İnsanlara hürriyət, millətlərə istiqlal!

Tabutun içindəki xalça

Deyirlər Roma Papası Fransisk müəllim rəhmətə gedəndə cibindən 150 avro çıxmışdır. Bundan başqa pulu olmayıbdır, ümumi bank hesabında yığılan, səhv eləmirəmsə, 250 min avroya yaxın pulu isə canını tapşırmazdan az öncə İtaliyadakı azyaşlı cinayətkarların saxlandığı həbsxanadakı makaron fabrikinin ipotekasını bağlamağa vermişdir.

Müsəlman aləmində, o cümlədən bizim özümüzdə neçə belə gözütox din xadiminə rast gəlmək mümkündür? Biri mərasim salonları işlədir, başqası Çexiyada kurort açır, üçüncüsü 37 dəfə Məkkə turuna çıxmasını reklam edir və sairə. Hələ bəzi mollaların cinsi pozuntularını heç yada salmayaq.

Əlbəttə, bununla iddia etmirəm ki, Qərbdə pozğun din xadimləri yoxdur. Var. Elə həmin katolik kilsəsi keşişlərinin azyaşlı oğlan uşaqlarının başına açdığı cinsi zəmində cinayətlər bütün dünyada məşhurdur, haqqında nə qədər istəsən sənədli, bədii ədəbiyyat, film, veriliş taparsan. Sadəcə, o tərəflərdə gözütox din xadimlərinə biz tərəflərdəkilərdən çox rast gəlinir.

Təbii ki, “nə qədər çox” soruşsanız cavabım yoxdur, heç mövzu da bu deyil. Papanın tabutu Vatikanda bir xalça üzərinə qoyulmuşdu, bizim medianın əsas diqqətini çəkən elə o xalça oldu. Hamı sevinə-sevinə yazırdı ki, baxın, bizim xalçadı, Azərbaycan dünya meridianlarında dolaşır, YUNESKO irsi belə gəldi, mədəniyyətimizin fontanı elə getdi... Pis çıxmasın, az qala orqazm keçirirdilər.

Xalça mütəxəssislərindən, xalça muzeyinin müdirindən intervülər alındı, tabutun altındakı xalçanın Güney Azərbaycandakı, Təbrizdəki “Heris” xalça məktəbimizə məxsusluğu elmi izah edildi. (Həmid Herisçi bunu görübsə, vay halımıza. Roma Papasının tabutu altındakı xalçanın geopolitik missiyası və bunun Pezeşkianın Bakı səfərinə təsiri ciddi araşdırılacaq).

Ancaq əsl, sevimli mollamız Nəsrəddinin “tabutun arxasında və ya önündə getmək fərq eləmir, əsas odur içində getməyəsən” müdrikliyindən yanaşsaq, orada sərilən xalçanın haralı olmağı bizim üçün əhəmiyyət daşımır. Ən azı, indi daşımır. Niyə?

Çünki Azərbaycanda xalı-xalça istehsalı çox acınacaqlı vəziyyətdədir və tabuta qoyulubdur! Buyurun, rəsmi statistikadan çıxarışlar:

“1980-ci illərin əvvəllərində ölkədə xalçaçılıq sahəsində çalışanların sayı 7000 nəfərə yaxın olsa da, hazırda Azərbaycan Respublikasında xalçaçılıqla məşğul olan mütəxəssislərin, o cümlədən "Azərxalça" ASC-nin xətti ilə xalça istehsalına cəlb olunmuş şəxslərin sayı təxminən 1000 nəfərə çatır".

“2017-ci ildə Azərbaycan Respublikasında sənaye müəssisələri əllə toxunan 564,5 kv.m xalça istehsal etmişlər ki, bu da 2012-ci illə müqayisədə (1,9 min kv.m) təxminən 3,4 dəfə azdır”.

“2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2,4 min kv xalça və xalça məmulatları istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalça və xalça məmulatlarının istehsalı 0,4 min kv. və ya 14,3% azalıb. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 2,8 min kv. təşkil edib. 01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 5,2 min kv ədəd olub”.

“2024-cü ilin yanvar-noyabrında Azərbaycanda 3,1 min kvadrat metr xalça və xalça məmulatları istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 min kvadrat metr və ya 3,1% azdır”.

Qısa yazsam, bizim xalçaçılıq statistikasının ümumiləşdirici ifadəsini, sözünü tapmaq üçün kilim arası açmağa, palaza bürünüb elnən sürünməyə ehtiyac yoxdur, bu, “azalıb”, “azdır”, “aşağıdır” sözləridir.

Halbuki yenə rəsmi fona baxsan hər şey gözəldir. “Azərxalça” deyirsən var. Xalçaçılığın inkişaf proqramı deyirsən, o da var. Muzey var. Bəlkə qurdalasan AMEA-da xalçadan doktorluq yazanlar da tapılar. Lakin xalçamız yoxdur. Güvə yeyib xalçamızı. Yalnız hərdən onu kiminsə tabutu altında görüb sevinirik. Baxmayaraq “itə atarıq, yada satmarıq” yazılmışdı. Əslində buna da şükür. Vatikan o xalçanı alıb aparmasa, burada hansısa oliqarxın tövləsində güvə yeyəcəkdi. Necə ki, ən ünlü xalçalarımızdan olan, 56 kvadratmetrlik “Şeyx Səfi” xalçasını 19-cu əsrdə alıb aparıblar, indi Londonda muzeydə göstərirlər. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR