İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin təhlükəli Qafqaz planı... varmı?

Ukrayna müharibəsinin sonu nəyinsə başlanğıcı olacaq. Analitik çevrələrdə dolaşan ehtimallara görə, söhbət hər şeydən öncə ABŞ-la Rusiya arasında mümkün yeni geosiyasi anlaşmalardan gedir. Bu anlaşmalar konkret olaraq, Azərbaycanın yerləşdiyi Güney Qafqaza necə proyeksiya edə bilər?

Hələlik söyləmək çətindir. Ancaq əgər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff suveren Ukraynanın 20%-ndən çoxunu işğal eləmiş bir dövlətin – Rusiyanın indiki rəhbərinə heyranlığını gizlətməyib də, onu “dərin-zəka sahibi” adlandırırsa (az öncə Uitkoffun gizli şəkildə Bakıda olması xəbəri yayılmışdı), eyni zamanda, işarə edirsə ki, Güney Qafqaz da başqa bölgələr kimi, öz başının çarəsinə qalmalıdır, onda sualların sayı artır.

Həmin sitat belədir: “Mən nə üçün prezidentin (Trampın – red.) yanına getməliyəm və ona bir şeyi dialoqla bitirə biləcəyimizi təklif etməliyəm? Sonra effektiv şəkildə hərəkət edib sonunda bu qədər effektiv olmaya biləcəyimizi görək?.. Bu, yaxşı siyasi resept deyil. Belə hesablamalar iranlılar, ruslar və ukraynalılar ilə eyni olacaq. Azərbaycanla Ermənistan ilə də eyni olacaq. Bu prinsiplər ABŞ-ın danışa biləcəyi bütün münaqişələrə aiddir”...

Təcavüzkar ölkəyə və onun prezidentinə simpatiyadan söz düşmüşkən, aşağıdakı rəqəmlərə diqqət edək: Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticəsinə görə, hazırda rekord sayda rusiyalı – əhalinin 79,8%-i (!) Vladimir Putinə güvənir. Respondentlərin yalnız 16%-i Putinə inanmadığını bildirib. 78,1% Putinin fəaliyyətini müsbət, 13,6% isə mənfi qiymətləndirib.

Demək ki, Rusiyanı qonşu ölkənin əraziləri hesabına, silah gücünə böyütməyə davam edən Putinə rəğbət bəsləyən təkcə Tramp və onun nümayəndəsi deyilmiş, həm də Rusiya cəmiyyətinin mütləq əksəriyyəti imiş. Hər iki fakt olduqca düşündürücü olmaqla bərabər, bölgəmizlə bağlı narahat gözləntini gücləndirir. Əcəba, Ukrayna münaqişəsinin bitməsi və ya dondurulması ilə, eyni zamanda, Tramp Amerikasının Avropada və digər bölgələrdə qlobal mövcudluğunun zəifləməsi ilə Kremlin postsovet məkanında əl-qolu açılmış olacaqmı?..

“Rusiya çox güman ki, “yaxın xaric” ölkələrinə, xüsusən də keçmiş SSRİ ərazisindəki və Şərqi Avropadakı ölkələrə hərbi-siyasi təzyiqlər də daxil, öz təsirini gücləndirməkdə davam edəcək. Yeni hərbi əməliyyatlar və ya Moskva üçün strateji maraq kəsb edən bölgələrdə mövcudluğun genişləndirilməsi də mümkündür”.

Assoc. Prof. Dr. David Felsen - Vice Rector for International Relations

Bunu Minval.az-a müsahibəsində amerikalı politoloq, Oksford Universitetinin siyasət üzrə fəlsəfə doktoru, professor Devid Felsen deyib.

Onun qənaətincə, Cənubi Qafqazı ən çox narahat edən məsələ məhz Putin dövründə Moskvanın keçmiş sovet respublikalarında öz təsirini bərpaya və genişləndirməyə yönəlik xarici siyasət kursunu gücləndirmək istəyi olmalıdır. “Bu, xüsusilə Ermənistan və Azərbaycan arasında davam edən gərginlik şəraitində regional təhlükəsizliyə əlavə problemlər yarada bilər. Odur ki, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya xüsusilə ehtiyatlı olmalı və hadisələrin gələcək inkişafının necə inkişaf edəcəyini diqqətlə izləməlidir. Çünki Rusiyanın bu regionlarda gələcək addımları əsasən Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq”, - deyə ekspert xəbərdarlıq edib.

Analitik hesab edir ki, Kreml başçısı postsovet ölkələrində öz təsirini gücləndirməyi hədəfləyib və Ukraynadakı hərbi əməliyyatların nəticəsi Moskvanın sözügedən məkanda strategiyasının müəyyənləşməsində əsas rol oynayacaq: “Bu, həmin ölkələrdə həm təhlükəsizlik, həm də siyasi-iqtisadi proseslərə təsir göstərə, onları həm Rusiya, həm də Qərb tərəfdaşları ilə bağlı xarici iqtisadi və strateji prioritetlərinə yenidən baxmağa sövq edə bilər. Rusiya Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda öz təsirini nəinki saxlamaq, həm də gücləndirmək istəyəcək. Bu, həmin regionların Rusiya üçün strateji əhəmiyyəti, tarixi bağlılıq və köhnə ittifaqların mövcudluğu, habelə postsovet məkanında öz geosiyasi rolunu bərpa etmək istəyi kimi bir neçə əsas faktorla bağlıdır. Çox güman ki, Rusiya bu regionlarda öz hədəfinə çatmaq üçün siyasi, iqtisadi və hərbi təsir imkanlarından istifadə etməyə çalışacaq”...

Şübhə yox ki, Azərbaycan bu təhdidlər qarşısında ən güclü “immuniteti” olan azsaylı dövlətlərdəndir. Hər necə olmasa, ölkəmizdə bircə rus əsgəri də yoxdur, “erməni kartı” isə faktiki oyundan çıxarılıb, bağlanıb. Üstəgəl, qardaş Türkiyə timsalında güclü müttəfiqimiz, Şuşa Bəyannaməsi var. Əliyev-Putin, Ərdoğan-Putin münasibətlərində isə dərin çatlar yoxdur.

Ancaq “şər deməsən, xeyir gəlməz”. İşimizi möhkəm tutmalı, ayıq-sayıqlığımızı bir an belə itirməməliyik. Bütün hallarda 2025 tarixdə bir çox parametrlərə görə, necə qalacaq - təlatümlü il kimi, yoxsa... Yaxın aylarda, xüsusən də ilin ortalarında bu suala xeyli dərəcədə aydınlıq gələcək.

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR