İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə ad günü hədiyyəsi, Rusiyanın dəhşətli intiqamı - Müharibədə SON DURUM

Aylardır davam edən Rusiya-Ukrayna savaşında son vəziyyət necədir?

Hücumları davam etdirən Ukrayna qüvvələri Rusiya ərazisi ilə Krım yarımadasını birləşdirən Krım körpüsünə zərbələr endirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin “Telegram” hesabında edilən paylaşımda Krım körpüsündə baş verən partlayışın fotosu yer alıb və “Sübh açılır, körpü gözəl yanır” qeydi yazılıb.

PUTİNƏ AD GÜNÜ HƏDİYYƏSİ

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov cümə günü 70 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putinə mesaj verib.

Onun paylaşdığı videoda sol tərəfdə yanan Krım körpüsünün görüntülərini əks olunub, sağ tərəfdə isə Merilin Monronun oxuduğu “Doğum gününüz mübarək, cənab prezident” mahnısı yer alıb.

RUSİYADAN CAVAB GƏLDİ

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ilhaq etdiyi Zaporojye bölgəsinə raket hücumu nəticəsində 12 nəfərin öldüyünü, 49 nəfərin yaralandığını açıqlayıb.

“Yenə Zaporijye… Gecə yarısı yaşayış binalarında dinc insanlara qarşı amansız hücumlar... 12 nəfər həyatını itirib. 6-sı uşaq olmaqla 49 yaralı xəstəxanadadır”, - o bildirib.

Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevin verdiyi məlumata görə isə, raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.

"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. İndiki ana qədər olan informasiyaya görə, 17 nəfər ölüb", - Kurtev qeyd edib.

Hücum “Krım körpüsünün qisası” kimi qiymətləndirilib.

Digər tərəfdən, Rusiya ərazisi ilə Krım yarımadasını birləşdirən Krım körpüsündə baş verən partlayışdan sonra Moskva ilk rəsmi addımı atıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin Kerç boğazında mühafizənin gücləndirilməsi haqqında fərman imzalayıb.

MÜHARİBƏNİN YENİ KOMANDANI

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Surovikinin Ukraynadakı xüsusi təyinatlı hərbi hissələrin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

“Rusiya müdafiə nazirinin qərarı ilə general Sergey Surovikin xüsusi hərbi əməliyyatlar zonasında birləşmiş qoşunların komandanı təyin edilib”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Sergey Surovikin 2017-ci ildən Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsini icra edir, Rusiyanın Ukraynada əməliyyatları başlayandan isə Cənubi Rusiya Qoşunlarına komandanlıq edir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR