İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qəzəbli mollalar"ın hakimiyyətinin 2 ili – Nələr oldu, nələr olmadı?

İki il öncə, yəni 2021-ci ilin 15 avqustunda Əfqanıstanda dünyanı mat qoyan hadisə baş verdi. Fundamentalist terror təşkilatı “Taliban” ABŞ-ın sanksiyası ilə Kabilə daxil oldu və ABŞ\NATO üzərində cihadlarının qalib gəldiyini elan etdi. Devrilən hökumətin məmur və tərəfdarlarının qaçanı qaçdı, təslim olanı oldu, bir xeylisi güllələndi və türmələrə dolduruldu.

Tezliklə “Taliban” liderləri ölkədə "İslam əmirliyi" elan etdilər, yalnız “Taliban” nümayəndələrinin daxil olduğu müvəqqəti hökumət yaratdılar və 40 milyona yaxın əhalisi olan ölkədə kimsənin cıqırını çıxara bilməyəcəyi, amansız bir diktatura rejimi bərqərar etdilər.

O vaxt dünya ictimaiyyətini düşündürən ən ciddi sual o idi ki, doğrudanmı Pentaqon və NATO, eləcə də yerli hökumətin silahlı qüvvələri sərəncamlarında olan o qədər hərbi texnika və silah-sursatla (F-16 qırıcısından tutmuş “Tomohavk” bombalarına qədər) terrorçularla baş edə bilməyib?

amerika.jpg (88 KB)

Tezliklə aydın oldu ki, Əfqanstanda hakimiyyəti “Taliban”a vermək elə ABŞ və NATO-nun öz planı olub. Belə daha sərfəli imiş. ABŞ və NATO daha bir müsəlman ölkəsini 20 il boyunca demokratikləşdirə bilmədiyini görüb və düşünüb ki, belədirsə, hər il on milyardlarla dolları bu ölkədə havaya sovurmağa ehtiyac yoxdur. Qoy özləri bildikləri kimi yaşasınlar.

ABŞ-a Əfqanıstanın demokratik ölkə olması, dürüst seçki keçirməsi, qanuni, legitim hakimiyyət formalaşdırması lazım deyildi, ona lazım olan o idi ki, Vaşinqtona asi düşən İranın, ABŞ-la çəkişən Çinin, NATO-yla düşmənçilik aparan Rusiyanın qonşuluğunda daha bir aqressiv dövlət olsun, onlara problem yaratsın, Birləşmiş Ştatlara isə loyal olsun.

Hər il avqustun 15-i “Əfqan xalqının ABŞ və Qərb üzərində cihadının qələbəsi günü” kimi qeyd olunsa da, bu münasibətlə Kabildə bayramlar, hərbi parad keçirilsə də, fakt odur ki, Əfqanıstanda iki illik “Taliban” hakimiyyəti əsasən ABŞ-ın davamlı maliyyə dəstəyi sayəsində mümkün olub. Rəsmi məlumatlara görə, 2021-2023-cü illərdə amerikalılar müxtəlif QHT-lər vasitəsilə “Taliban”a humanitar yardım şəklində 2,35 milyard dollar ianə ediblər. Bundan başqa, amerikalılar “Taliban” liderlərinə nağd şəkildə həftəlik 80 milyon dollar da veriblər. Birləşmiş Ştatlar “Taliban” rejiminin əsas maliyyə sponsoru olaraq qalır. Bununla belə, “Taliban” liderləri həmin pulları götürür və “kafir Amerika” üzərində cihadlarının qələbəsini qeyd edirlər.

abstalib.jpg (11 KB)

Müşahidəçilər ABŞ və “Taliban” arasındakı yeni münasibətləri “hibrid tərəfdaşlıq” adlandırırlar.
Vaşinqton Əfqanıstandakı “qəzəbli mollalar”ı regionun, xüsusən də Mərkəzi Asiyanın jandarmı, “şilləvuran”ı kimi saxlayır, postsovet respublikaları üçün təhlükə mənbəyinə çevirir, lazım gələrsə, onlardan Rusiya və Çinin maraqlarını vurmaq üçün də istifadə etməyi düşünür.

Hazırda “Taliban” regionda özü üçün “dəniz quldurları krallığı” yaradıb və cinayət biznesi hesabına dolanır. Qonşu dövlətlərdən xərac toplanması “qəzəbli mollalar”ın Əfqanıstandakı iki illik hakimiyyətinin daha bir nəticəsidir. 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” böyük miqdarda narkotik ehtiyatı, xüsusən də satışı “Taliban”ın cihadçı iqtisadiyyatının əsas elementi olan heroin toplayıb. Heroinin qiymətini yüksək saxlamaq üçün “Taliban” liderləri narkotiklərlə amansız mübarizə elan edərək, ölkənin bir sıra əyalətlərində tiryək məhsullarının nümayişkaranə şəkildə məhv edilməsi ilə məşğul olublar.

Beləliklə, onlar bir güllə ilə iki dovşan vururlar, həm heroinin qiymətini yüksək saxlayırlar, həm də dünya və regiona ictimaiyyətinin gözünə kül üfürürlər.

_120327163_gettyimages-109263604.jpg (50 KB)

Pərdənin arxasında isə onlar Əfqanıstanda istehsal olunmuş “əfqan malı”nı keçmiş sovet respublikalarıa, ərəb və Afrika dövlətlərinə, Türkiyə və Avropa bazarlarına çıxarmaqda davam edirlər. Əfqanstan iqtisadiyyatının əsas sütunu narkotik istehsalı və satışıdır.

“Taliban” Türkmənistan və Özbəkistan üçün su ilə bağlı vəziyyəti çətinləşdirə biləcək Amudərya üzərində aqressiv hidrotexniki layihələr (Quştəpə kanalının tikintisi) həyata keçirmək istəyir. Bu, Orta Asiya respublikalarını qorxutmağa başlayıb. Özbəklərin və taciklərin məskunlaşdığı şimali Əfqanıstan əyalətlərində etnik balansın pozulması təhlükəsi var. Əfqan mənbələri “Taliban”ın sonda Tacikistan və Özbəkistanla sərhəd bölgələrə Pakistanın Vəziristan əyalətindən və Əfqanıstanın cənubundakı vilayətlərdən silahlı radikal islamçıları, 3 milyona qədər səfil durumda qalmış əhalini məskunlaşdırmaq niyyətini bəyan edib.

“Qəzəbli mollalar”ın bu cür planları ilə əlaqədar Daşkənd, Aşqabad, eləcə də Bişkek və Astana Kabillə dost olmağa çalışır, humanitar yardımlar və Əfqanıstana qoyulan investisiyalar vasitəsilə “Taliban”a xərac verirlər.

3344tal.JPG (48 KB)

Çünki “Taliban” əmirliyi gücü hərbi qüvvəyə malikdir, ölkənin dövlət büdcəsinin az qala yarısı təhlükəsizlik blokuna xərclənir. Bu, “Taliban”a 2021-ci ilin avqustunda ABŞ və NATO-nun ölkədə buraxdığı texnika və silahlarla silahlanmış 200 mindən çox şəxsi heyəti olan aqressiv ordunu saxlamağa imkan verir.

Rəsmi rəqəmlərə görə, bu gün Əfqanıstanda 25 milyon insan qida çatışmazlığından əziyyət çəkir, daha 6 milyon insan aclıqdan ölmək üzrədir, əfqanların 97%-i yoxsulluq həddində yaşayır.

Bir sözlə, “Taliban”ın Əfqanıstanda hakimiyyəti yenidən götürməsi əfqan xalqını nəinki xoşbəxt etməyib, hətta onların vəziyyətini daha da pisləşdirib, üstəlik qonşu ölkələrə də problem yaradıb. Bu, ABŞ-ın Mərkəzi Asiya dövlətlərinə “hədiyyə”sidir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR