İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri Ermənistandan da köçür - pasportlaşmanın səbəbi

Azərbaycan torpaqlarında qanunsuz yaşamış ermənilər Ermənistan pasportu almaqla özləri də sübut edirlər ki...

Ermənistandakı radikal-revanşist ünsürlərin isteriyasına baxmayaraq, burada məskunlaşan Qarabağdan könüllü köçmüş erməni sakinlər tədricən kapitulyant ölkəni də tərk etməkdədirlər. Bu da məntiqlidir. Çünki Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalayıb əlaqələri normallaşdırmağa tələsməyən “dalan” ölkədə normal və təhlükəsiz həyat üçün heç bir perspektiv yoxdur.

Bu arada Qarabağdan getmiş 4300-dən çox erməninin Ermənistan vətəndaşlığı üçün müraciət etdiyi məlum olub. Onlardan 3000-ə yaxını vətəndaşlıq alıb. Bu barədə danışan Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan həmçinin deyib: “Mühüm bir hal da nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayanlar vətəndaşlıq üçün müraciət etmirlər, çünki azyaşlılar valideynlərinə vətəndaşlıq verdikdən sonra pasportunu dəyişdirərək Ermənistan Respublikasının vətəndaşı olacaqlar”.

Onun sözlərinə görə, Qarabağ erməniləri üçün artıq sadələşdirilmiş prosedur tətbiq edilir.

Bəllidir ki, Qarabağın keçmiş erməni sakinlərinin bir çoxu hələ işğal dövründə ciblərində Ermənistan pasportu gəzdirib. Yerdə qalanların da qonşu ölkənin vətəndaşlığını alması onların Azərbaycana mümkün qayıdışını hüquqi baxımdan nə dərəcədə əngəlləyə bilər? Azərbaycanda ikili vətəndaşlığa icazə verilmir. Pasportlaşma prosesi bizim xeyrimizədirmi?

İkinci tərəfdən, ermənilərin yad ölkələrə asanca adaptasiya olmaq bacarığını nəzərə alsaq, bu, onların Ermənistanı da tərk etməsini sürətləndirə bilərmi? 2023-cü ilin sentyabrından sonra artıq minlərlə erməni köçkün üçüncü ölkəyə çıxıb gedib.

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə

Siyasi ekspert, hüquq professoru Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, vaxtilə ərazilərimizdə yaşayan və Qarabağdan gedən ermənilərin böyük əksəriyyətinin onsuz da Ermənistan vətəndaşlığı və müvafiq olaraq Ermənistan pasportu olub. Həmin ermənilər otuz ilə yaxın dövr ərzində Ermənistandan kənara çıxarkən, hansısa ölkəyə səyahət edərkən məhz elə həmin pasportlardan istifadə ediblər: “2023-cü ilin sentyabrında Azərbaycan ərazisindən köçüb Ermənistana gedərkən jurnalistlərə danışan ermənilərin 90 faizi ”Ermənistan vətəndaşıyam" bəziləri isə “Rusiyadan, Suriyadan Qarabağa köçüb yaşayırdım” deyirdilər. Yəni ermənilər özləri də bunu gizlətmirdilər. Odur ki, indi Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryanın dediyi faktın həmin ermənilərə aidiyyəti yoxdur. Çünki əvvəldən Ermənistan pasportu olan ermənilərin Ermənistan vətəndaşlığı üçün müraciət etməsi təbii ki, mümkün deyil. Ermənistan vətəndaşlığına qəbul üçün o ermənilər müraciət edir ki, Ermənistan vətəndaşlıqları yoxdur. Söhbət ərazilərimizdə 2023-cü ilin sentyabrına qədər qeyri-qanuni məskunlaşmış və Ermənistan vətəndaşlığı olmayan insanlardan gedir. Cəmi 4300 şəxsin vətəndaşlıq üçün müraciət etməsi də bunun əyani sübutudur. Bu 4300 nəfər və onların Ermənistan vətəndaşlığı alacaq uşaqları və ailə üzvləri Suriyadan, Livandan və digər yerlərdən işğal altında olan ərazilərimizə qeyri-qanuni olaraq gətirlimiş şəxslərdir. Bu şəxslərə Ermənistanda pasport verilib-verilməməsindən və ya onların ikili vətəndaş olub-olmamasından asılı olmayaraq Azərbaycan vətəndaşlığı alması mümkün deyil. Azərbaycan rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, ölkəmizin qanunlarına tabe olan, işğaldan əvvəl Qarabağda yaşayan Azərbaycan SSRİ-nin vətəndaşı olmuş şəxslər, onların ailə üzvləri, ölkəmizə və insanımıza qarşı cinayətlərdə əli olmayan şəxslər vətəndaşlıq üçün müraciət edə bilər. Təbii ki, belə olan halda onlar ilk növbədə Ermənistan vətəndaşlığından imtina etməlidirlər, çünki bizim qanunlara görə ikili vətəndaşlıq qadağandır. Odur ki, indi Ermənistanda həyata keçirilən pasportlaşma prosesinin bizə yaxından uzaqdan heç bir aidiyyəti yoxdur".

Ekspert onu da dedi ki, ermənilərin Ermənistan vətəndaşlığı almaq üçün müraciət etmələri onların Azərbaycan ərazisində uzun illər qanunsuz yaşamalarını və bundan sonra qayıdıb yaşamayacaqlarını etiraf etməkdir. Həmin ermənilər artıq özləri üçün dəqiqləşdiriblər ki, bundan sonra bir daha Azərbaycan ərazisində qanunsuz yaşamaları mümkün olmayacaq: “Ona görə də Ermənistan vətəndaşlığını qəbul etmək istəyirlər. Həmin ermənilər Ermənistan pasportu aldıqdan sonra yəqin ki, tədricən Ermənistanı da tərk edib başqa xarici ölkələrə köçəcəklər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR