Onlayn ictimai-siyasi qəzet
Azərbaycan din xadimlərinin təyinatını dövlət qurumu tərəfindən həyata keçirən yeganə ölkə deyil...
Son bir neçə ildə ölkənin məscidlərinə və digər dini ziyarətgahlarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi axund təyin edir. Bəzi ekspertlər hesab edirlər ki, bu vəziyyət Azərbaycan Konstitusiyasında “din dövlətdən ayrıdır” müddəası ilə ziddiyyət təşkil edir.
Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır. Lakin dövlət orqanı hesab edilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə və digər dini ibadət yerlərində axundları təyin edir. Beş ildən bir onları attestasiyadan keçirir, əmək haqqı verir.
Bütün bunlar ona dəlalət edir ki, artıq din dövlətdən ayrı deyil və növbəti referendumda bu müddəanı əsas qanundan çıxartmağın vaxtı çatıb. Qeyd edək ki, gələn ilin yanvar və ya fevral ayında referendum keçiriləcəyi haqda da iddialar var. Bəs dinşünas ekspertlər bu barədə nə düşünürlər?
Rəsul Mirhəşimli
Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dinin dövlətdən ayrı olması onun dövlət siyasətinə müdaxiləsinin yolverilməzliyini nəzərdə tutur: “Həmçinin dövlətin də insanların inanclarına qarışmaması, inanan və inanmayan vətəndaşlara eyni şəkildə davranması dünyəvilik modelinin əsas prinsiplərindən biridir. Dünyəvi dövlət rəsmi dini olmayan və qanunları müəyyən bir dinə uyğun formalaşmayan dövlətdir. Dünyəvi dövlətlər hər hansı dinə etiqad edib-etməməsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər yanaşır və belə dövlətlərdə insanlar dini inancından asılı olmayaraq eyni məhkəmələrdə, eyni qanunlar əsasında mühakimə olunurlar. Dünyəviliyi model seçən dövlətlərdə dini qurumların siyasətə qarışması qadağandır. Dünyəvi dövlət quruluşunun üstünlük təşkil etdiyi ölkələrdə din və vicdan azadlığı mövcuddur və buna görə də hər kəsin etiqad etdiyi dinin tələblərini yerinə yetirmək, inanmayanların isə həmin tələbləri yerinə yetirməmək azadlığı var.
“Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilmədən öncə din xadimlərinin təyinatını Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Prosedur normalar gərəyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatı əsasında məscidlərə imam və axundlar təyin edilirdi. Qanuna dəyişiklikdən sonra axund və imamların təyinatı ilə bağlı bütün səlahiyyətlər Dövlət Komitəsinə verildi. Göründüyü kimi, təqdimat verilərkən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi əsas götürülürdü. Yəni komitənin təyinat məsələsinə müdaxiləsi yeni deyil, bu dövlət qurumu yaranandan bəri mövcud olub.
Tarixən dünyəviləşmə prosesi, adətən dini etiqad azadlığının verilməsini, dövlət dinlərinin ləğvini, dövlət vəsaitlərinin din üçün istifadəsinin dayandırılmasını, hüquq sisteminin dini nəzarətdən azad edilməsini, dini dəyişən və ya ondan çəkinən vətəndaşlara dözümlü olmağı özündə ehtiva edir.
Bizdə dinin dövlətdən ayrı olması ruhanilərin seçkilərdə namizəd olaraq iştirakına qadağanın olması və s. ilə özünü göstərir.
Hər halda, din xadimlərinin təyinatı məsələsində Azərbaycan bu işi dövlət qurumu tərəfindən həyata keçirən yeganə ölkə deyil. Türkiyə Cümhuriyyətində bu iş Diyanət İşləri Komitəsi vasitəsilə tənzimlənir, qardaş ölkədə də bu vəzifə dövlət qurumuna həvalə edilib".
Kənan Rövşənoğlu
Dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O qeyd edib ki, bu proses son 10 ildə başlayıb: “Daha əvvəl Azərbaycanda dövlət tərəfindən dini fəaliyyətlər, o cümlədən din xadimlərinin təyinatı, maliyyələşməsi, dini təbliğ və sair fəaliyyətlər Qafqaz Müsəlmanları İdarəsinə verilmişdi. Çünki konstitusiyaya görə, din dövlətdən ayrı olduğu üçün dini fəaliyyətlər formal olaraq qeyri-dövlət qurumu olan QMİ-yə verilmişdi. DQİDK ancaq icmalara və dini fəaliyyətə nəzarət edirdi. Ancaq sonradan həm regionda baş verənlər, həm də din sahəsində vəziyyətin dəyişməsi, müsəlman ölkələri ilə yaxınlaşma dövlətin din sahəsinə diqqətini artırmağa, beləliklə də tədricən dini fəaliyyətləri öz əlində cəmləməyə başladı. Əvvəlcə multikulturalizm müşavirliyi yaradıldı, bir müddət müşavirlik və dini komitə dini fəaliyyətləri tədricən əlinə almağa çalışdı. Son 7 ildə isə səlahiyyətlər, ümumiyyətlə, DQİDK-ya tapşırıldı. DQİDK yanında əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı, ardınca İlahiyyat İnstitutu. Bununla da həm dini təbliğ, həm də təhsil QMİ-dən alınaraq Dini Komitəyə verildi. Daha sonra məscidlərə imam təyinatı qanunla Dini Komitəyə həvalə olundu. Bu, hesab edirəm ki, konstitusiyaya və dünyəvi dövlət prinsiplərinə ziddir. Digər tərəfdən, dövlətin dini işlərə həddən artıq müdaxiləsi bir qayda olaraq əks-effekt verir və dindarlıq, dini fəaliyyət rəsmi, yəni dövlət nəzarətindəki dindarlıqla qeyri-rəsmi dindarlığa bölünür. Dövlət dini fəaliyyətlərə o həddə nəzarət etməlidir ki, orada qanunlar və milli təhlükəsizlik üçün təhdidlər yaranmasın. Bununla bağlı isə müvafiq dövlət qurumları onsuz da mövcuddur və fəaliyyətini həyata keçirir. Qalan məsələlərdə isə dini fəaliyyətlər müstəqil olmalıdır. Çünki dövlət nəzdində olduqda dini fəaliyyətlər formal, inzibati işə çevrilir. Dinin dövlətdən ayrı olması müddəasının konstitusiyadan çıxarılması hesab edirəm ki, mümkün deyil, çünki bu 100 illik Azərbaycan dövlət ənənəsinə ziddir, üstəlik, bu dinin siyasiləşməsinin dövlət tərəfindən leqallaşmasıdır ki, rəsmi olaraq ölkəmiz hər zaman buna qarşı çıxış edib. O səbəbdən də az ehtimal edirəm ki, bu bənd konstitusiyadan çıxarılsın".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ