İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb kəşfiyyatı Ukrayna böhranının Azərbaycanda həllinə çalışır: Bakı isə sülh masasında kənar müdaxiləsiz missiya tələb edir

Bəzi ehtimallara görə, Bakıda bağlı qapılar arxasında Azərbaycanın Ukrayna və Rusiya arasında keçiriləcək sülh danışıqlarında vasitəçilik missiyasını öz üzərinə götürməsinin əsas şərtləri müzakirə edilmiş ola bilər... Rəsmi Bakı pozitiv irəliləyiş imkanlarına Qərbin və Rusiyanın əngəl törətməyəcəyinə tam təminat verilməyəcəyi halda, bu missiyanı öz üzərinə götürməz, Azərbaycanın beynəlxalq nüfuzunu riskə atmaz...

Cənubi Qafqaz dünya nəhəngləri arasında "nifaq alması"na çevrilib. Ancaq bu regionda geopolitik şərtləri diqtə edən yeganə güc mərkəzinin məhz Azərbaycan olduğu qətiyyən şübhə doğurmur. Cənubi Qafqazda maraqları olan bütün qarşıduran qütblər Azərbaycanın regional lider və şəriksiz geopolitik iradə mərkəzi olduğunu istəməsələr belə, etiraf edirlər. Və bu səbəbdən də, hazırda Cənubi Qafqazın gələcək taleyi birmənalı şəkildə rəsmi Bakının həm maraqlarından, həm də geopolitik qərarlarından birbaşa asılıdır.

Ona görə də, dünya nəhəngləri Azərbaycanın mövqeyi və geopolitik təsir gücü ilə hesablaşmaq məcburiyyətində qalıblar. Üstəlik, hazırda rəsmi Bakının beynəlxalq məkanda aparıcı dövlətlər sırasına qatıldığı da inkaredilməz reallıqdır. Hətta beynəlxalq siyasi dairələr Azərbaycanın bu geopolitik güc potensialından qlobal proseslərdə istifadə etmək niyyətinə düşdükləri də müşahidə olunur. Və bu, Azərbaycan üçün böyük ölçüdə pozitiv prosesdir.

Məsələ ondadır ki, Azərbaycanın Ukrayna savaşına birbaşa humanitar müdaxilə imkanları beynəlxalq siyasi iradə mərkəzləri üçün cəlbedici xarakter daşımağa başlayıb. Belə ki, Ukrayna savaşı dünya iqtisadiyyatını böyük sürətlə deqradasiya mərhələsinə yaxınlaşdırır. Həm Qərb ölkələri, həm də bu müharibəni başladan Rusiyanın Ukrayna savaşından ciddi şəkildə yorulduğu müşahidə olunur. Və indi Ukrayna savaşının dayandırılması istiqamətində müəyyən cəhdlərin edildiyi açıq-aşkar nəzərə çarpır.

aliev-putin-e1606242380557.jpg (50 KB) 

Maraqlıdır ki, prezident Vladimir Putinin sonuncu Bakı səfərindən sonra Ukrayna savaşının sülh danışıqları mərhələsinə keçirilməsinə yönəlik fəaliyyət ön plana keçməyə başlayıb. Bəzi ehtimallara görə, Kreml sahibi Bakı səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevdən Ukrayna savaşının dayandırılması məqsədilə vasitəçilik missiyasını öz üzərinə götürməyi xahiş etmiş ola bilər. Hər halda, son proseslər belə bir ehtimala tamamilə inandırıcı görüntülər verməyə başlayıb. Və bu məsələdə Azərbaycanın hər iki münaqişə tərəfi ilə pozitiv münasibətləri əsas təyinedici faktor rolunu oynaya bilər.

Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Rəsmi Bakı Rusiya ilə yeni regional nəqliyyat-kommunikasiya marşrutlarının açılması istiqamətində intensiv şəkildə əməkdaşlıq edir. Eyni zamanda, Cənubi Qafqazda bəzi geopolitik istiqamətlər üzrə maraqları uzlaşan Azərbaycan və Rusiya arasında iqtisadi-ticari münasibətlər də yüksəliş dövrünü yaşayır. Və bu iki dövlət arasında etimad mühitinin möhkəmləndirilməsinə geniş imkanlar açır.

Digər tərəfdən, Kremlin israrlı eyhamlarına baxmayaraq, rəsmi Bakı Rusiyanın Azərbaycan üzərindən Qərbin sanksiyalarından yayınmasına da qətiyyən imkan vermir. Rəsmi Bakı bu mövqeyini Qərbin Rusiya əleyhinə sanksiyalarına qoşulmamaqla, balanslaşdırmağı da bacarır. Yəni, mövcud situasiyada nə Rusiya, nə də Qərb Azərbaycana qarşı irad bildirmək bəhanəsinə və yaxud şansına sahib deyil. Və hər iki tərəf Azərbaycanın neytral mövqeyi ilə barışmaq məcburiyyətindədir.

Nəhayət, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə açıq mətnlə bəyan etməkdən qətiyyən çəkinmir. Əksinə, Ukraynanın beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpasını vacib hesab edir. Eyni zamanda, Qərbin istəyinin əksinə olaraq, rəsmi Bakı Ukraynaya hərbi deyil, məhz humanitar xarakterli dəstək verir. Yəni, həm Ukrayna, həm də rəsmi Kiyevin Qərbdəki tərəfdaşları Azərbaycandan narazı qalmaq üçün hər hansı səbəbə malik deyillər. Və bütün bunlar Azərbaycanın Ukrayna savaşının inkişaf istiqamətlərini sülh prosesinə yönəldə biləcək önəmli vasitəçi ola biləcəyini birmənalı şəkildə təsdiqləyir.

 ezgif.com-gif-maker.jpg (210 KB)

Maraqlıdır ki, Prezident İlham Əliyev İtaliya səfiri çərçivəsində verdiyi bəyanatlarda Azərbaycanın Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə və sülh danışıqları üçün müzakirə platforması təqdim etməyə hazır olduğunu vurğulamışdı. Azərbaycan liderinin bu açıqlaması rəsmi Bakının vasitəçilik missiyasının reallığa çevrilə biləcəyini ehtimal etməyə tamamilə imkan verir. Çünki Azərbaycan lideri heç vaxt baş verməyəcək ideyaları gündəmə gətirmir. Əksinə, Prezident İlham Əliyev həmişə ən yaxın vaxtlarda reallığa çevriləcəyinə əmin olduğu mövzular barədə geopolitik mesajlar verir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna savaşı ilə bağlı sülh danışıqlarına vasitəçilik missiyasını gündəmə gətirməsindən qısa müddət sonra daha bir önəmli məqam diqqəti çəkmişdi. Belə ki, CİA şefi Uilyam Börns və Mİ6-nın rəhbəri Riçard Mur ortaq xəbərdarlıq mesajı yayınlamışdılar. Həmin xəbərdarlıq mesajında vurğulanırdı ki, dünya "soyuq savaş"ın bitməsindən sonra ilk dəfə olaraq, olduqca təhlükəli mərhələyə qədəm qoyub. Və qarşısı alınmazsa, bu mərhələ bütün dünyanı böyük kataklizmlərə doğru sürükləyə bilər.

Təbii ki, ABŞ və Böyük Britaniya kəşfiyyat qurumlarının rəhbərləri dünyanın ən məlumatlı şəxsləri sırasına daxildir. Əgər, onlar dünyaya hansısa məsələ ilə bağlı xəbərdarlıq mesajı verirlərsə, deməli, təhlükə qlobal "qırmızı xətlər" üzərində yerləşir. Üstəlik, onların mesajları həm də bu təhlükəyə qarşı bloklayıcı prosesin də artıq başlanıldığı ehtimal etməyə imkan verir. Ona görə də, bütün bu əlamətlərə paralellik təşkil edən hadisələrə mütləq xüsusi həssaslıqla yanaşmaq lazımdır. Və bu baxımdan, Azərbaycanın beynəlxalq səviyyədə diqqət mərkəzində olduğu müşahidə olunur.

eliyev-putin-zelesnki.jpg (102 KB) 

Maraqlıdır ki, bütün bunların ardınca əvvəlcə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avrasiya mərkəzinin rəhbəri Patrik Prayor Azərbaycana səfər etdi. Ardınca isə Böyük Britaniyanın nüfuzlu kəşfiyyat qurumu olan Mİ6-nın rəhbəri Riçard Mur da Bakıya təşrif gətirdi. Yəni, ABŞ və Böyük Britaniya kəşfiyyat liderlərinin Bakıya ardıcıl səfərlərinin boşuna olmadığı qətiyyən şübhə doğurmur. Və səhnə arxasında olduqca ciddi proseslərə start verildiyi qətiyyən istisna deyil.

Bəzi ehtimallara görə, Bakıda bağlı qapılar arxasında Azərbaycanın Ukrayna və Rusiya arasında keçiriləcək sülh danışıqlarında vasitəçilik missiyasını öz üzərinə götürməsinin şərtləri də müzakirə edilmiş ola bilər. Çünki rəsmi Bakı pozitiv irəliləyişlərin olacağına Qərbin və Rusiyanın təminat verməyəcəyi halda, bu missiyanı öz üzərinə götürməz. Rəsmi Bakı Azərbaycanın beynəlxalq nüfuzunu qorumaq üçün müəyyən şərtlərin yerinə yetirilməsində maraqlı ola biləcək tərəfdir. Və bu baxımdan, Qərb siyasi dairələrinin dünyaca ünlü kəşfiyyat liderləri üzərindən apardığı məxfi danışıqlarda öz üzərlərinə müəyyən pozitiv öhdəliklər götürməsi də olduqca vacib şərtdir.

Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, Qərbdəki savaş tərəfdarları bloklanarsa, Bakı sülh masasına kobud kənar müdaxilə olmayacağına tam təminat verilərsə, Azərbaycan Ukrayna və Rusiya arasında sülh danışıqlarına vasitəçilik edə bilər. Və bu, həm Ukrayna, həm Rusiya, həm də bütün dünya üçün böyük sülh şansıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR