Onlayn ictimai-siyasi qəzet
Hindistan hökuməti yeni ticarət sazişi üzrə danışıqlar çərçivəsində ABŞ-dan idxal edilən malların yarıdan çoxuna tariflərin azaldılmasını müzakirə etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Reuters məlumat yayıb.
Hindistan hökumətinə yaxın mənbələrin bildirdiyinə görə, hakimiyyət ildə ümumi məbləği 23 milyard dollardan çox olan məhsullar üzrə idxal rüsumlarını əhəmiyyətli dərəcədə azaltmağa və ya tamamilə ləğv etməyə hazırdır. Bu, Hindistanın ABŞ-dan aldığı bütün malların təxminən 55 faizini təşkil edir. Hazırda onlar 5 faizdən 3 faizə qədər rüsumlara məruz qalır.
Hindistan ABŞ prezidenti Donald Trampın aprelin 2-dən tətbiq olunacağını vəd etdiyi “qarşılıqlı” tariflərin təsirini yumşaltmaq üçün bu addımı atmaq istəyir. Mənbələr bildirirlər ki, Hindistan səlahiyyətliləri bu rüsumların ildə təxminən 66 milyard dollarlıq məhsullara təsir edəcəyini gözləyirlər. Bu, Hindistanın ABŞ-a ixracatının 87 faizinə bərabərdir.
Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, ABŞ-da idxal olunan mallara orta tarif 2,2 faiz, Hindistanda 12 faiz təşkil edib. ABŞ-ın Hindistanla 45,6 milyard dollarlıq ticarət kəsiri var.
Yeni Dehli ümid edir ki, bu cür səylər Hindistana ABŞ ilə ticarət razılaşması əldə etməyə kömək edəcək. Hindistanın baş naziri Narendra Modi ilə Tramp arasında fevral ayında keçirilən görüşdə iki lider payıza qədər müqavilə imzalamağı qarşısına məqsəd qoyub. Həmçinin görüşdən sonra ölkələr arasında ticarət dövriyyəsinin 2023-cü ildəki 127 milyard dollardan 2030-cu ilə qədər ildə 500 milyard dollara çatdırılması istəyi səsləndirilib.
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ