İnsanlara hürriyət, millətlərə istiqlal!

“QAİ Ermənistanı işğal etmək istəyir” - düşmən isterikada

Hikmət Babaoğlu: “Bu gün də Ermənistanın rəsmi qurumları tərəfindən verilmiş doğum şəhadətnaməsi, pasportu, orta məktəbi bitirmək haqqında şəhadətnaməsi olan yüz minlərlə azərbaycanlı sağdır”

Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlayıb. İcma Ermənistanın  baş naziri  Nikol Paşinyana məktub göndərərək, qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırıb. İcma məktubunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırır. Məktubda həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanır.

Məktubda azərbaycanlıların öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.

İcma məktubunda qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə dialoqa hər zaman hazır olduğunu qeyd etməklə bərabər, vurğulayır ki, azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir.

Azərbaycanın Qərbi Azərbaycan mövzusunu aktuallaşdırması  təşəbbüsü İrəvanda  ciddi narahatlıq doğurub. Paşinyan Almaniyada  olanda Qərbi Azərbaycan mövzusunu “bu o deməkdir ki, Ermənistanın bütün ərazisi Azərbaycana məxsusdur” kimi qiymətləndirmişdi.  “Ermənistanın paytaxtı Azərbaycan şəhəridir və s. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, bütün bunlar, Laçın dəhlizinin bağlanması, qondarma "Qərbi Azərbaycan"ın təşəbbüsü Ermənistana qarşı genişmiqyaslı təcavüzə hazırlıqdır". Baş nazir həmçinin iddia edib ki, “Azərbaycanın məqsədi Ermənistana qarşı yeni təcavüzdür”.  Ermənistan Siyasi Araşdırmalar Mərkəzinin sədr müavini Armen Qriqoryan isə deyib ki, Qərbi Azərbaycan mövzusu, azərbaycanlıların yaşadıqları yerlərə qaytarılması Ermənistandan birtərəfli güzəştlərin ləğvi məntiqinə əsaslanır. Beləliklə, Ermənistan növbəti dəfə qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması ilə bağlı müzakirələrdən imtina edir. Azərbaycanlılar beynəlxalq qanunlara və tarixə əsaslanaraq Paşinyana müraciət göndərir. Erməni baş nazir isə qeyri-adekvat reaksiya verir. Bu, Ermənistanın hər şeyi “öz arşınları ilə ölçməsi”dir.

Hikmət Babaoğlu: Prezident İlham Əliyev Davosda dövlətimizin siyasi  iradəsini sərgilədi - AZƏRTAC

Hikmət Babaoğlu 

Qərbi Azərbaycana Qayıdış İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdaraq ata-baba yurdlarında yaşamaq istəyindən  təbii heç nə olmaz: “Bu, Ermənistanın baş naziri Paşinyana Qərbi Azərbaycan İcmasının göndərdiyi müraciətdə də beynəlxalq  hüquqla əsaslandırılaraq ünvanlanıb. İstər  Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, istərsə də Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda geriyə qayıtmaq hüququ təsbit edilib. Bu, əsla hansısa ölkəyə qarşı aqressiyanı nəzərdə tutmur. Tam əksinə, insanların vaxtilə onlara aid olan torpaqlarına qayıtması və tarixi vətənində digər vətəndaşlarla birlikdə və bərabər hüquqlar əsasında dinc yaşamasını özündə ehtiva edir. Qərbi Azərbaycan İcması ölkəmizə qarşı ərazi iddiası irəli sürən Qarabağda yaşayan ermənilərdən fərqli olaraq,  əsla Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür. Tam əksinə, rəsmi Bakının Qarabağda yaşayan ermənilərə təklif etdiyi və təmin etməyə hazır olduğu birgə yaşayış və reinteqrasiya təklifini rəsmi İrəvanın da qərbi azərbaycanlılara təklif və təmin etməsini istəyir. Paşinyan isə məsələnin bu cür qoyulduğunu yaxşı bilsə də, təəssüf ki, bunu ərazi iddiası kimi təqdim edərək məsuliyyətli davranmaqdan yayınır, beynəlxalq hüquqla əsaslandırılmış birgəyaşayış istəyini rədd edir. Paşinyan Almaniyada olarkən Qərbi Azərbaycan mövzusunu "bu o deməkdir ki, Ermənistanın bütün ərazisi Azərbaycana məxsusdur" kimi qiymətləndirməsinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan mümkün sülh üçün təklif etdiyi beş baza prinsipində hər şeydən öncə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınmasını irəli sürür. Belə olan halda, necə ola bilər ki, Qərbi Azərbaycana qayıtmaq tələbi Ermənistana qarşı ərazi iddiası hesab olunsun. Ermənistanın bütün ərazisi və paytaxt İrəvan şəhəri məsələsi isə belədir ki, 1988-ci ilə qədər Ermənistanda mövcud olan 24 rayondan 22-də azərbaycanlılar kütləvi və kompakt şəkildə yaşayıblar. İrəvanda isə şəhər məskunlaşması qaydalarına baxmayaraq yenə də azərbaycanlıların öz məhəllələri olub ki, onlardan biri də bu gün ermənilərin sökmək istədiyi Təpəbaşı məhəlləsidir. Yəni bu, Qarabağ münaqişəsinin başladıldığı 1988-ci ilə qədər olan gerçəklikdir. Bunu danmaq mümkün deyil".

Hikmət Babaoğlu vurğuladı ki, bu gün də Ermənistanın rəsmi qurumları tərəfindən verilmiş doğum şəhadətnaməsi, pasportu, orta məktəbi bitirmək haqqında şəhadətnaməsi olan yüz minlərlə azərbaycanlı sağdır və onlar öz yurdlarına qayıtmaq istəyirlər. Bu tələbdə heç bir aqressiya, yaxud ərazi iddiası yoxdur: “Sadəcə, doğulduğu yerdə ləyaqətlə və Ermənistan konstitusiyasına uyğun olaraq vətəndaş hüquqları çərçivəsində yaşamaq məqsədi var ki, bu da qərbi azərbaycanlıların ən təbii haqqıdır”.

 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR