Onlayn ictimai-siyasi qəzet
Yazın gəlməsi ilə təbiət canlanır, amma bəzi insanlar bu gözəlliklərdən tam şəkildə faydalana bilmir. Havada yayılan tozlar, çox vaxt nəfəs almağı belə çətinləşdirir, gözləri qızardır və öskürəklərini gizlədə bilmirlər. Hər ilin bu dövrü, insanları daha çox dərmanlarla dolu həyat tərzinə məhkum edir. Amma bu dəfə vəziyyət dəyişə bilər: Yeni bir müalicə üsulu, bədənin bu narahatlıqlara qarşı mübarizəsini gücləndirməyə və yavaş-yavaş həssaslığı azaldmağa vəd verir.
Lakin bu müalicə nə qədər təsirlidir və uzun müddətli rahatlıq təmin edə bilərmi?
Məsələ ilə bağlı allerqoloq Şahvələd Məmmədov “Yeni Sabah”a danışıb:
“Polen allergiyası yaz və payız mövsümündə daha çox yayılaraq insanların həyatını çətinləşdirən bir problem olaraq gündəmə gəlir. Çiçəklərin və ağacların tozları bu allergiyanı yaradır. Polen allergiyası xüsusilə burun axıntısı, tıxanıqlıq, öskürək, boğazda qıcıqlanma, baş ağrısı və gözlərdə qızarıqlıq kimi simptomlarla özünü göstərir. Bu allergiya ilə mübarizə aparan insanlar əksər hallarda dərmanlardan istifadə edir, amma polenlərə qarşı spesifik immun müalicə (SİM) yanaşması da ən müasir müalicə üsullarından biridir”.
Həkim qeyd edib ki, spesifik immun müalicə polenlər və digər allergenlərə qarşı bədənin immun sisteminin adaptasiyasını təmin etmək məqsədilə tətbiq olunan bir müalicə növüdür:
“Bu müalicə polen allergiyası olan şəxslərin allergik reaksiyalarını azaldaraq, həyat keyfiyyətlərini artırmağa kömək edir. Müalicənin əsas prinsipi, xəstəyə zamanla artırılan miqdarda allergen təqdim etməklə immun sisteminin bu allergenə qarşı daha az reaksiya verməsini təmin etməkdir. Spesifik immun müalicə, adətən, inyeksiya (hərtərəfli dərman tətbiqi) və ya sublingual (dilin altına qoyulan tabletlər) formada tətbiq olunur.
Spesifik immun müalicə polen allergiyasına qarşı ən təsirli uzunmüddətli müalicə üsulu olaraq qəbul edilir. Bu müalicə bir neçə ildən sonra polen allergiyasının simptomlarını əhəmiyyətli dərəcədə azaldır və bəzən bu allergiya ilə bağlı əlamətlərin tamamilə yox olmasına səbəb ola bilər. Müalicə prosesində xəstənin orqanizmi, allergenin çox miqdarda qəbul edilməsinə qarşı adaptasiya olunduğu üçün allergiya simptomları daha az hiss olunur. Bununla yanaşı, spesifik immun müalicə allergiyanın səbəblərini, yəni immun sisteminin düzgün reaksiya verməməsini hədəf alır və bununla bərabər, allergik reaksiyaların qarşısını alır”.
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ