Onlayn ictimai-siyasi qəzet
ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistanın paytaxtı İrəvanda rəsmi görüşlər keçirib. Musavat.com xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla bir araya gələrək ATƏT-Ermənistan münasibətlərini və Bakı-İrəvan danışıqlarının mövcud vəziyyətini müzakirə edib.
Qeyd edək ki, bu, Sinirlioğlunun Paşinyanla ilk görüşü deyil – iki ay əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də onlar arasında danışıqlar baş tutmuşdu.
Mövzunu şərh edən politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistan tərəfi ATƏT-lə əməkdaşlığın davam etdirilməsində maraqlıdır, lakin rəsmi Bakı bu təşkilatla əməkdaşlığa əvvəlki qədər önəm vermir. Səbəb isə aydındır – ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi və bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən beynəlxalq qurumlardan birinə çevrildi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Minsk Qrupunun fəaliyyətinin de-yure ləğvini istəyir. Rəsmi Bakı bu istiqamətdə addımlar atarkən, ATƏT-in baş katibi olan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınan təcrübəli diplomat Firudin Sinirlioğlunun vəziyyətə balanslı yanaşacağı gözlənilir.
Elxan Şahinoğlu qeyd edir ki, baxmayaraq ki, Bakı ATƏT-lə əməkdaşlığı məhdudlaşdırmaq istəyir, Sinirlioğlunun şəxsiyyəti və Türkiyə ilə bağları səbəbilə rəsmi Bakı onunla təmasdan imtina etməyəcək. Politoloqun fikrincə, Firudin Sinirlioğlu, ATƏT baş katibi kimi Minsk Qrupunun tam ləğvini rəsmi şəkildə müdafiə edə bilməsə də, bu qurumun de-fakto mövcud olmadığını və de-yure ləğvinin də ümumi sülh prosesinə töhfə verəcəyini anlayır.
Şahinoğlunun fikrincə, bu məsələ – yəni Minsk Qrupunun hüquqi baxımdan da tarixə qovuşması – Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biridir.
Musavat.com
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ