İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu: “Komandir heyəti yerlərdə mənəvi-psixoloji vəziyyətin təşkilinə diqqət yetirməlidir”

Srağagün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Telman Məhəmməd oğlu Əyyubovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Hərbi Prokurorluqdan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, - məlumatda vurğulanır.

Qeyd edək ki, eyni gendə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Ordusu Türkiyə (NATO) modelinə keçidi hədəfləyib və bu yöndə ciddi işlər görülür. NATO tipli orduda isə belə hallar praktik olaraq mümkün deyil. O zaman nə baş verir? Çıxış yolu nədir? Qalib ordunun əsgərlərini bu həddə çatdıran amillər hansılardır?

Açılan cinayət işindən də göründüyu kimi (özünü öldürmə həddinə çatdırma), gənc hərbçilər hansısa təzyiqlərdən bezərək, məcburiyyətdən buna gediblər.

DİQQƏT! Hərbi formaya görə 300 manat CƏRİMƏ - AÇIQLAMA | KONKRET

 Alp Arslan İmamqulu

Tanınmış hərbi ekspert Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, özünə qəsd hallarının baş verməsi birbaşa mənəvi-psixoloji hazırlıqla bağlıdır: “Bu eyni zamanda o deməkdir ki, komandir heyətinin bu sahəyə daha çox diqqət göstərməsi, eyni zamanda hərbi müəssisələrdə, məktəblərdə rəhbər heyətin yetişdirilməsində mənəvi-psixoloji hazırlıq yönündən dərslərə daha diqqətlə yanaşılması lazımdır. Çünki daha öncədən özünə qəsd etməyə meylli olan hərbi qulluqçunu müəyyən edə bilmək çox çətindir. Onunla mütəmadi hərbi söhbətlərin aparılması və hər bir komandirin öz tabeliyində olanla daha yaxından tanış olması, incə detallara qədər bilməsi əhəmiyyət kəsb edir. Bu cür hazırlıqlı komandir heyətinin olması üçün onların mütəmadi olaraq bir sıra dərslərdən keçirilməsi və onların hazırlıqlı olması vacibdir. Təbii ki, mövcud vəziyyətdə bu cür hallar tez-tez baş verməsə də, yenidən olmaması üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi əhəmiyyət kəsb etməkdədir. Burada əlinə silah verilən şəxsi heyətin qabaqcadan çox yaxşı tanıya bilmək məqamları var, eyni şəkildə mütəmadi nəzarətin təşkil olunması, xidmət zamanı hər bir mərhələdə, xüsusən də təlim zamanı silahla davranma qaydalarına riayət olunması və bu cür halların baş verməməsi üçün mütəmadi nəzarətin təşkil olunması da vacibdir.

Azərbaycan Ordusu Vətən müharibəsində müştərək əməliyyatların aparılmasına baxmayaraq çətin şəraitdə bu cür halların olmaması, eləcə də fərarilik hallarının baş verməməsi baxımından öndə gedən ordulardan sayılır.  Təbii ki, hazırda əldə edilmiş qələbənin qorunması və xidməti yerlərdə əsgərlərimiz arasında bu cür cinayətlərin baş verməməsi olduqca vacibdir. Buna görə də yerlərdə komandir heyəti mənəvi-psixoloji vəziyyətin təşkili baxımından daha da diqqətli olmalıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR