Onlayn ictimai-siyasi qəzet
“Adın nədir - Daşdəmir,
Yumşalısan, yumşalı!"
(ata sözü)
Quru sərhədləri bağlı olsa da vətənimizə payız gəlmişdir, xoş gəlib, səfa gətirmişdir. Qədim dövrlərdə payız toy fəsli sayılırdı, çünki insanlar məhsulu payızda yığırdılar. İndi, maşallah, il uzunu məhsul yetişdirə bilirik, qeyri-neft sektorumuz inkişaf etməkdədir, ona görə bu saat Bakıda bütün kolbasa-sosiskanın tərkibi Hindistandan gələn qoca camış ətidir.
Sevindirici haldır. Çünki Hindistan camışlarında fəlsəfəyə, yoqaya, qədim Şərq müdrikliyinə meyl olur. Biz bu ətdən çox yesək müdrikləşər, sakitləşərik. Yoxsa Beyləqan qoçunun ətini yeyib bir-birimizə kəllə atırdıq, Bərdə danalarının budu sayəsində millət dayanmadan dingildəşirdi, Leş Tofiyin tədarük etdiyi eşşək və at əti bizi hara istiqamətləndirirdi, ta onu yazmıram, özünüz təxmin eləyin.
Camış qatığı yeyən övrətlərin oğlan doğmaq ehtimalı da yüksəlir, bunu yadda saxlayın.
Bəli, indi məhərrəmlik, orucluq və may ayından başqa bütün aylarda evlənməyə həvəs yaranmışdır. Nəticədə uşaqlar da ilin bütün aylarında doğulur. Lakin uşaq sayında ciddi azalma müşahidə edilir. Bunu rəsmi orqanlar da sentyabrın 15-də - Milli Bilik Günündə etiraf etdilər.
Doğrudan da uşaqlar gözgörəsi azalır. Örnək üçün, 2019-cu ildə 1-ci sinifə gedən uşaqların sayı 159 min 644 nəfər olub. 2020-ci ildə bu rəqəm 156 min 328-ə düşüb. 2021-də 153.822, 2022-də isə 151.560 olub. 2024-cü ildə “birincilər”in sayı daha kəskin azalaraq 132 min 261-ə düşüb.
Buradan belə nəticəyə gələ bilərik ki, 1-ci sinif şagirdlərimizin sayı 5 il ərzində 27 min 383 uşaq qədər azalmışdır. Yəqin bu cür davam eləsə yaxın gələcəkdə biz Avropanın gününə düşəcəyik, xaricdən camaat gətirməyə məcbur olacağıq. Putinin sözü olmasın, siz Parisdəki kimi yaşamaq istəyirsiniz?
Sözgəlişi, indi bu dəqiqə ən güclü futbol komandamızda bir cüt azərbaycanlı futbolçu qalıb, əgər millət azalmağa davam eləsə necə olacaq? Nazir müavinini Bolqarıstandan gətiririk, nazirin özünü də gətirməli olarıq. Bu isə milli mentalitetimizə ziyandır.
Onu da anlamıram ki, millət niyə uşaq sayının artırılmasında maraqlı deyil. Ta hökumət sizə hansı qayğını göstərməlidir? Ət-yağı yuxarıda yazdım. Haradan olsa tapırlar, daşıyırlar ki, ac qalmayasınız. Uşaq pulu, ünvanlı və ünvansız yardımlar zibil kimi. Hamilə qadınlar dövlət qayğısı altında, doğuş, sancı, təpikləmə, ürəkbulanma, mamaça-filan hamısı pulsuz, dövlət proqramıyladır. Uşaq 1 yaşa çatana qədər pampersini, soskasını, kaşa-maşasını icra başçısı verir. Təzəlikcə hansısa uşaq evində balacaya kimsə şapalaq vurmuşdu, aləm bir-birinə dəydi. Ancaq “birinci”lərin sayı artmır ki, artmır. Bəlkə də onları kimsə kütləvi şəkildə oğurlayır. Məsələn, uçan boşqablar. Ağlıma başqa variant gəlmir ki? Sirri-xudadır. Möcüzədir.
Hətta ola bilsin uşaqların çoxu birbaşa “ikinci” sinifə gedir, ona görə “birinci”lər azalır. Bu versiya üzərində dayanmaq olar. Vunderkind, kəllə uşaqlar varsa, əlifbanı, vurma cədvəlini əzbər bilirsə, niyə boş-boşuna birinci sinifə də gəlib-getsin?
Sonda bir hava xəbəri. Mövzumuza dəxli görünməsə də, fırladıb əlaqələndirərdim, vaxtım azdır, elə bu cür - əlaqəsiz oxuyun. Guya bütün işləriniz əlaqəlidir, qalıb elə mənim cızmaqaram...
Kimlərsə ötən günlərdə şayiə yaymışdı, guya qış sərt gələcəkmiş. Əhali qorxuya düşmüş, büzüşmüşdü. Neçə adam qalın yorğan sırıdırdı, gözümlə görmüşəm. Meşədən Tarqovıya odun gətirənlər vardı. Allaha şükür, hava bürosu tez təkzib yaydı, dedilər qışın necə keçəcəyini indidən dəqiq bilmək mümkün deyil.
Ancaq, məncə, bir detal hökumətin diqqətini çəkmişdi, o da məhz sərtlik idi. Bizimlə heç kim sərt ola bilməz, o cümlədən qış.
Mesaj budur.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ