İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun həyatına təhlükə var? - ev dustaqlığını mümkün edən hallar

Əsabəli Mustafayev: “Onun xəstəliyi siyahıda yoxdursa, bu, o demək deyil ki...”

Bakı İstintaq Təcridxanasında Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi deyilir. Qardaşı Qalib Bayramov bildirib ki, həkimlər ona aortanın genişlənməsi diaqnozunu qoyublar. Aortanın partlaması ölümlə nəticələnə bilər.

Qalib Bayramov bu barədə feysbuk səhifəsində yazıb: “13 gündür ki, şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan qardaşım sürətlə çəki itirir. Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırkı saxlanma şəraiti ilə (havasızlıq, hərəkətsizlik, antisanitariya, ailəsi ilə görüşə icazə verilməməsi və digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəbindən) səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir. Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi  qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır”.

 

Yada salaq ki, Qubad İbadoğlu iyulun 23-də saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb. Bu maddə üzrə onu  8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. İyulun 28-də Apelyasiya Məhkəməsi İbadoğlunun həbsi barədə qərarı qüvvədə saxlayıb.

Hansı halda həbs ev dustaqlığı ilə əvəzlənə bilir? Aortanın genişlənməsi həyat üçün nə dərəcədə təhlükəlidir?

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

 Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. “Həbsdə saxlana bilməyən, hansı xəstəlik səbəbində ev dustaqlığı verilə bilər, bu xəstəliklərin siyahısı var. Ədliyyə Nazirliyinin tərtib etdiyi bir siyahı var. O siyahıda adıçəkilən xəstəliklərə mübtəla olmuş şəxslərin həbsdə saxlanılması qadağandır” deyən vəkil bildirir ki, siyahıdan əlavə həkim müayinəsi də var: “Real vəziyyətdə şəxsi müayinə edirlər, əgər hesab etsələr ki, onun həbsxana şəraitində saxlanması həyatına təhlükə ola bilər. Onda onlar rəy verirlər ki, bu şəxsi həbsdə saxlamaq təhlükəlidir. Məhkəmə də bunun əsasında həbs-qətimkan tədbirini dəyişə bilər. Yəni iki variant var, bir var siyahıda göstərilən xəstəlikdir, siyahıya düşmürsə də o demək deyil ki, imtina olunmalıdır. Həkim rəyi varsa, bu halda onun həbs-qətimkan tədbiri dəyişdirilməlidir. Onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məsələni irəli sürüblər, məhkəmə olmalıdır”.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 21,22 və 78-ci maddələrində cinayət törətmiş şəxslərin hansı hallarda həbs olunmaması ilə bağlı konkret müddəalar əks olunub. 21-ci maddənin 1-ci bəndində göstərilir ki, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

2-ci bənddə isə qeyd olunur ki, həmin şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 22-ci və 78-ci maddələrində də oxşar müddəalar əks olunub və bəndlərə ayrılıb.

Yeri gəlmişkən, məhkumun cəza çəkməsinə mane olan xəstəliklər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı” ilə müəyyən olunur. Məhkumların siyahıda göstərilən xəstəliklərə düçar olmasını təsdiq etmək üçün onların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyası (bundan sonra - komissiya) tərəfindən Penitensiar xidmətin müalicə müəssisələrində həyata keçirilir. Siyahıda olan xəstəliklər isə bunlardır: vərəm, şişlər, endokrin sistemi xəstəlikləri, psixi pozğunluq, sinir sistemi və hissiyyat üzvlərinin xəstəlikləri, qan dövranı üzvlərinin xəstəlikləri, tənəffüs sisteminin xəstəlikləri, həzm sistemi üzvlərinin xəstəlikləri, böyrəklərin terminal stadiyada olan xroniki çatmamazlıqları, sümük-əzələ sisteminin və birləşdirici toxumaların davamlı, maddələr mübadiləsi xəstəlikləri, anatomik defektlər,  şüa xəstəliyi, AİDS (QİÇS) qazanılmış immun çatışmazlığı sindromu - ağırlaşdırıcı hallarda.

Göründüyü ki, siyahıda 6-cı yeri qan dövranı üzvlərinin xəstəlikləri yer tutub ki, bura: 6.1. III dərəcəli qan dövranı çatmamazlığı ilə gedən ürək xəstəlikləri; 6.1.1. Cərrahi müalicəyə tabe olmayan konstriktiv perikardit; 6.1.2. Ürəyin qazanılmış və anadangəlmə qüsurları; 6.1.3. Uzun sürən bakterial endokardit; 6.1.4. Kardiomiopatiya (obstruktiv, hipertrofik, durğunlu); 6.1.5. Endomiokardial fibroz; 6.1.6. Miokarditli kardioskleroz; 6.1.7. Ürəyin işemik xəstəliyi; 6.1.8. Ürəyin ritm pozğunluğu; 6.2. III dərəcəli hipertoniya xəstəliyi; 6.2.1. Ürək əzələsinin kəskin təkrarı transmural və geniş ocaqlı infarktı, ürəyin dayanıqlı ritm pozğunluğu və kəskinləşən ürək çatmamazlığının üstünlüyü ilə gedən formalar; 6.2.2. III dərəcəli qan dövranı çatmamazlığı; 6.2.3. Xroniki böyrək çatmamazlığı “ terminal stadiyası; 6.3. Qanqrenoz ” nekrotik stadiyada olan ən azı iki ətrafın magistral damarlarının zədələnməsi ilə gedən arteriyaların xəstəlikləri; 6.3.1. Oblitirəedici endoarterit; 6.3.2. Oblitirəedici ateroskleroz daxildir.

Qeyd edək ki, avqustun 7-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Bakı Apelyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin dəyişdirilməməsi qərarı verilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR