Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın işğala qarşı mübarizəsini və qələbəsini həzm edə bilməyənlərin cavabı Avropanın aparıcı ölkəsində verildi; “Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur”
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bir daha dövlətimizin öz ərazi bütövlüyü və suverenliyinin bərpasına gətirmiş, sırf beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dövlətimizin başçısı nüfuzlu forumdakı çıxışı zamanı bu hadisəni təkcə Qafqazda deyil, daha geniş coğrafiyada baş vermiş ən böyük geosiyasi dəyişiklik kimi qeyd edib. Prezidentin sözlərinə görə, bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, hüquqi çərçivə ilə yanaşı, cəsarət və real güc də olsun. “Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır”, - dövlətimizin başçısı vurğulayıb. Fikrinə davam edən Azərbaycan lideri daha sonra bildirib: “Münaqişəyə, nəhayət, son qoyuldu. İşğal altındakı ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər”. İlham Əliyev çıxışının digər hissəsində isə xüsusi vurğulayıb ki, İkinci Qarabağ savaşı zamanı Azərbaycan Ukraynanın indi etməyə çalışdığından fərqli heç nə etməyib. O zaman bəs görəsən, kollektiv Qərbdə, özəlliklə Avropa İttifaqında suverenliyi bərpa etməyin Azərbaycan nümunəsi niyə qıcıqla qarşılandı və qarşılanır? Prezident İlham Əliyevin tədbirdəki çıxışı zamanı dediyi kimi, Azərbaycan doğrudan da hazırda Ukraynanın etməyə çalışdığından fərqli nə edib, hansı günahı işlədib? Hansı ölkənin ərazisinə girib? Ukrayna özünü qorumaq üçün artıq Rusiya ərazisinə - Kurska daxil olub, müharibəni onun ərazisinə keçirib və Qərb buna çox normal baxır. Üstəlik, NATO rəsmiləri tərəfindən bu hücum dəstəklənir, Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməkdən ötrü hərbi yardımlar davam edir. Xatırlatmaq yerinə düşər, Azərbaycan 44 günlük müharibə zamanı Ermənistan ərazisinə girmədi, bunu asanca edə biləcəyi halda. Azərbaycan Ordusu öz ərazilərimizin azad olunması uğrunda savaş apardığı günlərdə Ermənistan Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir, Tovuz, Qazax və digər ərazilərimizə sərbələr endirdi, körpələrin, qadınların, dinc, günahsız insanlarımızın həyatına son qoyan müharibə cinayətləri törətdi. Bütün bunlara rəğmən, Azərbaycan beynəlxalq hüquqa sayğılı yanaşaraq Ermənistanın mülki əhalisinə zərər vura biləcək hər hansı addımlara getmədi. Digər tərəfdən, 2023-cü ilin 19-20 sentyabrda keçirilən antiterror tədbiri zamanı da Qarabağdakı mülki ermənilərin zərər çəkməsi halı qeydə alınmadı, çünki dövlətimiz dinc sakinlərlə haqq-hesab çəkməyi qarşısına məqsəd qoymamışdı, hədəfdə yalnız qanunsuz hərbi birləşmələr, Ermənistanın işğalçı ordusuna məxsus obyektlər, hərbi məntəqələr idi. Bütün bunları qiymətləndirmək, Azərbaycana təşəkkür etmək əvəzinə, Qərbdəki ayrı-ayrı çevrələr ölkəmizi hədəfə aldılar, erməni yalanlarını əldə bayraq edib, təzyiqlərə start verdilər. Keçən il ABŞ Senatında “erməniləri müdafiə aktı” adlı qondarma sənədin qəbulu, Makron Fransasından çeşidli iftira kampaniyaları, Fransa Senatının Azərbaycana qarşı qətnamələri, həmçinin Parisin diqtəsi ilə hərəkət edən AŞ PA-nın anti-Azərbaycan qətnaməsinin qəbulu Qərbin beynəlxalq hüquqa münasibətinin göstəricisidir. Xocalı soyqırmını törədən Ermənistanı himayə edən Qərb bu gün də özünün ərazi bütövlüyünü təkbaşına təmin edən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkmir. Azərbaycanın işğala qarşı mübarizəsini həzm edə bilməyənlərin cavabı Avropanın aparıcı ölkəsində, dövlətimizin başçısı tərəfindən verildi. Amma susacaqlarmı? İnandırıcı görünmür. Qərbin davam edən anti-Azərbaycan ritorikasının səbəbi nədir - türk, müsəlman faktorumu, yoxsa?..
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, faktiki olaraq bu gün Qərb təşkilatlarının Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə yanaşması gedişatı ləngidir: “Belə ki, sülh müqaviləsi istər birbaşa Azərbaycanla Ermənistan arasında, istər Rusiyanın moderatorluğu ilə imzalansa belə, Qərb onun təşkilatlarının prosesdə rol oynamasına çalışır. Bu gün dünyada baş verən münaqişələrə yanaşmada ABŞ, AP, AŞ PA və ATƏT kimi qurumların mütləq şəkildə özlərinin hansısa bir formada proseslərdə iştirakına nail olmağa çalışdığının şahidiyik. Maraqlıdır, NATO da daxil olmaqla, Qərb təşkilatlarının rol aldığı dünyadakı bir çox münaqişələrdə hansısa yenilik əldə edilibmi? Əksinə, müşahidə etmişik ki, Qərbin moderatorluğu və ya üçüncü tərəf kimi danışıqlar proseslərində iştirakı xalqlar və dövlətlərarası münasibətlərin daha da pisləşməsinə səbəb olub. Hesab edirəm ki, ABŞ və Avropa İttifaqı və ya Rusiya platformalarında görüşlərin davam etməsindən aslı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə səmimi inam və dəstək göstərilməlidir”. T.İsmayılov qeyd etdi ki, Azərbaycan hazırda regional güc mərkəzidir, bu isə müəyyən qüvvələri ciddi formada narahat edir: “Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub. Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə - "Eurovision 2012", Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihələr, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər - bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. Ölkədəki yüksək vətənpərvərlik, xalq-iqtidar birliyinin yüksək səviyyədə olmağı reallıqdır. Erməni yedəyində olanlar dezinformasiya hücumları hazırlamaq üçün müxtəlif dövrlərdə təlimatlar alırlar. Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Qərb imperializminin olduğu hər yerdə anarxiya, xaos və xalqların göz yaşları var”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan torpaqlarının 30 ildən çox işğal altında qalması sübut etdi ki, beynəlxalq hüquq işləmir: “Azərbaycanın xeyrinə olan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatlarda Azərbaycanın lehinə qəbul edilən sənədlərin heç biri işləmədi. Bu sənədlər ona görə işləmədi ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər işğalçıya təzyiq etmədilər, onun nazı ilə oynadılar. 30 il mənasız fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu faktiki olaraq işğalı rəsmiləşdirməyə, Azərbaycana reallığı qəbul etdirməyə çalışırdı. Amma Azərbaycan bununla barışmadı, öz gücü ilə torpaqlarını azad etdi. Bu, bir daha sübut etdi ki, beynəlxalq aləmdə hüquq yox, güc işləyir və kimin gücü varsa, onunla hesablaşırlar. Azərbaycan öz gücünü ortaya qoydu və bizim gücümüzlə hesablaşdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdikdən sonra əslində bizə heç kim təzyiq etmədi. Bildilər ki, biz bölgənin əsas açar dövlətinə çevrilmişik. Üstəgəl, biz ədalət uğrunda mübarizə aparırdıq, torpaqlarımızın azad etmək istəyirdik. Bu mənada kiçik istisnaları çıxmaq şərtilə, bizə maneə və əngəl olmadı. Eləcə də Rusiya-Ukrayna müharibəsi onu sübut edir ki, Rusiya işğalçı dövlət kimi Krımı ilhaq etsə də, Ukrayna ərazilərini ələ keçirsə də, beynəlxalq aləmin təzyiqlərindən çəkinmir. Ədalət Ukraynanın tərəfindədir və əgər Ukrayna öz gücü hesabına qələbə qazanarsa, bu da gücün qələbəsi olacaq. Çünki beynəlxalq hüquq Ukraynanın tərəfində olsa da, bu, Ukraynanı işğaldan xilas edə bilmir. Bunu Ukrayna rəsmiləri, prezident Zelenski də anlayır. Ona də Ukrayna torpaqlarını azad etmək uğrunda mübarizəni sonadək davam etdirməkdə qərarlıdır”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ