Onlayn ictimai-siyasi qəzet
Robert Maklinin “Döyüşçü elitası” kitabında Avstraliyanın xüsusi təyinatlı qüvvələrinin başına gələn əhvalatdan bəhs edilir. Avstraliya və ABŞ arasında II dünya müharibəsindən qalma xüsusi müdafiə bağı olub. Bu münasibətlər Yaponiyanın o vaxtlar Timor adalarından işğala başlayacağına dair real təhlükə yarananda formalaşıb.
Əvvəlcə Portuqaliyadan xilas olan, sonra İndoneziyaya qarşı mübarizə aparan Timorun (hazırda Şərqi Timor) mübarizəsi zamanı ABŞ və Avstraliya sıx əməkdaşlıq edib. Maklin iddia edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi gizli şəkildə İndoneziyanın adaları arasında sualtı rabitə kabellərinə “Ivy Bells” dinləmə avadanlığı yerləşdirib. Kitaba görə, bu avadanlıq ABŞ hərbi dəniz qüvvələrinin Los-Anceles sinifli sualtı qayıqları vasitəsilə kabellərə quraşdırılıb. Əldə edilən məlumatlar Avstraliya ilə paylaşılıb və yüksək keyfiyyətli olduğu müəyyən edilib. Lakin dinləmə cihazının istifadəsi ilk hal olmayıb. Vaşinqton SSRİ-nin şərqdə yerləşən bütün sualtı danışıqlarını illər ərzində bu avadanlıqla dinləyib.
“Ivy Bells” əməliyyatı
“Ivy Bells” əməliyyatı soyuq müharibə dövründə, 1971-1981-ci illərdə ABŞ hərbi dəniz qüvvələri, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən həyata keçirilən yüksək məxfiliyi ilə seçilən missiya olub. Onun məqsədi Rusiyanın uzaq şərqindəki Oxot dənizində sovet sualtı rabitə kabellərinə gizli şəkildə qoşulmaq olub. İdeya 1970-ci ildə kapitan Ceyms Bredli tərəfindən irəli sürülüb. Petropavlovsk-Kamçatski dəniz bazasında SSRİ-nin ballistik raket daşıyan sualtı qayıqlarından ibarət donanması mövcud olub. Onun əsas işi III dünya müharibəsi vəziyyətində ABŞ-nin qərb sahilinə nüvə raketləri ilə hücum etmək olub.
Oxot dənizi, cənubda Yaponiyanın Hokkaydo adası istisna olmaqla, demək olar ki, tamamilə Rusiya ərazisi ilə əhatə olunub. ABŞ hökuməti Petropavlovsk-Kamçatskidəki sualtı qayıqları izləmək üçün bir yol axtarıb, o cümlədən yaxınlaşan müharibəyə işarə edə biləcək hər hansı fövqəladə əmrləri daha tez ələ keçirmək istəyib.
Lakin dəniz sovet donanmasının əhəmiyyətli fəaliyyətinin mövzusu idi. Gizli əməliyyat aparmaq üçün sualtı qayığın oraya nüfuz etməsi mümkün olmayıb. Kuril adalarından keçən bir neçə dərin su kanalı isə Sovet İttifaqının nəzarəti altında olub.
“Ivy Bells” əməliyyatı tam məxfi olub. Casus sualtı qayıqlar Oxot dənizinə göndərilən zaman əməliyyat SSRİ-nin səsdən sürətli gəmi əleyhinə “SS-N-12” raketlərinin qalıqlarını axtarmaq adı altında həyata keçirilib. İki milyon qalıq toplanan zaman SSRİ ABŞ-nin axtarışlarına lağ edib və istehsal etdikləri raketlərlə fəxrlə danışıblar. Amma missiyanın əsl, ən məxfi tərəfi nüvə sualtı gəmisi olan “USS Halibut”un dalğıclarının xüsusi “zəngvari” kapsulda tərk etməsi və 120 metrə qədər dərinlikdəki kabellərə səsyazma avadanlığı qoşması olub. Bu cihazlar hərbi peyklərdə istifadə edilənlərə bənzər kiçik nüvə batareyası ilə işləyib.
ABŞ hərbi dəniz qüvvələrinin sualtı qayıqları 5 düym qalınlığında kabeli dəniz səviyyəsindən təxminən 400 fut aşağıda, Rusiya sahillərindən cəmi 120 mil məsafədə tapıblar və ona qulaq asmaq üçün avadanlıq qoşublar. Bu “böcək” elə də kiçik olmayıb, uzunluğu 6 metr olub.
Amerika Birləşmiş Ştatları sovet nüvə imkanları və məhdudiyyətləri haqqında çoxlu məlumat toplayıb. Kabeldə sualtı qayıqların hərəkəti, silah sistemləri və diplomatik fəaliyyətlə bağlı hesabatlar da daxil olmaqla, əhəmiyyətli miqdarda məxfi hərbi kommunikasiyalar barədə məlumatlar ötürülüb. Onların bir çoxu isə şifrələnməyib. Bu məlumat ABŞ-yə nüvə silahlarını məhdudlaşdıran “SALT II” müqaviləsi üzrə danışıqlarda kömək edib.
Məlumatları qeydə alan cihaza müntəzəm olaraq xidmət göstərilməli olub. Xidmət üçün çoxlu sayda həyata keçirilən missiyaların heç biri SSRİ tərəfindən sezilməyib. Dinləmələr əməliyyat aşkarlanana qədər, təxminən on il davam edib. Mərkəzi Kəşfiyyat İdarəsi kabelin qoşulma nöqtəsi yaxınlığında sovet donanmasının fəallığını hiss edib və cihazı götürmək üçün “USS Parche” gəmisini göndərib. Lakin o vaxta qədər cihaz artıq sovet qoşunları tərəfindən çıxarılıb.
1981-ci ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin müflis olmuş keçmiş əməkdaşı Rusiyanın Vaşinqtondakı səfirliyinə girərək sovet hakimiyyətinə “İvi Bells” əməliyyatının təfərrüatlarını açıqlayıb. Bu, qeyd cihazının aşkarlanması və məhvi ilə nəticələnib. İkili agent Ronald Pelton daha sonra casusluqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ