Onlayn ictimai-siyasi qəzet
HƏMAS lideri Tehranda yatdığı yerdə raket zərbəsi ilə öldürüldü, SEPAH-a “əlcək atıldı”, İran üç günlük matəm elan etdi; yeni prezidentin yumşalma siyasətinə ciddi zərbə vuruldu - beynəlxalq reaksiyalar və analitiklərin rəyləri...
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda qaldığı iqamətgahda raket zərbəsi ilə öldürülüb. “Yeni Müsavat” yazır ki, İsrail hərbi aviasiyasının zərbəsi nəticəsində Haniyənin özü və mühafizəçisi həlak olub.
O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi. Haniyənin dəfn mərasimi avqustun 1-də Tehranda keçiriləcək. İran Haniyənin qətlə yetirilməsi ilə əlaqədar üç günlük matəm elan edib. Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, sui-qəsd yerli vaxtla gecə saat 02:00-da idarə olunan raketdən istifadə edilməklə həyata keçirilib. İyulun 13-də İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi. Bundan sonra HƏMAS-ın əsas liderlərindən birinin öldürülməsi göstərir ki, İsrail öncədən hazırlıq görüb. HƏMAS təmsilçiləri Tehranı Qəzzadan, Ramallahdan daha təhlükəsiz bilirdilər. Bir çoxları da İran ərazisində toplantı və koordinasiya işləri həyata keçirirdilər. Bu mesaj verildi - Tehran təhlükəsiz yer deyil, qorxulu yerdir... İranın ali liderlərinə, dövlət başçılarına da açıq mesaj verildi - evlərinizi başınıza uçurarıq. Sizi yatdığınız yerdə qətl edərik.
Bu, İrana, onun müdafiə və kəşfiyyat güclərinə, özünü regionun ağası sayan SEPAH-a əlcək atmaq, onları aşağılamaqdır. Ən ali qonaqları ən önəmli gündə qoruya bilməyən SEPAH, digər güclər öz liderlərini və hətta özlərini də qoruya bilməzlər. İranın etibarsızlaşdırılması baş verdi və bu, alındı. Bu hadisəyə artıq iyulun 31-i səhər saatlarından reaksiyalar gəlməyə başlayıb. Fələstin prezidenti Mahmud Abbas Haniyənin qətlini pisləyib. O bildirib ki, sözügedən qanlı hadisə regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək. M.Abbas Fələstin xalqını İsrailə qarşı qətiyyətlə birləşməyə çağırıb.
"İsmayıl Haniyənin qisasını almaq İranın borcudur" - İranın ali lideri ayətullah Əli Xamenei belə deyib. Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: “Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”. İran prezidenti Məsud Pezeşkian Haniyənin qətli ilə bağlı X hesabında paylaşımında bildirib ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq: “Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə deyib ki, Haniyənin qanı yerdə qalmayacaq. “Haniyənin Tehranda şəhadəti Tehran, Fələstin və müqavimət arasında dərin və qırılmaz bağı gücləndirəcək”, - o bildirib.
“HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm”. Bu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın X hesabındaki paylaşımda deyilir: “Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”. O əlavə edib ki, Türkiyə Fələstini bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov isə deyib ki, HƏMAS liderinin öldürülməsi regionda münaqişəni daha da alovlandıra bilər. O bu hadisəni siyasi sifariş adlandırıb və qəbuledilməz olduğunu bildirib. Boqdanov əlavə edib ki, baş vermiş qətl birmənalı olaraq Qətərdəki danışıqlara neqativ təsir edəcək.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluna görə, İsrail HƏMAS liderini istənilən başqa ölkədə neytrallaşdıra bilərdi, ancaq bunun üçün məhz İranı seçdi. Onun fikrincə, İsrailin Haniyəni Tehranda raket zərbəsi ilə öldürməsinin səbəbi islahatçı kimi dəyərləndirilən İranın yeni prezidenti Məsud Pezeşkianla bağlıdır: “İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir. Məsud Pezeşkianın isə prezident kürsüsündə başlıca məqsədi Qərb ölkələri ilə münasibətlərin normallaşması, yeni nüvə anlaşmasının imzalanması olacaqdı. Bu, İsrailin maraqlarına ziddir. Çünki Tel-Əviv düşünür ki, Tehran Qərblə münasibətlərin normallaşması adı altında həm nüvə çalışmalarını davam etdirəcək, həm də əvvəlki kimi HƏMAS və Hizbullah kimi təşkilatları İsrailə qarşı maliyyələşdirməkdə və silahlandırmaqda davam edəcək”. Politoloq hesab edir ki, HƏMAS liderinin Pezekişanın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürülməsi İranın yeni prezidentinin imicinə də mənfi təsir etdi: “Pezeşkian HƏMAS liderinin Tehranda öldürülməsinə kəskin reaksiya vermək məcburiyyətindədir, o, ali dini lider və SEPAH-ın İsrailə qarşı müxtəlif həmlələrinə dəstək vermək məcburiyyətində qalacaq. Belə olan halda Məsud Pezeşkianın Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istəyi arxa plana keçəcək. İsrailə də elə bu lazımdır”.
Aqşin Kərimov
Siyasi icmalçı Aqşin Kərimovun qənaətinə görə, kəşfiyyat orqanları İrana gələn nümayəndə heyətləri arasında “casus axtarışına” başlaya bilər, elə İsrailin də məqsədi İranı bu istiqamətə yönləndirməkdir. Onun fikrincə, bununla İsrail İranın təhlükəsizlik cəhətdən boşluqlarla dolu ölkə olduğunu göstərir, Tehranın xarici dövlətlərlə əlaqələrində əhəmiyyətli maneə yaratmağa çalışır: “İsmayıl Haniyə İranın Yaxın Şərqdəki arzusunda olduğu məhdud güzəşt siyasətinin qurbanı ola bilər. Yəni İran beynəlxalq aləmlə əlaqələrini cilalamağa çalışdıqca, onun qarşısında Yaxın Şərqdəki addımlardan çəkilmək şərt kimi qoyulurdu. İran ola bilsin ki, qapalı görüşlərdə müəyyən kompromis əlamətlərini göstərib, lakin gerçəklikdə o, böyük ölçüdə regional siyasətini redaktə edən deyildi. Hər halda, bu versiyalar gündəmdədirsə, Haniyənin öldürülməsi səbəbləri İranın daxili arenasında da axtarıla bilər”. Təhlilçi hesab edir ki, Haniyədən sonra HƏMAS-ın müqaviməti qırıla bilər.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova isə düşünür ki, bu hadisə İranın İsrailə müharibə elan etməsinə səbəb ola bilər: “Çünki İsrail birbaşa İranın paytaxtına raket zərbəsi endirib. İndiyə qədər İran-İsrail savaşı proksi gedib, amma bu dəfə Tehran hədəf alınıb. Eyni zamanda Pezeşkianın inaqurasiyası olan günü HƏMAS liderinin qətli yeni prezident üçün yaxşı başlanğıc olmadı. O, Qərb və İsraillə gərginliyi azaltmaq istiqamətində siyasət apara bilərdi ki, Haniyənin öldürülməsi faktı buna imkan verməyəcək. İndi İran prezidenti məcburdur ki, kəskin bəyanatlarla çıxış etsin”.
Məlumat üçün deyək ki, Haniyə 1963-cü ildə Qəzza zolağındakı Elşati qaçqın düşərgəsində anadan olub. Ailəsi 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Aşkelon şəhərindən qaçaraq qaçqın vəziyyətinə düşüb. 1987-ci ildə Qəzza İslam Universitetini bitirib. O, 1989-cu ildə Birinci İntifadada iştirak etdiyi və HƏMAS üzvü olduğu səbəbilə həbs edilib. 1992-ci ildə azad edildikdən sonra o, 415 İslami Cihad və HƏMAS üzvlərindən ibarət qrupa qoşularaq, İsrail tərəfindən Cənubi Livana deportasiya edilib. Növbəti il Qəzzaya qayıdıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ