bilməyəcəm. Onu deyə bilərəm ki, bu rəqibdə kollektiv oyun həddindən artıq yaxşı səviyyədədir.
- "Linkoln"lə birinci və ikinci matc arasında bir dəyişiklik olmuşdu. Bu dəfə "Rakuv"a qarşı hər hansı sürpriziniz varmı?
- Heyətlə bağlı çox da sürpriz etməyi xoşlamıram. Bu dəfə də ciddi bir dəyişiklik gözlənilmir.
- Qaranın "Neftçi"yə keçidini Luiş Fiqunun "Barselona"da "Real"a keçidinə bənzətmək olar?
- Açığı, heç ağlıma gəlməyib belə şeylər (gülür).
- "Qarabağ"ın Polşa səfərləri adətən futbol ictimaiyyətində ciddi narahatçılıq yaradır. Lakin hər dəfə də Polşadan parlaq qələbələrlə qayıda bilirsiniz. Növbəti belə parlaq qələbəyə ümid etmək olar?
- Biz ümidliyik. İnşallah, bacararıq. Ümumiyyətlə, Polşa klubları üzərində qələbələrimiz onları bizə qarşı daha ciddi hazırlaşmağa vadar edir. Bəzi yazılardan da oxuyuruq ki, çox ciddi hazırlaşırlar. Çox yaxşı, ciddi və maraqlı komandaya qarşı oynayacağıq.
- Polşa mətbuatında "Qarabağ" Polşa klublarının lənətinə çevrilib" - deyə bir başlıq getmişdi. Sanki rəqib cəbhədə komandanıza qarşı bir qorxu yaranıb...
- Məncə, belə fikirlərə biz diqqət ayırmamalıyıq. Bu, bizə mane ola bilər. Bu idmandır. Hər zaman istəmişəm ki, meydanda yaxşı mübarizə getsin.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ