Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki gərginlikdən sonra qonşu Gürcüstanda da vəziyyət gərginləşə bilər. Belə ki, Tiflisdə “Gürcü Arzusu”na qarşı sanksiyaların tətbiqini nəzərdə tutan ABŞ-ın “MEGOBARI Aktı”na dəstək verən kütləvi aksiya keçirilib.
Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, aksiyada prezident Donald Trampın portretləri qaldırılıb və nəhəng ABŞ bayrağı dalğalandırılıb. Gürcü müxalifət sanksiyaların martın 27-də ABŞ konqresində müvafiq komitə tərəfindən təsdiqlənəcəyinə ümid edir.
Yada salaq ki, “MEGOBARI Aktı” demokratik azadlıqların pozulmasında əli olan Gürcüstanın hakim elitasının üzvləri ABŞ-a səfər etmək və ölkənin bank sistemindən istifadə etmək hüququnu yasaqlanmasını nəzərdə tutur.
Sənəddə hakim “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin mənfi rolu xüsusilə vurğulanır. Bundan əlavə, ABŞ Dövlət Departamenti Tiflisin beynəlxalq sanksiyalara, o cümlədən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara nə dərəcədə diqqətlə əməl etdiyini yoxlayacaq.
Qanun layihəsinin müəllifi iki respublikaçıdır: Gürcüstan müxalifətinin dostu, konqresmen Co Vilson və Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş. "Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Anna Natsvlişvili deyib ki, Tramp və yeni administrasiya “çox yaxşı başa düşür ki, İran, Çin və rusların dostları eyni zamanda Amerikanın dostu ola bilməz", - “Gürcü Arzusu”nun nümayəndələri isə Trampa rəğbətlərini hər cür nümayiş etdirməkdədir. Onların fikrincə, sanksiya təşəbbüsü Trampın mübarizə apardığı “dərin dövlət”in təşəbbüsüdür.
“Gürcü Arzusu”nun parlamentdəki lideri Mamuka Mdinaradze senator Rişinin “dərin dövlət”lə əlaqəsinə işarə edib. Deputat İrakli Zarkua "əgər Tramp və onun administrasiyası “dərin dövlət”i məğlub edə bilsələr, mən əminəm ki, bu münasibətlər bərpa olunacaq” deyib.
Politoloq Petre Mamradze “Nezavisimaya qazeta”ya xatırladıb ki, “MEGOBARI Aktı”nın qəbulu ötən ildən planlaşdırılır. "Qanun layihəsi gürcü müxalifətinin diktəsi ilə hazırlanıb. Bu, onun adından da aydın görünür - MEGOBARI gürcü dilində "dost" deməkdir.
Mamradze qeyd edib ki, Tiflis ABŞ-la qarşıdurma istəmir. "Qanun layihəsi həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir. Trampın seçilməsi və ondan sonra Ukrayna ilə bağlı danışıqlar Gürcüstan məsələsini arxa plana keçirdi, lakin bu, unudulmadı. Yaxın gələcəkdə “MEGOBARI Aktı” çox güman ki, qəbul olunacaq" politoloq Nika Çitadze bildirib.
O, həmçinin qeyd edib ki, “Gürcü arzusu”nun nümayəndələri Trampla bağlı ritorikalarını dəyişməyə başlayıblar, indi bu prosesi ABŞ prezidentinin “dərin dövlət” üzərində qələbəsindən asılı vəziyyətə salırlar.
“Çox güman ki, “Gürcü arzusu” Amerikanın sanksiyalarından qorxur. Digər şeylərlə yanaşı, onlar mübarizəni davam etdirmək üçün müxalifətə əlavə güc verəcəklər”, - Çitadze fikrini yekunlaşdırıb.
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ