Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonu təkcə təbiəti ilə deyil, həm də zəngin tarixi-mədəni irsi ilə yadda qalır. Burada istirahət edən insan sadəcə dincəlmir – tarixə, yaddaşa, sənətə doğru səyahətə çıxır. Biz də bu dəfə yolumuzu Qubaya saldıq. Mərkəzdə, Nizami parkına yaxın yerləşən bir yerdə istirahət etdik. Gördüklərimiz isə bizi sözün əsl mənasında heyran etdi. Quba hər addımda özünün "heykəllər şəhəri" olduğunu xatırladır.
Musavat.com əməkdaşı olaraq gördüklərimi yalnız yaddaşıma deyil, yazıya da köçürdüm.
Rayon mərkəzi boyunca irəlilədikcə qarşına çıxan tarixi şəxsiyyətlərin heykəlləri, sənət motivli kompozisiyalar, qəhrəmanlıq və mədəniyyət abidələri Qubaya xüsusi ruh bəxş edir. Bu abidələr təkcə daş və metal deyil – bu şəhərin yaddaşı, düşüncəsi və kimliyidir.
Gəzintimiz zamanı diqqətimizi çəkən ilk məqam şəhərin müxtəlif guşələrinə səpələnmiş heykəllər oldu. Qubanın mərkəzindəki Nizami parkı sadəcə yaşıllıq zolağı deyil – bu, açıq səma altında sənət muzeyidir. Parkda Nizami Gəncəvinin abidəsi və onun “Xəmsə”sinə həsr olunmuş 16 panno yerləşir. Hər biri Azərbaycan ədəbiyyatının əzəmətini və dərinliyini əks etdirir. Sovet dövrünün təsviri sənət üslubunda hazırlanmış “qız kitab oxuyur”, “uşaq top oynayır”, “əkinçi qadın”, “işləyən fəhlə”, “uşaq arabası itələyən ana” obrazları təkcə estetik yox, həm də ideoloji-mədəni mesajlar daşıyır. Parkda yerləşən çaydan və samovar formasında hazırlanmış fəvvarələr isə Qubanın çay süfrəsi mədəniyyətini və təbiətinin su bolluğunu simvolizə edir. Bu park həm yerli sakinlər, həm də turistlər üçün tarixlə nəfəs almaq, estetik zövqü dincəltmək üçün əvəzsiz məkandır. Parkın ərazisində eyni zamanda Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi və bir türbə yerləşir. Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyindən ayrıca reportaj isə Musavat.com-un növbəti sayında yayımlanacaq.
Digər maraqlı abidələrdən biri isə Dədə Qorqud abidəsi idi – qədim türklərin mifoloji obrazı olan bu simvol Qubanın türk köklərinə işarə edir.
Qubada ən təsirli abidələrdən biri jurnalistlərə həsr olunmuş kompozisiyadır. Mikrofonlar, kamera, “PRESS” yazılmış dəbilqə, fotoaparat – bunlar bu peşənin həm cəsurluq, həm də fədakarlıq simvollarıdır. Abidəyə baxarkən gözümün önündə Azərbaycanın mərhum qəhrəman jurnalistləri canlandı: səngərdə kamera çiynində qaçan Çingiz Mustafayev, ön cəbhədə şəhid olan Salatın Əsgərova, Kəlbəcərdə həlak olan Sirac Abışov və Məhərrəm İbrahimov...
Bu abidənin arxa fonunda yer alan iki sitat isə jurnalistikanın nə qədər yüksək dəyərləndirildiyini göstərir: “Bu peşə çox vacib peşədir. Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox vacib bir sənətdir. Bu, mənim fikrimdir və mən bu fikrimi heç vaxt dəyişməyəcəyəm”- Heydər Əliyev
“Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır”- İlham Əliyev
Milli Mətbuatın 150 illiyi ilə bağlı keçirilən tədbirlər fonunda bu abidə və sözlər xüsusilə dərin mənalar daşıyır. Onları səssizcə izləmək belə insana həm qürur, həm də məsuliyyət hissi aşılayır.
Səfərin ən ağır, lakin unudulmaz hissəsi Quba Soyqırımı Memorial Kompleksində yaşandı. 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın izləri bu məkanda qorunur.
Kütləvi məzarlıqdan çıxarılan qadın, uşaq və yaşlı insanların qalıqları bu faciənin nə qədər dəhşətli olduğunu sübut edir. Kompleksdə təqdim olunan sənədlər, fotoşəkillər və şahid ifadələri tarixə tutulan aydın bir güzgüdür. Adları bilinməyən qurbanların izləri yaddaşlara həkk olunub. Bu məkanda sükut danışır və o sükut vicdanın ən uca səsidir.
Quba həm də dini və memarlıq abidələri ilə seçilir. Onlardan biri 1854-cü ildə tikilən Səkinə Xanım Məscididir. Azərbaycanın ilk qadın himayədarlarından biri olan Səkinə xanımın adını daşıyan bu ibadət evi hazırda baxımsız vəziyyətdə olsa da, öz tarixi ruhunu qorumaqdadır. Məscid Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb. Rayonun ən möhtəşəm dini tikililərindən biri isə Cümə Məscididir. XVIII əsrdə inşa edilən bu məscid 16 metr diametrli qübbəsi ilə seçilir.
Sovet dövründə fəaliyyəti dayandırılsa da, müstəqillik illərində yenidən bərpa olunaraq ibadətə açılıb. Eyni zamanda XX əsrin əvvəllərində tikilmiş Hacı Cəfər Məscidi bu gün də aktiv fəaliyyət göstərir. Quba rayonunda 10-dan artıq kənd məscidi mövcuddur – bəziləri qorunur, digərləri isə bərpaya ehtiyac duyur.
Quba – yaddaşla düşüncənin, daşla sözün, ruhla zamanın qovuşduğu məkandır. Bu şəhərdə hər addımda sizi ya bir abidə qarşılayır, ya da unudulmayan bir tarix. Quba təkcə gəzmək üçün yox, düşünmək, öyrənmək, hiss etmək üçün doğma və unudulmaz bir yerdir.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ