İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qaraçı uşaq" kimi ad çıxartdı, səsiylə Xan Şuşinskini heyran qoydu - Xalq artistindən maraqlı faktlar - FOTO

Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Musavat.com Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti Yaqub Məmmədov haqqında maraqlı faktları təqdim edir.

O, klassik muğam sənəti sahəsində ən böyük sənətkarlardan biri hesab olunur. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib.

Yaqub Məmmədov heç kimi pisləməz, heç kimin qəlbini qırmazmış.

***

"Mənsuriyyə"nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma operatora göz vurub ki, çəksinlər. Yaqub Məmmədov çəkilişin sonuna qədər Qızıl fond üçün oxuduğunu bilməyib.

***

Yaqubun məşhur "Mənsuriyyə"si haqqında Xan Şuşinski "Əsl sənət nümunəsidir" - deyib.

Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində xatırlayır: Ağa (Seyid Şuşinskini nəzərdə tutur) Yaqubu dinlədikdən sonra dedi ki, çətin, səndən bir də doğula, Yaqub.

***

Tarzən Vamiq Abdullayev xatırlayır: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Mən onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun haqqında pis söz eşitmədim. Bəzən elə olurdu ki, imkansız insanların toylarına havayı gedirdi. Həmişə mənə deyirdi ki, nə olsun, kiminsə pulu olmaya bilər, amma o da bizimkidir. Qəribədir, həmin toylar, varlı toylarından yaxşı keçirdi".

***

O, çalğıçıları yormazmış, özünü təkrarlamazmış. Deyilənə görə, hər pərdədə oxuya bilirmiş.

Kaman ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtı kəndlərdə, rayonlarda konsert verib ailələrini aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar.

***

Deyilənə görə, Yaqub Məmmədovun səsi gahgir olub. Hərdən "işləmirmiş", hərdən də yorulmadan zil pərdələrdə gəzişərmiş.

Yaqub Məmmədov pambıq tarlasında işləyə-işləyə oxuyarmış. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaquba deyirlər ki, sən də yaxşı oxuyursan, sən də get. Yaqub əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib, həvəslənir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onu təqlid edərmiş.

Mədəniyyət evində Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Növbə ona çatanda "Xan segahı" oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın həyətində Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcək? Xan: "Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu Bakıya gətirin" - deyir.

Yaqub Məmmədovun ilk dəfə muğam ifa etdiyi həmin mədəniyyət evinə sonralar xanəndənin adı verilib.

***

Xanəndə rus dilini bilmədiyi üçün operaya gedə bilmir, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə, rus dilini bilmədiyi üçün əvvəl-əvvəl Bakıda çox sıxılırmış.

***
Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta nardaranlılar onu ağcabədililərdən də çox istəyirmişlər. Yaqub yeganə xanəndədir ki, sözləri səhv oxuya-oxuya Bakı kəndlərində sevilib.

***

Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsilə adamlara söysən belə onlara ləzzət edər.

Dünyasını dəyişəndən sonra Ağcabədidə yerləşən məşhur "Üçbulaq bulağı"na onun adını veriblər.

***

Yaqub Məmmədov qastrola gedəndə "pol" (cins) yazılan hissəyə "parket" yazır. Elə bilir ki, onun evindəki döşəmənin növü nəzərdə tutulub.

***

Böyük sənətkar 5 iyun 2002-ci ildə, 72 yaşında dünyasını dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR