İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri sülhə hazırlanır?

 

Araiki qapıda 3 gün gözlədən Paşinyanın yeni hiyləsi, yoxsa...; “Rusiyanın, Qərbin və İranın marağındadır ki, Qarabağdakı terrorçu rejimi hansısa formada saxlasın”

Oktyabrın 13-də İrəvanda baş nazir Nikol Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşü keçirilib. Paşinyan 3 günlük gözlədikdən sonra Arutyunyanı qəbul edib, onunla birlikdə gələn qarabağlı ermənilərin nümayəndə heyətinə isə məhəl qoymayıb. Praqada dördtərəfli görüşdən qayıtdıqdan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Paşinyan onları iclasa dəvət etməyib - baxmayaraq ki, müntəzəm olaraq onları dəvət edirdi.

Bundan dərhal sonra Ermənistan XİN-in nümayəndəsi Unanyan Ermənistanın Qarabağın təhlükəsizliyini qorumaq imkanı olmadığını bəyan edib. Arutyunyanın İrəvana Praqada Əliyev və Paşinyan arasında imzalanmış Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi haqqında bəyanatdan qəzəblənən Qarabağ ermənilərinin tələbi ilə gəldiyi deyilir. Bir sıra erməni KİV-lərinin məlumatına görə, Paşinyan söhbət zamanı Arutyunyanı “Qarabağ prezidenti” vəzifəsindən istefa verməyə də çağırıb.

Şübhə yox ki, Paşinyan Araikə hər şeydən öncə real vəziyyəti, sülh müqaviləsinin bağlanması zərurətini və sülh müqaviləsində “status” məsələsinin olmayacağını anladıb. Hər halda, Avropa Birliyinin sülh müqaviləsi variantında statusla bağlı heç nə nəzərdə tutulmur. Rusiya isə sızan məlumatlara əsasən, uzaq perspektivdə də olsa Bakının üzərinə belə bir öhdəlik qoymaq istəyir. Görünür gələcəkdə də analoji konflikt yaradıb onu idarə edəcəyini düşünür. Bu mənada Araikin Xankəndinə qayıdışından sonra rusun əli ilə anklavda nələrinsə “qaynadılacağını” gözləməyə dəyər. Nələrin? Paşinyanın Qarabağ ermənilərini sülhə hazırlamaq şansı varmı?

AMIP-in YENI SƏDRİ ƏLİ ORUCOV OLACAQ? - Azinforum.az İnformasiya Portalı

Əli Orucov

Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İlham Əliyevlə Nikol Paşinyan arasında sentyabrın 6-da Praqada keçirilən görüş və imzalanmış bəyanat Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində göstərilən səylərə bir qədər təkan verib: “Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü şərtlər bütün maraqlı tərəflər üçün, demək olar ki, rəsmən qəbul edildi. Eyni zamanda Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilər barədə ”Onlar bizim vətəndaşlarımızdı, onlarla necə danışmağımızı özümüz bilərik" bəyanatı həm də ermənilərə və onların havadarlarına açıq bir mesaj idi ki, kimlərsə hansı qüvvələrlə spekulyasiyalara əl atmağı düşünməsinlər.

Azərbaycan liderinin diplomatiyada qətiyyətli mövqeyi və regionda güc balansının bizim xeyrimizə dəyişməsi istər-istəməz Ermənistanı da, onu dəstəkləyənləri də yanaşmalarında ciddi korrektələr etmək məcburiyyəti qarşısında qoydu. Bu baxımdan da özlərini “dövlət” elan edən və Rusiya hərbçilərinin müvəqqəti nəzarət zonasına sığınan separatçı qalıqlarının nümayəndə heyətinin İrəvanda fiaskoya uğramasını Praqa ruzigarının təsiri hesab etmək olar. Erməni baş nazir üç gün gözləməkdən sonra Araik Arutyunyanı qəbul etməklə, hətta bu barədə erməni mətbuatına heç bir rəsmi məlumat verilməməklə Ermənistan, zənnimcə, özünə yük olan Qarabağın erməni separatçılarından məsafəli davranmaq, yaxud hansısa hiyləgər oyunlar qurmaq məqsədi güdür.

Paşinyan zatən münaqişə dövründə də bildirirdi ki Azərbaycan danışıqları Dağlıq Qarabağ separatçıları ilə aparmalıdır, Ermənistan burda ancaq təhlükəsizlik qarantoru kimi çıxış edə bilər. Araik də Xankəndinə qayıdan kimi Xankəndinin rəsmi Bakı ilə ancaq bərabərhüquqlu tərəf kimi, eyni zamanda Ermənistanın və ATƏT-in missiyası ilə danışıqlar masasında otura biləcəyini bəyan etdi. Bu isə o deməkdir ki, Araik hələ də özünü “dövlət” hesab edir və xarici güclərin kölgəsində gizlənməyi üstün tutur".

Ə.Orucovun sözlərinə görə, bizim üçün vacib məqamlardan biri də Rusiyanın tutacağı mövqedir: “Açıq demək lazımdır ki  bu mövqe regionda həlledici amillərdən biridir. Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdim. Praqada qəbul olunan bəyanatda Ermənistan-Azərbaycan arasındakı sərhədlər məsələsi öz əksini tapsa da, suverenlik məsələsinə toxunulmaması erməni separatçılarına istinad verə bilər. Odur ki status məsələsi də aydınıaşmalı və konkretləşməlidir. Çünki təkcə Rusiya deyil, Fransa və ABŞ da buna eyham vurmaqdadır. Fikrimcə, Ermənistan baş naziri hiyləgər addım atmaqla Qarabağdakı erməni separatçılarının qalıqlarını daha güclü qüvvələrin himayəsinə verməyi düşünür. Və bu danışılmış və razılaşdırılmış oyun da ola bilər. Əks halda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq  axtarışa verilən Araik Arutyunyan adlı terrorçu və separatçı İrəvandan qayıtdıqdan sonra belə iddialı bəyanat və sərsəm fikirlər səsləndirməzdi. Bizim vəzifəmiz isə düşmənin növbəti məkrli və hiyləgər planlarını ustalıqla pozmaqdır”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, regionda vəziyyət mürəkkəb olaraq qalır: “Ermənistanın Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan ərazilərində yerləşən quldur rejimi ilə bağlı hədəfləri bəllidir. Onlar maksimum çalışırlar ki, vaxtı uzatsınlar və bu vaxt ərzində regionda situasiya dəyişsin, Rusiya Ukrayna bataqlığından çıxsın və bölgədə rolu artsın, Qərbin təzyiqləri artsın. Rusiyanın da, Qərbin də, İranın da maraqları var ki, Qarabağdakı qondarma, terrorçu rejimi hansısa formada qoruyub saxlasınlar. Ona görə çox ağır, mürəkkəb proseslər gedir, Azərbaycan çox böyük güclərin qarşısında dayanıb. Şükürlər olsun qardaş Türkiyə bizimlə bir yerdədir.

Ermənistan baş nazirinin terrorçu Araik Arutyunyanı üç gün gözlədib sonra qəbul etməsi, onunla gələn quldur dəstəsini isə qəbul etməməsi Paşinyanın onlardan imtinası kimi qəbul edilməməlidir. Paşinyan dediyimiz kimi, müxtəlif oyunlarla, aldadıcı görüntü xarakterli addımlarla vaxt udmağa çalışır. O, Araiklə iş bilriyindədir və oyunlarını onunla əlaqələndirərək qurur. Ola bilər ki, qəfildən Araik kənara çəkilsin və onun yerinə milyarder Ruben Vardanyanı keçirsinlər. Amma bu da Araiklə Paşinyan arasında razılaşdırılmış gediş olacaq. Bu gediş daha bir müddət üçün vaxt udmaq məqsədi güdəcək. Yəni heç kim düşünməsin ki, Ermənistan Qarabağdakı separatçıların üzərindən əlini çəkib.

Paşinyan mümkün qədər çalışır ki, Azərbaycanla separatçı ermənilərin tərəf kimi qarşı-qarşıya oturmasına nail olsun. Araiki də qəbul edib bu istiqamətdə təlimatlandırıb. Məhz buna görə də Araik İrəvandan dönəndən dərhal sonra məlum sərsəm bəyanatı səsləndirdi. Azərbaycan gözləməməlidir ki, Paşinyan Xankəndindən imtina etsin və biz bundan sonra bu ərazimizdə syverenliyimizi bərpa edək. Biz maksimum tez özümüz İrəvanın mövqeyindən asılı olmayaraq öz ərazimizdə suverenliyimizi bərpa etməliyik". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR