İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pasxa atəşkəsi” və Putinin dindarlığı...

Bu qərarın  Rusiya prezidentinin dini baxışları ilə birbaşa əlaqəsi olub-olmadığını demək çətindir, eləcə də hansı siyasi divident qazandığını da...

Pasxa bayramı ilə əlaqədar 30 saatlıq atəşkəs müddəti bir neçə saat sonra  başa çatacaq. Bu qərarın Putinin dini baxışları ilə birbaşa əlaqəsi olub-olmadığını demək çətindir. Son onilliklərdə Allaha inam siyasətçilər və ictimai xadimlər üçün dəbdə olan mövzuya çevrilib.  Çoxkonfessiyalı bir ölkəyə rəhbərlik edən Putinin dinin insan və cəmiyyətin həyatında rolu ilə bağlı dəfələrlə danışıb.  Keçmişdə prezident Putin şəxsi dini inancları, o cümlədən Allah haqqında fikirləri ilə bağlı suallara cavab verməkdən yayınırdı.  Vaxtilə “Time”  imanın  onun siyasətə və ictimai sferaya necə təsir etdiyini soruşmuşdu. Putin də təxminən belə cavab vermişdi ki, verilən qərarlarda əvvəl sağlam düşüncə əsasdır, amma sağlam düşüncə də əxlaqi prinsiplərə söykənməlidir. Əxlaqı isə dini dəyərlərdən ayırmaq mümkün deyil. Bu fikirlərə söykənərək, “Pasxa atəşkəsi”ndə Putinin həm dini, həm sağlam düşüncəni əsas götürdüyünü demək olar.    Rusiya prezidenti ənənəvi olaraq  dini mərasimlərdə iştirak edir, dünən də Pasxa üçün Moskvanın əsas kilsəsində idi. Putinin cəmiyyətdə kilsənin rolunu artırdığı faktdır, bütün fövqəlqərarlarda da kilsə prezidentə dəstək verir. Patriarx Kirill ona görə bayram nitinqində belə bir dua etdiyini eşitdim: “Tanrı Rusiyanı tarixi əraziləri ilə birgə hifz etsin...”     

Ümumiyyətlə, müharibənin davam etdiyi üç ildə BMT 2022-ci ilin aprelində “Pasxa barışığı” təklif edəndə Rusiya bundan imtina etmişdi. 2023-cü ildə Rusiya Milad bayramı üçün atəşkəs təklif edib, lakin Ukrayna bunu rədd edib. Yəni müharibədən bəri ilk dəfədir ki, atəşkəs razılaşmasına qismən də olsa, əməl edilmiş sayılmalıdır.  Atəşkəs o vaxt reallaşa bilər ki, heç olmasa, tərəflər arasında minimal qarşlıqlı etimad yaransın. İndi reallıq odur ki, Kiyevin kilsəni də Moskvadan ayırmağına baxmayaraq, bir dinə sitayiş edən iki qardaş xalq arasında  etimad yaratmaq indilikdə müşkül işdir.   

krill (1).jpg (703 KB)

Putinin təklif etdiyi atəşkəs qərarına bir neçə min kilometrlik cəbhə xəttində əməl edilməsi mümkünsüz işdir, ağır silahları susdurmaq olar, amma barmağı tətikdə olan  hərbçiyə nəzarət etmək olmaz, ona görə həm Kiyev, həm Moskva atəşkəs rejimi davam edərkən qarşılıqlı ittihamlar səsləndirdilər. Zelenski isə siyasətdə təcrübəsiz olduğunu göstərdi, əvvəl Putinə inanmadığına görə çox sərt şəkildə atəşkəsdən imtina etdi. Amma deyilənə görə, siyasi dəllalardan olan məhz Fransa prezidenti Makronun müdaxiləsindən sonra fikrini dəyişdi.  Zelenski yanlışını kompensasiya etmək üçün  bu dəfə atəşkəs rejimini Pasxa bayramından sonra ən azı bir ay uzatmağı təklif etdi, amma bu xüsusi diqqət çəkmədi. Çünki bundan əvvəl Amerikanın belə bir təklifi havada qalmışdı. Ruslar yazırlar ki, Putin Kiyevin daha uzun atəşkəslə bağlı çağırışına cavab vermək qərarına gəlsə,  şərtlər irəli sürəcək. Məsələn, Ukrayna Silahlı Qüvvələrinin 4 regionun çıxarılması tələbini yeniləyəcək. Bu təklif  isə Zelenski üçün qəbuledilməzdir və o, imtina etsə, sülh prosesini sabotaj edən tərəf kimi görünəcək...

Təhlilçilərin ümumi rəyi budur ki, Putinin atəşkəs təklifi Ukraynaya deyil, ABŞ-a jest idi. Moskva ABŞ-ın  son iki gündə dövlət katibi Rubio və prezident Trampın Ukrayna münaqişəsini  nizamlanma danışıqlarından çəkilə biləcəklərindən  narahat olub.  Rusiya  fərqindədir ki, 30 saatlıq atəşkəs Ukraynaya əhəmiyyətli hərbi üstünlük verməz, amma Rusiya diplomatiyası mövqeyini gücləndirə bilər. (Tramp hələlik “Pasxa barışığı”na münasibət bildirməyib.) ABŞ mediası  “Pasxa atəşkəsi”ni qiymətləndirərkən iddia edir ki, bu, Trampın Ukrayna münaqişəsinin həllində daha çox rusiyayönlü mövqe tutmasına səbəb ola bilər. Mümkündür ki, bu atəşkəs qərarı yaxın günlərdə Putin- Tramp görüşü üçün körpü də ola bilər.  

Atəşkəs fonunda daha maraqlısı son həftələrdə Rusiyada cəbhəyə getmək həvəsində olan könüllülərinin və müqaviləli əsgərlərin sayında ciddi artımdır.  Müşahidəçilərin fikrincə, bu, şovinist əhval-ruhiyyənin artması ilə bağlı deyil. Əksinə, Rusiya cəmiyyətində belə bir rəy var ki, tezliklə müharibə sona çata bilər. Bu səbəbdən hərbi əməliyyatlar bitməmiş adını cəbhə zonasında iştirakçılar siyahısına yazdırmaq istəyinlərin sayı artıb. Bu sırada əlbəttə ki, qısa müddətə döyüşmək, pul və siyasi kapital qazanmaq istəyənlər də var...

Hər halda, 30 saat davam edən  atəşkəs 30 əsgərin, mülkü şəxsin həyatını xilas etdisə, bu da bir nəticədir. Bundan kimin siyasi qazanc əldə edə biləcəyinin də tezliklə biləcəyik... 

Nazim SABİROĞLU,  
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR