İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Bakı ilə çözməli olduğu tənlik - konstitusiya tələsi...

Manukyan deyir ki, ərazi iddiası preambulada öz əksini tapıb və həmin müddəa referendumla dəyişdirilə bilməz - şərh

Ermənistan rəsmiləri, başda baş nazir Nikol Paşinyan və prezident Vaahn Xaçaturyan olmaqla, dil boğaza qoymadan “günü bu gün, yaxud COP29-dək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq” desələr də, aydındır ki, imzalanacaq sənədin adı mahiyyətcə fərqli olacaq. Çünki kapitulyant tərəf Azərbaycana qarşı rəsmən torpaq iddiasından imtina etməyə tələsmir və o üzdən onun ərazi bütövlüyümüzü hansısa yarımçıq sülh sənədi əsasında tanıdığına əmin ola bilmərik. Əfsuslar ki, Ermənistanda Bakının konstitusiya ilə bağlı məlum və haqlı tələbi ətrafında siyasi manipulyasiyalar səngimir. Özü də məsələdə hakim qüvvə radikal-revanşist müxalifətdən heç də geri qalmır...  

Bu arada Ermənistan müxalifətçi" Milli Konqres" partiyasının (rəhbəri eks-prezident Levon Ter-Petrosyan - red.) sədr müavini Aram Manukyan sülh müqaviləsinin mümkünlüyü ilə bağlı diqqətçəkən fikir söyləyib. Sitat: “Konstitusiya faktiki öz tələsinə düşüb. Məsələ burasındadır ki, 2021-ci ildə Paşinyanın partiyası öz maraqlarından çıxış edərək, Konstitusiya Məhkəməsində bir qərar çıxarıb. Həmin qərara görə, konstitusiyanın preambulası dəyişdirilməsi mümkün olmayan müddəa kimi tanınıb. Bəyannaməyə istinad (Azərbaycan ərazilərinə iddia bu hissədə yer alır - red.) məhz preambulada öz əksini tapıb”. Yəni belə çıxır, həmin müddəa (preambula) referendum yolu ilə də dəyişdirilə bilməz, yoxsa...

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Ermənistandan hər dəfə bir çatlaq səs gəldiyini qeyd etdi. Onun sözlərinə görə, referenduma getməklə preambulanın dəyişməsi də mümkündür, sadəcə, bəhanələr çoxalır. Hüquq müdafiəçisi bildirdi ki, Ermənistan yarımçıq sülh üçün hər şey edir, yekun sülhə isə razılaşmır: “Bu məsələnin uzanması İrəvandan qaynaqlanır. Ermənistan özünü sülhsevər göstərməklə deyil, ərazi iddialarını gələcəyə saxlamaqdadır. Biz buna niyə razılaşmalıyıq? Deyək ki, sənəd imzalandı, tərəflər barışıq elan etdi, bəs konstitusiyada Qarabağa iddianın qalmasını necə izah edəcəklər... Ona görə bizi maraqlandırmır ki, Ermənistan qanunvericiliyə dəyişiklikdə hansı problemlərlə üzləşir, tələbimiz birmənalı şəkildə yerinə yetirilməlidir. Əgər belə davam edəcəklərsə, sülh də olmayacaq. Azərbaycana bu şəkildə sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü təmin etmişik, separatizmi məhv etmişik, tələsmirik, qoy ermənilər düşünsünlər”.

Ç.Qənizadə açıqladı ki, Ermənistan 2027-ci ildə referenduma gedəcəksə, o vaxta qədər sülh müqaviləsi olmayacaq: “Biz 30 ildən çox danışıqlar aparmışıq. Bu müddətdə əsas müzakirələr Qarabağın işğalı ilə bağlı olub. Ermənistan-Azərbaycan sülh danışıqları işğala son qoyduqda başlanıb. Əgər İrəvan bu məsələni də onillərlə uzatmaq fikrindədirsə, zərər görəcək. Həm siyasi-iqtisadi, həm əhalisinin inkişafı baxımdan. Rusiyadan uzaqlaşmaq istəyən ölkə sülh şərtlərinə cavab verməlidir”.

Samir Əsədlinin namizədliyi qeydə alındı

 Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə vurğuladı ki, sülh müqaviləsi bölgədə dayanıqlı dinc həyatı təmin edəcək sənəd deyil: “Hətta yekun sülh sazişi də olsa, Ermənistan yenə atəşkəsi poza, təxribata yol verə bilər. Bu zaman onu dəstəkləyən qüvvələr Azərbaycanı ittiham edəcəklər və atəşin ilk hansı tərəfin açdığını sübuta yetirmək çətin olacaq. Bizim təsəvvür etdiyimiz sülh regionda yanaşı yaşamağı mümkünləşdirmək, nəqliyyat kommunikasiyalarını açmaqdır. Əgər yolla açılsa, avtomobillər, yük maşınları hərəkət etsələr, dəmiryol xətti işə düşsə, bölgəyə dayanıqlı sabitlik gələ bilər. Çünki istər-istəməz gediş-gəliş olur, təhlükəsizliyin təminatı vacib məsələyə çevrilir və o zaman ermənilər hərbi təxribata yol verməyəcəklər. Bu da sülhü gətirəcək. Yəni hansısa bir kağıza qol çəkilməsi ilə münaqişə həllini tapmır. Əlbəttə, sülh sənədi lazımdır, amma indiki şərtlər əlverişli deyil. İkincisi, Ermənistan hakimiyyəti çəkinir. Paşinyan imzalanan sənədin daxildə etirazlara səbəb olacağından qorxur. Çünki Qarabağdan birmənalı imtina etməlidir, ”artsax" ideyasını yox etməlidir".

S.Əsədlinin bildirdiyinə görə, Qarabağdan Ermənistana könüllü köçmüş ermənilər geri qayıtmaq fikrində olmadıqlarını, bu ölkədə qalıb yaşamaq niyyətində olduqlarını dəfələrlə bəyan etsələr də, İrəvandakı bəzi dairələr heç bir şəkildə onların sakit oturması ilə barışmır: “Bu da revanşizm ovqatını gücləndirir. Hazırda bu istiqamətdə bir sıra işlər görməyə çalışan erməni QHT və siyasi partiyaları gündə bir ideya ilə çıxış edirlər. Məsələn, bu günlərdə ”Hüquqi özbaşınalığa qarşı" QHT-nin rəhbəri Larisa Alaverdyan təklif edib ki, Qarabağ ermənilərinə Ermənistanda ikinci pasport verilməlidir. Orada həmin şəxsin Qarabağdakı ünvanı, qaçqın olması qeyd edilməlidir. Guya ona görə lazımdır ki, onlar gələcəkdə Qarabağa köçürülmələri üçün mübarizə apara bilsinlər və geri qayıdarkən harada yaşayacaqlarını bilsinlər. Həmçinin Qarabağdakı əmlaklarını geri qaytarmağa nail olsunlar. Bununla bağlı iddia qaldırsınlar və sairə". Yəni motal əl çəkdi, erməni əl çəkmədi. Paşinyan da bu məsələni izləyir və qanunvericiliyə dəyişiklik etməyə getmir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR