Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının dayandırılmasına yönəlik proses dalana dirənmək üzrədir. Hər halda, hazırda baş verənlər və əldə olunan nəticələr iştirakçı tərəflərin açıqlamalarındakı məzmundan uzaqdır. Xüsusilə də, prezident Donald Trampın bir gün ərzində savaşı dayandıracağına yönəlik vədlərinin iflasa uğradığı qətiyyən şübhə doğurmur. Və hazırda Tramp adminstrasiyasının sülh sazişindən daha çox 30 günlük müvəqqəti atəşkəs barədə danışmağa başlaması da bunu təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya və ABŞ Ukrayna danışıqlarının pozitiv məzmun daşıdığını iddia etmək də hələlik çox çətindir. Halbuki, Ağ Evdən verilən açıqlamada ABŞ, Rusiya və Ukrayna arasında siyasi-diplomatik təmasların müsbət məzmun daşıdığı iddia edilir. Kremldən verilən mesajlardasa, ABŞ-Rusiya məsləhətləşmələrinin faydalı olduğu vurğulansa da, dialoqun qəliz xarakter daşıdığına da eyham vurulur. Rusiya rəsmi dairələri hesab edirlər ki, bir çox problemlərin müzakirə edildiyi bu prosesin BMT-nin və bəzi dövlətlərin də iştirakı ilə davam etdirilə biləcəyi qətiyyən istisna deyil.
Belə anlaşılır ki, danışıqlar masasında olduqca ciddi problemlər mövcuddur. Üstəlik, Kreml bu prosesin yalnız ABŞ-ın moderatorluğunda davam etməsindən artıq o qədər də məmnun deyil. Ona görə də, BMT-nin və bəzi dövlətlərin də dövrəyə girməsində maraqlıdır. Bu baxımdan, Kreml hələlik ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüş formatını yaxına buraxmaq istəmir. Ziddiyyətlərin dərinləşdiyini bir müddət öncəyə qədər Ağ Ev sahibi Donald Trampla birbaşa görüşə hazır olduğunu hər imkanda vurğulayan prezident Vladimir Putinin indi buna ehtiyac olmadığına eyham vurması da biruzə verir. Və Kreml prosesin Rusiyanın maraqlarından yayınmağa başlamasından ciddi şəkildə narahatdır.
Daha pozitiv mesajlar verən Ağ Evdən fərqli olaraq, Kreml hazırda ABŞ və Rusiya arasında danışıqların qəliz xarakter daşıdığını birmənalı şəkildə etiraf edir. Rusiya rəsmiləri bu müzakirələrin gərgin və çətin dialoq olduğunu qabardırlar və mövcud olan bir çox problemin ətrafında hər hansı razılığa gəlinmədiyini də gizlətmirlər. Buna paralel olaraq, ümumi vəziyyətin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampa məruzə edildiyini bildirirlər. Və bununla da Kreml sahibinin yaxın vaxtlarda Rusiyanın mövqeyinə düzəlişlər edə biləcəyinə eyham vururlar.
Kremldə yaranmaqda olan indiki bədbin əhval-ruhiyyənin olduqca ciddi səbəbləri mövcuddur. Belə ki, Ağ Evin Tramp-Putin sövdələşməsindən tədricən geri çəkilməsi Kremli hərbi-siyasi labirintə doğru sürükləyir. Çünki Tramp adminstrasiyası rəsmi Kiyevə sərt təzyiqlərlə, xüsusilə də Rusiya ilə yaxınlaşma görüntüsü ilə Ukraynadan öz istədiyini artıq alıb. Prezident Donald Tramp da rəsmən bəyan edib ki, Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi ilə bağlı məsələ artıq razılaşdırılıb. Və indi tərəflər bununla bağlı sazişin yaxın vaxtlarda imzalanması üzərində işləyənlər.
Ancaq rəsmi Kiyev Tramp adminstrasiyasıma istədiyini verərkən, Ukraynanın bəzi şərtlərini də Ağ Evə qəbul etdirməyə nail olmuş kimi görünür. Hər halda, Tramp adminstrasiyası son vaxtlar Rusiya və Ukrayna arasında ərazi mübadiləsi, eləcə də, sülhməramlılarla bağlı mövzuları daha tez-tez gündəmə gətirməyə başlayıb. Üstəlik, ABŞ-Rusiya danışıqlarında Ağ Evin bu şərtləri prinsipial olaraq, müzakirəyə çıxartdığı barədə məlumatlar mövcuddur. Və bu, o deməkdir ki, Tramp-Putin sövdələşməsindən uzaqlaşan Ağ Ev tədricən Ukraynanın şərtlərinin də reallaşmasına çalışır. Və danışıqlar masasında gərginliyin yaranması barədə Kremlin mesajları da məhz bu səbəbdən ortaya çıxmaqdadır.
Kreml Ağ Evin yeni mövqeyi, eləcə də, rəsmi Kiyevə bağlı şərtləri ilə razılaşmadığını qabartmamağa çalışır. Rusiya Ukraynada kənar hərbi kontingentin yerləşdirilməsinə sərt şəkildə müqavimət göstərir. Üstəlik, sülhməramlılar ilə bağlı şərtin ortaya atılmasını Tramp-Putin sövdələşməsinin pozulması kimi qəbul edir. Eyni zamanda, Kreml ərazi mübadiləsi ilə bağlı təklifləri də qəbuledilməz hesab edir. Kremlin alternativ tələbi Ukraynanın qeyd-şərtsiz Rusiya ərazisilərindən öz ordusunu çıxartması üzərində qurulub.
Digər tərəfdən, Kremldə hesab edirlər ki, rəsmi Kiyev sülh şərti olaraq, Ukraynanın bəzi ərazilərini Rusiyaya döyüşsüz təhvil verməlidir. Belə ki, Rusiya təmsilçilərinin ABŞ ilə danışıqlarda Ukrayna ordusunun Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən tam şəkildə çıxarılmasını tələb etdiyi bildirilir. Və bu, o deməkdir ki, Kreml heç nə vermədən, Rusiyaya bütün istəkləri təmin olunan sülh sazişinə imza atmaq planları qurur.
ABŞ ilə danışıqlardan sonra Rusiya ordusunun dərhal Ukraynaya qarşı hərbi zərbələri intensivləşdirməsi də əslində, Kremlin Ağ Evə qarşı şantaj cəhdi təsiri bağışlayır. Üstəlik, Ukrayna savaşının dayandırılması prosesinə BMT də daxil olmaqla, başqa dövlətlərin qatılması ilə bağlı təkliflər ABŞ-a siyasi təzyiq xarakteri daşıyır. Yəni, Kreml Tramp-Putin sövdələşməsindən geri çəkilərək, Ukraynanın da maraqlarını danışıqlar masasına gətirməyə çalışan Ağ Evi sülh prosesindən sıxışdıra biləcəyi ilə təhdid edir. Və bu, Rusiyanın ümid bəslədiyi şərtlərə geri dönüş üçün son müqavimət potensialının da işə salındığını göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ