İnsanlara hürriyət, millətlərə istiqlal!

“Piyada vurulmasında sürücü həmişə günahkar deyil” - rəy

Hüquqşünas: “Hətta Rusiyada belə, piyadanın günahı üzündən hadisələr baş verəndə sürücünü, sadəcə, izahatını alıb sərbəst buraxırlar”

Azərbaycanda piyadaların vurulma halları artır. Gün ərzində az qala, bir neçə belə hadisə qeydə alınır.

Piyada vurulması əsasən sürətli yollarda baş verir və əksəri də məhz piyada səhlənkarlığı ucbatından baş verir. 90-lıq, 110-luq yolda piyada qəfil yola çıxır, bu sürətdə, təbii ki, maşını saxlamaq mümkün deyil. Yaxud piyada şəhərdə avtobusun qarşısından çıxaraq özünü maşın yoluna atır və qəza qaçılmaz olur.

Sirr deyil ki, Azərbaycanda istənilən piyada vurulması hadisəsində sürücülər məsuliyyətə cəlb olunur. Halbuki hadisənin videosuna baxarkən sürücünün təqsirsiz olduğu görünür.

Dünya təcrübəsində də belədir ki, sürücü piyada vurulmasında günahkar deyilsə, o, məsuliyyətə cəlb olunmur. Bizdə isə vəziyyət fərqlidir. Bu yöndə qanunun təkmilləşməsinə ehtiyac var. Hüquqşünas, nəqliyyat eksperti bu barədə nə deyir? Necə olmalıdır?

Antikorrupsiya həbslərinin hədəfi - ilin sonunadək “böyük başlar”...

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illərdə piyadaların iştirakı ilə avtoqəza halları çoxalıb. Hüquqşünas deyib ki, bunun səbəbləri əsasən yerüstü və yeraltı piyada keçidlərinin azlığı, həmçinin piyadaların  məsuliyyətsizliyi, sürücülərin diqqətsizliyidir: “Məhkəmələr əsasən avtoqəza hadisələrinin videolarına baxmırlar. Çünki bu videolar müvafiq istintaq orqanı tərəfindən əsasən təqdim edilmir. Ediləndə isə baxış keçirilməsinə təşəbbüs göstərilmir. Qanunda hakim məhz videoya baxıb qərar verməlidir kimi göstəriş yoxdur. Bunu da qanundakı boşluq kimi dəyərləndirmək olar. Avtoqəzalarla bağlı məhkəmələrə təqdim olunan sənəd-sübutlar da çox vaxt obyektivlikdən uzaq olur. Bu da yanlış qərarların verilməsinə gətirib çıxarır. Avtoqəzaların əksəriyyətində günah birmənalı şəkildə piyadada olur. Ancaq buna baxmayaraq, yenə də sürücülər məsuliyyətə cəlb olunur. Yol-nəqliyyat hadisələri ilə bağlı ekspert rəylərində yazırlar ki, sürücü qəzanın baş verməsinin qarşısını almaq üçün vaxtında əyləci basmayıb, diqqəti piyadada olmayıb, manevr edib qəzadan yayınmayıb və s. Piyadanın vurulması öz günahıdırsa, sürücü niyə məsuliyyətə cəlb olunmalıdır? Bir müddət əvvəl belə bir təhlil vardı ki,  Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələrinin 50 faizi piyadaların vurulması ilə nəticələnir. Ümumrespublika üzrə isə piyadaların vurulması ilə nəticələnən qəzalar 50 faizdən yüksək olur. Bu istiqamətdə araşdırma aparılanda görürük ki, piyadaların vurulması ilə nəticələnən avtoqəzaların 90-95 faizində sürücülər günahkar bilinir. Araşdırılanda isə məlum olur ki, qəzanın baş verməsində günahkar piyada olub. İşıqlandırılmayan yolda, qara geyimdə gecə yarısı qəfildən saatda 60-70 kilometr sürətlə hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxıb qəzaya səbəb olub və qəza zamanı hadisə yerində keçinib. Bundan sonra sürücünün qara günləri başlayır. Avtotexniki ekspertiza rəy verir ki, sürücü qəzadan yayına bilərdi, əyləci basıb manevr etməklə vəziyyətdən çıxa bilərdi. Əslində isə həmin rəyi verən ekspertin özünü sükan arxasına əyləşdirsələr, həmin qəzadan yayına bilməyəcək. Çünki bu, sadəcə, mümkün deyil”.

Hüquqşünas deyir ki, avtotexniki ekspertiza qəzaların 90-95 faizində sürücünü günahkar çıxarmağa əsas verən rəy yazır: “Sovetdənqalma ”Yol hərəkəti haqqında" qanuna dəyişiklik olundu. Gözlənilirdi ki, dəyişiklikdən sonra sürücünün günahsızlığı sübut olunacağı halda  məsuliyyətdən azad olunması qanuni olacaq. Qanun dəyişdi, amma daha da betər hala salındı. Yazırlar ki, sürət həddi 110 kilometr saat olan yolda piyadanın vurulması ilə nəticələnən qəza baş verərsə, piyada sağ qaldığı halda, sürücü məsuliyyətdən azad edilir. Yəni piyada keçinsə, sürücü günahkardır. Bu qədər absurd yanaşma olar? O sürətdə piyada qəzadan sağ çıxa bilər?"

Hüquqşünasın sözlərinə görə, istintaq zamanı sürücüdən avtomobili niyə sağa-sola qaçırtmadığını, niyə əyləci basıb hadisənin qarşısını almağa çalışmadığını soruşurlar: “Amma onu da nəzərə almaq lazımdır ki, saatda 110 kilometr hərəkət edən avtomobili sürücü sağa-sola qaçırsa, başqa daha dəhşətli qəza baş verə bilər, özü və ya avtomobildəki sərnişinlərdən kimsə ölə bilər. Bundan başqa, o sürətlə hərəkət edən avtomobilin qəfil əyləci basılsa, avtomobil aşıb çevrilə bilər. Qarşı yola çıxa bilər, digər avtomobilləri vura bilər. Bununla yanaşı, həmin yolda çox zaman gecə lampaları yanmır və görüntü məhdud olur. Yəni sürücünü başa düşmək lazımdır. O, yaşadığı bu stresi ömür boyu unuda bilməyəcək. Dünyanın bir çox ölkəsində belə hallarda sürücülər sərbəst buraxılır. Azərbaycanda da sürücü sərbəst buraxılsa, piyadalar bundan dərs götürəcəklər.  Qəzalarda birmənalı şəkildə sürücülərin həbsi digər piyadaları da arxayınlaşdırır. Belə hadisələrdə sürücünün həyatı məhv edilməməlidir. Hətta Rusiyada belə, piyadanın günahı üzündən hadisələr baş verəndə sürücünü, sadəcə, izahatını alıb sərbəst buraxırlar. Bizim qanunvericilikdə də qeyd olunub ki, piyadanın günahı üzündən avtomobil qəzası baş versə, sürücü, onun sərnişini və ya avtomobili zərər görsə, bunun məsuliyyətini piyada daşımalıdır. Amma baxaq, bizim təcrübədə belə hal baş veribmi? Olubsa da, ictimailəşməyib. Belə situasiyalarda sürücü məsuliyyətə cəlb edilməməlidir”.

Hüquqşünas deyib ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məcəllənin 263.2. maddəsinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qəza avtomobil idarəetmə hüququ olmayan şəxs tərəfindən və sərxoş vəziyyətdə baş veribsə, sürücü 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Hüquqşünas “Yol hərəkəti haqqında” qanunun Avropa standartlarına, bu, mümkün deyilsə, heç olmasa Rusiya qanunlarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb: “Məhkəmə-hüquq islahatları cəzaçəkmə yerlərinin boşaldılması niyyəti aparılırsa, sürücüləri həbs yerlərinə doldurmağın mənası yoxdur. Piyada sürət həddi 80-90 olan yolun ortasına çıxıb həyatını itirir. Bu, piyadanın özünün məsuliyyətsizliyindən baş verir. Arada sürücü böyük xərcə düşür, üstəlik, həbsə də göndərilir. Halbuki sivil dünyanın əksər ölkələrində belə hal baş verdiyi zaman sürücünü heç cərimə də etmirlər. Sadəcə, rəsmiləşmə aparılır. Yeganə ölkə Azərbaycandır ki, burada sürücülər həmişə günahkar çıxarılır. Bizim qanunvericilikdə qeyd edilir ki, sürücü son ana qədər bütün üsul və vasitələrdən istifadə edərək hadisənin qarşısını almağa çalışmalıdır. Bu cür yanaşmaya son qoyulmalıdır. Azərbaycanda qüvvədə olan ”Yol hərəkəti haqqında" qanunda yazırlar ki, yaşayış məntəqələri olan ərazilərdə 150-300 metr məsafədən bir, yaşayış məntəqələrindən kənar ərazilərdə isə 700-800 metr məsafədən bir piyada keçidləri qoyulmalıdır. Azərbaycanda bu tələbə cavab verən yol, sadəcə, yox səviyyəsindədir. Aeroport yolunda bu qaydalara əməl olunmur. Keçidlər arasındakı məsafə çox böyükdür. Amma bu, o demək deyil ki, piyadalar belə yollardan keçməlidir. Qəza piyadanın günahı üzündən baş verib. Heç bir halda biz deyə bilmərik ki, hadisə zamanı piyada haqlı olub, sürücü ona yol verməlidir. Əgər qanunvericiliyin tələbindən söhbət gedirsə, piyadanın o yolda nə işi var?"

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR