İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yeni konstitusiya üçün xalqa müraciət etdi: Azərbaycanın əsas şərti yerinə yetirilir?

Ermənistan Baş naziri Nikol Paşinyan, xalqa “ideoloji müraciət” edərək Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, onun sözlərinə görə, hazırkı Konstitusiyanın qəbul edilməsi ilə bağlı keçirilən əvvəlki referendumlar legitimlik baxımından cəmiyyət tərəfindən ciddi sual altına qoyulub.

Onun sözlərinə görə, Ermənistanda heç vaxt vətəndaşların Konstitusiyanı özlərinin qəbul etdiyi hissi olmayıb və bunun səbəbi siyasi proseslərlə bağlıdır:

“Ermənistan Konstitusiyasının vətəndaşlar tərəfindən qəbul edildiyi hissi yoxdur. Heç kim özünün ona səs verdiyini düşünmür. Sizə məlum olan siyasi səbəblərə görə bu qəbul prosesi baş tutmayıb.”

Paşinyan hesab edir ki, ermənilər əsrlər boyu başqalarının yaratdığı dövlətlərdə və onlara kənardan təlqin olunan hüquqi sistemlərdə yaşayıblar. Bu da onların hüquqa yanaşma tərzinə təsir edib:

“Biz əsrlər boyu başqa dövlətlərdə, başqalarının yaratdığı sistemlərdə yaşamışıq və xaricdən bizə təlqin olunan hüquqi normalara tabe olmuşuq. Bu düşüncə hələ də qalmaqdadır. Hüquq sisteminə münasibətimiz 130 və ya 200 il əvvəl olduğu kimidir – yad dövlətlərin bizə diktə etdiyi kimi.”

O vurğulayıb ki, yeni Konstitusiyanın qəbulu mühüm məsələdir, çünki hazırkı Konstitusiyanın qəbul edilməsi üçün keçirilən referendumlar cəmiyyətdə ciddi legitimlik problemləri ilə üzləşib.

Baş nazir Ermənistanı “dövlətsiz xalq” statusundan çıxararaq, dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək üçün Konstitusiyanın dəyişdirilməsinin əsas strateji məqsəd olduğunu bildirib:

“Yeni Konstitusiyanın qəbul edilməsinin strateji məqsədi, “dövlətçiliyi olmayan xalq” qalıqlarından dövlət yönümlü bir xalqın formalaşmasına keçid etməkdir.”

Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanın sülh müqaviləsi üçün əsas şərtlərindən biridir, çünki hazırkı Konstitusiyada Azərbaycanın ərazilərinə iddialar əks olunub. Bu baxımdan, Paşinyanın yeni Konstitusiya təşəbbüsü Azərbaycanın əsas tələbini yerinə yetirmək istiqamətində mühüm addım kimi görünə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR