İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa "Böyük Qayıdış" Zəngilandan başladı! Tarixi anların FOTOları (Eksklüziv)

Bu gün, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi baş tutdu. 30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan 10 məcburi köçkün ailəsi Masazırdakı şəhərcikdən artıq yola çıxıb. Ağalı kəndinə əhalinin köçürülməsi "Böyük Qayıdış"ın ilk qədəmləridir.

Zəngilan rayon İcra Hakimiyyətinin binası önündə baş tutan yolasalma mərasiminə prezidentin Zəngilan üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər rəsmilər qatılıblar.

Vahid Hacıyev tədbirə qatılanları "Böyük Qayıdış" münasibətilə təbrik edərək bildirib ki, bütün məcburi köçkünlər yaxın zamanlarda öz dədə-baba yurdlarına qayıdacaqlar.

Vahid Hacıyev bildirib ki, işğala qədər Ağalı inzibati ərazisi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə birinci mərhələdə hər biri 10 ailə olmaqla ümumilikdə 41 ailə köçürüləcək. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Xüsusi nümayəndə deyib ki, kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Elşən Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR