Onlayn ictimai-siyasi qəzet
26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir?
Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələri ümumilikdə Cənubi Qafqaz üçün mühüm olacaq, o cümlədən Azərbaycan üçün xüsusi önəmi var. Bunun bir səbəbi Gürcüstanla Azərbaycanın sıx iqtisadi birliyi, bu ölkədəki investisiyalarımızdır. Digər mühüm səbəb əlbəttə ki, hakimiyyətin müəyyənləşməsidir. Rəsmi Bakı bir çox səbəblərdən məhz hazırkı iqtidarla işləməkdə maraqlıdır. “Gürcü Arzusu”nun hakimiyyəti illərində ölkələrarası əlaqələrdən hər hansı ciddi problemlər müşahidə edilməyib. Gürcüstanın hakim partiyası Azərbaycanla əlaqələrə xüsusi önəm verib, bunu qarşılıqlı səfərlər də təsdiq edir.
Qərb Paşinyan hökuməti ilə anlaşma içərisindədir, Gürcüstanla isə qarşıdurma həddində. Azərbaycan son aylar artan təzyiqləri dəf edə bilər, amma belə görünür ki, bu anti-Azərbaycan əhval-ruhiyyə ən müxtəlif səviyyələrdə davam edəcək. Qərb dairələri Cənubi Qafqazda yeni və qanlı xaos planını işə salmaqda israrlıdır. Xüsusilə Rusiyasız Cənubi Qafqaz siyasəti bölgəni daha acınacaqlı xaosa sürükləyə bilər. Gürcüstanda xaos planı gerşəkləşərsə, iqtidar partiyası səsvermə deyil, xaos planı ilə devrilərsə, nəticə etibarilə Ermənistanın da maraqlarına uyğun proses baş verəcək. Bu proses həm də ABŞ, Fransa və digər bu istiqamətdə maraqlı qüvvələrin Azərbaycan üzərində təzyiqlərini artıracaq.
Azad Məsiyev
Politoloq Azad Məsiyev bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Cənubi Qafqazda böyük güclərin savaşı gedir. Xüsusilə ABŞ-la Rusiya arasında kəskinləşmək xətti götürən savaş müşahidə olunur: “Cənubi Qafqaz respublikaları bu savaşın meydanına çevrilib. Ümumilikdə, başda ABŞ olmaqla, NATO bloku Rusiyanı düşmən elan eləyib. Rusiyanı dünya siyasi xəritəsindən silmək üçün Rusiya ətrafında, Rusiyaya qonşu olan respublikalarda demokratiya adı altında işğalçılıq siyasəti yürütməkdədirlər. Ölkələrin daxilində xaos yaradıb adını "rəngli inqilab"lar, demokratiya uğrunda mübarizə qoyub dövlət çevrilişləri etmək siyasətini Cənubi Qafqazda yenidən tətbiq etmək istəyirlər. Hazırda Gürcüstan bu planın reallaşdırılması üçün seçilmiş ölkədir. Amerika bu siyasəti Gürcüstanda Mixail Saakaşvilini hakimiyyətə gətirməklə həyata keçirmişdi. Bu siyasəti Ukraynada Zelenskinin, 2018-ci ildə isə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gətirilməsində gördük. Belarusda da bu planı həyata keçirmək üçün evdar bir xanımı çevriliş vasitəsilə hakimiyyətə gətirmək istədilər. Lakin Belarusda plan baş tutmadı. İndi isə əsas hədəf kimi Gürcüstan seçilib. Gürcüstanda 26 oktyabrda keçiriləcək seçkiləri ABŞ və NATO Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılması planının gerçəkləşdirilməsi üçün fürsət kimi görür. Gürcüstanda hakimiyyətə Rusiyaya düşmən kimi baxan qüvvələri gətirmək istəyirlər. Buna nail olsalar, təkcə Gürcüstan üçün yox, bütün Cənubi Qafqaz üçün təhlükəli bir proses başlanacaq. Gürcüstanda yerləşən ABŞ və Fransanın hədəfi növbəti Cənubi Qafqaz respublikası Azərbaycan olacaq. Gürcüstanın indiki hökuməti və Azərbaycan bu gün müstəqil siyasət yürütmək mövqeyini nümayiş etdirir. ABŞ bunu qəbul edə bilmir. Cənubi Qafqazda xaos yaratmaq bahasına olsa da, bu iki respublikanı Ermənistanın vəziyyətinə salmaq istəyir. Amerika bu gün dünyanın bir sıra digər bölgələrində də xaos yaradaraq öz siyasətini həyata keçirir. Cənubi Qafqaz üçün də belə bir ssenarinin məhz Gürcüstanda 26 oktyabrdan yeni fazasına keçid edilməsi istisna deyil. Rusiya üçün Cənubi Qafqaz çox böyük strateji əhəmiyyət daşıyır. Bu baxımdan, Rusiyanın bu bölgəni ABŞ-a təslim etməsi mümkün görünmür. Deməli, ABŞ yanlış siyasətini davam etdirsə, qarşıdurmalar, daha böyük gərginliklər qaçılmaz olacaq. Əgər oktyabrın 26-da seçkilərdə indiki hakimiyyət qələbə qazanacaqsa, Qərb müxalifətin və agentura şəbəkəsinin əli ilə Gürcüstanda xaos yaradacaq və dövlət çevrilişi etməklə hakimiyyətə istədiyi qüvvələri əyləşdirməyə çalışacaq. Gürcüstanda hakimiyyəti bu şəkildə ələ keçirdikdən sonra növbəti hədəf Azərbaycan olacaq. Amerikanın məqsədi Cənubi Qafqazın hər üç respublikasını tamamilə öz nüfuz dairəsinə, öz təsiri altına almaqdır. Buna nail olduqdan sonra hər üç respublikanı Rusiya əleyhinə yönəltmək planı qurulub. Ermənistanda artıq buna xeyli dərəcədə nail olublar. Qalır Gürcüstan və Azərbaycan. Gürcüstanda ABŞ-ın planları gerçəkləşsə, Gürcüstanın Cənubi Osetiya və Abxaziyanı geriyə qaytarması mümkünsüz olacaq. Eyni zamanda Ermənistanın faydasına olan vəziyyət yaranacaq".
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Gürcüstanda keçiriləcək seçkilər indidən çox böyük maraq dairəsindədir. Demək olar hər gün Gürcüstanın baş naziri İrakli Kobaxidze mühüm açıqlamalar verir və bütün bəyanatlarının kökündə də seçkilər və seçkisonrası ilə bağlı xəbərdarlıqlar özünü aydın şəkildə göstərməkdədir: “Cənubi Qafqaz dünya güclərinin xüsusi diqqəti altındadır, burada gedən prosesləri "böyüdücü cihazla" izləyirlər və yön verməyə çalışırlar. Yaxın Şərqdə və Ukraynada gedən müharibələr də Cənubi Qafqazla bağlı proseslərə, siyasətə təsir edir. Cənubi Qafqazın gələcək arxitekturası üzərində də savaş görünməkdədir. Eyni zamanda Rusiyanın cənub sərhədlərində müxtəlif dəyişikliklər, transformasiyalar üzərində siyasi texnoloqlar işləyir. Əsas hədəf həm də Cənubi Qafqazla yanaşı Mərkəzi Asiya regionudur. Bu, aydın şəkildə özünü göstərir. Gürcüstanda seçkisonrası xaos, anarxiya və nümayişlərin keçirilməsinə hazırlığın getdiyi hiss edilir. Bunun üçün artıq çoxdan işlənmiş mexanizmlər istifadə olunur. Sifarişli hesabatlar, müxtəlif neqativ amillərin qabardılması, seçkilərin legitim olmamasına dair bəyanatların tirajlanması son mərhələdə insanların küçələrə çıxarılmasına hesablanıb. Bu prosesin arxasında ABŞ-ın müxtəlif mərkəzləri, dövlət təsisatları da yer alır. Bu məkrli planlara cavab olaraq oktyabrın 26-da gürcü xalqı qərar verəcək. Hesab edirəm ki, xalq müstəqil xarici və daxili siyasətə səs verməyi daha üstün hesab edəcək və ölkənin xaosa sürüklənməsi planlarını iflasa uğradacaq. Gürcüstan Azərbaycan üçün də önəmli dövlətdir. Bu dövlətin daxilində sabitlik və müstəqil siyasətə üstünlük verən hakimiyyətin mövcudluğu Azərbaycanın və bütün bölgənin də maraqlarına uyğundur. Gürcüstanda hakimiyyətin dəyişməsi bir çox mühüm məsələlər istiqamətində zərərli təsir və təzyiqlər də meydana gətirə bilər".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ