Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında Torpaq Məcəlləsinə dəyişikliklər geniş müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qanun layihəsindəki konkret maddələr üzrə çıxış edib:
“Mən bu qanunun 9-cu maddəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. 9-cu maddənin 3-cü hissəsində bildirilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın, qurumun müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Mən əvvəllər də bu məsələyə toxunmuşdum ki, biz bir çox hallarda qanunları qəbul edərkən həmin qanunları hüquqi ekspertizadan keçirmirik və bir araşdırma aparılmır ki, sonradan bu norma qanunun sui-istifadəyə məruz qalmasına yol açacaq, yoxsa yox?”
Q.Həsənquliyev əlavə edib ki, edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanına geniş miqyasda diskresion səlahiyyətlər, yəni öz mülahizələrinə görə tətbiq edəcəyi səlahiyyətlər, həm də dispozitiv imkanlar yaradır:
“Biz qanunun özündə nəzərdə tutmalıyıq ki, hansı hallarda torpaqların kateqoriyaları dəyişdirilə bilər və müvafiq icra hakimiyyəti orqanına öz mülahizələrinə görə qərar qəbul etmək üçün bu qədər geniş səlahiyyətlər verilməməlidir. Normativ hüquqi aktlar haqqında qanunun 64-cü maddəsində qeyd olunur ki, dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə halları hansılardır. Burada birinci qeyd olunur ki, diskresion səlahiyyətlərin geniş olması. İkinci, səlahiyyətlərin dispozitiv imkan kimi müəyyənləşdirilməsi. 64.1.9-cu bənddə isə qeyd olunur ki, qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması. Biz burada bu imkanı veririk ki, yəni müvafiq icra hakimiyyəti orqanı özünün normativ hüquqi aktı ilə bizim qanunda yaratdığımız boşluğu aradan qaldırılması.
Bundan başqa, 64-cü maddənin 7-ci hissəsində qeyd olunur ki, hüquqi və fiziki şəxslərin hüquqlarının dəqiq nizamlanmaması yolu ilə diskresion səlahiyyətlərin və dispozitiv imkanların yaradılmasına yol verilməməlidir. Bunları mən bir daha ona görə səsləndirirəm ki, biz burada müvafiq icra hakimiyyəti orqanına çox geniş diskresion səlahiyyətlər və dispozitiv imkanlar yaradırıq ki, bu da gələcəkdə qanundan sui-istifadə hallarına yol açmış olacaq”.
Deputat həmkarlarının diqqətinə özünün rastlaşdığı bir hadisəni çatdırıb:
“Mənə yaxın insanlar müraciət etmişdilər ki, Masazırda qəsəbənin ortasında torpaq sahələri var, amma onun kateqoriyasını heç cür dəyişdirə bilmirlər. Baxmayaraq ki, ətrafdakıların hamısı bunu edə bilib. Yəni orada su yoxdur, kənd təsərrüfatı təyinatı üçün istifadə oluna bilməz. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bu barədə razılıq verib. Amma yenə də bu məsələ Nazirlər Kabinetində ilişib qalıb və o, bu məsələni heç cür həll edə bilmir. Uzun illərdir həmin torpaq yararsız vəziyyətdə qalıb. Ona görə hesab edirəm ki, biz bu məsələləri qanunvericilik qaydasında tənzimləməliyik. Yəni icra hakimiyyəti orqanlarına belə geniş səlahiyyətlər verilməməlidir”.
Q.Həsənquliyev digər bir məsələdən də bəhs edib:
“Mən zaman-zaman parlamentdə məsələ qaldırırdım ki, ya parlamentin yanında, ya da Nazirlər Kabineti yanında bir qanunvericilik institutu yaradılsın. Sonradan cənab Prezident tərəfindən 2022-ci il mayın 19-da Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsü Mərkəzi yaradıldı. Artıq 2 ilə qədər vaxt keçir, yəni bu müddət ərzində mən elə bu gün də bu mərkəzin vebsəhifəsində baxdım ki, mərkəzin fəaliyyəti nədən ibarətdir. 2024-cü il yanvarın 19-da da müşahidə şurasının iclası keçirilib. Yeri gəlmişkən, qeyd edim ki, bu qanunvericilik təşəbbüsü mərkəzinin müşahidə şurasının 5 nəfərdən ibarət üzvlərinin hamısı vəzifəli şəxslərdir.
Hesab edirəm ki, bu da onun effektivliyinə xeyli dərəcədə mənfi təsir göstərir. Orada qeyd olunur ki, onlar maarifçilik işi ilə məşğuldurlar, hansısa qanunları tərcümə edirlər, hansısa qanunların kommentariyasını hazırlayırlar. Baxmayaraq ki, mərkəzin adı Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsü Mərkəzidir - bunlar indiyə qədər bir dənə hüquqi ekspertiza aparıblarmı? Bizə bu qədər qanunlar gəlir. Yaxud bir dəfə qanunvericilik təşəbbüsü ilə çıxış ediblərmi? Yəni orada bir hal var, bu da ondan ibarətdir ki, Mülki Məcəllənin təkmilləşdirilməsi üçün işçi qrup yaradılıb. Amma orada qeyd olunur ki, hansısa təlimlər keçirilir, vəzifəli şəxslər ora dəvət olunur, onlarla iş aparılır. Halbuki qeyd etdiyim kimi, bu mərkəzin əsas məqsədi hüquqi ekspertiza və qanunvericilik təşəbbüsü olmalıdır.
Mən bir məsələyə də toxunmağı özümə borc bilirəm.
Hesab edirəm ki, vaxtilə Prezident Administrasiyasında qanunvericilik şöbəsinin müdiri Şahin Əliyevi ən çox tənqid edən şəxslərdən biri mən olmuşam. Amma Şahin Əliyev heç olmasa hansısa məsələlərdə həm özünə, həm müvafiq icra hakimiyyəti orqanının rəhbərlərinə nələrdəsə yox deməyi bacarırdı. İndi biz görürük ki, hansı mərkəzi icra hakimiyyəti orqanı hansı qanunu istəyirsə, aparırlar orada müvafiq rəy alırlar və sonra da o, qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə gəlir. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanı, cənab Prezidentin özü bu məsələyə diqqət yetirməlidir və parlamentə dediyim kimi, müvafiq icra hakimiyyəti orqanlarına geniş səlahiyyətlər verən layihələr daxil olmamalıdır. Onlar hüquqi ekspertizadan keçirilməlidir”.
E.Paşasoy,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ