İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın enerji təminatında bərpa olunan mənbələrin payı 50 faizə çatır – Qaza tələbat azalacaq?

Avropada istilik mövsümünün martın 21-də başa çatdığlı elan olunsa da, yeraltı anbarlardan irihəcmli qaz götürülməsi hələ də davam edir.

Musavat.com Gas Infrastructure Europe-nin (GIE) (UGS) məlumatına istinadən xəbər verir ki, mart ayında anbarlardan qaz götürülməsi sürəti bir il əvvəllə müqayisədə 7 faiz daha yüksəkdir.

GIE-nin məlumatına görə, martın 23-də Aİ ölkələrində yeraltı qaz anbarlarından 127 milyon kubmetr qaz götürülüb, onlara 152 milyon kubmetr qaz vurulub. Hazırda anbarlarda 37,6 milyard kubmter qaz var ki, bu da ümumi həcmin 34,01 faizi deməkdir (son beş ildə bu tarix üçün orta göstəricidən 11,28 faiz bəndi aşağı).

Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb və 144 gün davam edib. Bu müddət ərzində Aİ ölkələri anbarlardan 73 milyard kubmetrdən çox qaz istifadə edib, onlara 5 milyard kubmetr qaz vurulub, nəticədə xalis istehlak 68 milyard kubmetrdən çox olub.

İstilik dövrünün sonunda anbarlardan ümumi qaz çıxarılması əvvəlki beş il ərzində həmin gün üçün orta qiymətdən 25 faiz yüksək olub.

Qaz qiymətlərinə gəlincə, 2025-ci ilin ötən dövründə bu göstərici 542 dollar, yalnız mart ayında 470 dollar təşkil edib.

Anbarların belə boşalması Avropanın yaz və yay aylarında daha çox qaza ehtiyacının yaranacağından xəbər verir. Ukrayna üzərindən Rusiya qazının nəqlinin dayanması, Sucada qazötürücü məntəqənin partladılmasından sonra tamamilə mümkünsüz hala gəlməsi anbarların doldurulması müddətində Avropada qaz qiymətlərinin xeyli yüksələcəyindən xəbər verir.

Bir çox analitik mərkəzlər qiymətlərin min dollara qədər bahalaşacağını gözləyirlər. Lakin fərqli fikirlər də mövcuddur. Belə ki, Çinin ABŞ-dan maye qaz idxalına 15 faiz əlavə rüsum tətbiq etməsi bu ölkənin əvvəlcədən bağlanan müqavilələr üzrə alınacaq qazı digər alıcılara təklif edəcəyi gözlənilir. Bu isə Avropanın əlavə həcmlər bolluğu yaşamasına gətirib çıxara bilər.

Digər tərəfdən, Avropada son illərdə alternativ enerji istehsalına yatırımların sürətli artımı bu il belə enerjinin ümumi istehlakda payının daha yüksək həddə çatmasına səbəb olacaq. Belə ki, 2024-cü ildə Avropa İttifaqının bütün elektrik enerjisi istehsalının 47,4 faizini bərpa olunan enerji mənbələri (RES) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,6 faiz bəndi çoxdur. Bərpa olunan enerji mənbələri üzrə ümumi göstəricinin 39,1 faizini külək elektrik stansiyaları, 29,9 faizini su elektrik stansiyaları (SES), 22,4 faizini günəş elektrik stansiyaları istehsal edib.

Bərpa olunan enerji mənbələrinin ümumi istehsal həcmində ən əhəmiyyətli payı Danimarkada (88,8 faiz) qeydə alınıb, burada elektrik enerjisi istehsalının əhəmiyyətli həcmi külək elektrik stansiyalarından əldə olunur. Sonrakı yerləri Polşa (87,4 faiz, külək və su elektrik stansiyaları) və Xorvatiya (73,8faiz, su elektrik stansiyaları) tutur. Bərpa olunan enerji mənbələrinin ən aşağı payı Malta (15,1 faiz), Çexiya (17,5 faiz) və Kiprdədir (24,1faiz).

Bu il bərpa olunan enerjinin Avropanın ümumi enerji istehsalının 50 faizinə qədər artacağı gözlənilir. Bu isə qaza olan tələbatın daha da azalmasına gətirib çıxaracaq. Hansı ki, son 3 ildə bu tələbatın 25 faizdən çox azalması qeydə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR