İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan qərbi azərbaycanlılarla nə vaxt görüşəcək?

Dövlət başçısı İlham Əliyevin “Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik” çağırışına reaksiyalar: “Dünya ictimaiyyəti də bu məsələyə diqqət ayırmağa başlayıb...”

Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dünya birliyinin Qərbi Azərbaycan məsələsini artıq beynəlxalq gündəliyə daxil etdiyini vurğulayıb. 

“Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, "böyük Ermənistan" xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik", - Prezident vurğulayıb.

Dövlət başçısı bir daha vurğulayıb ki, qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyil və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir: “Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”.

Elşən Musayev: Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına  qaçma

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təməlli sülh olmadığı sürəcdə uduzan yalnız Ermənistanın özü olacaq: “Qərbi azərbaycanlıların öz doğma dədə-baba yurdlarına qayıtması, əjdadlarının məzarlarını ziyarət edə bilməsi onların ən təbii hüquqlarından biridir və Ermənistan rəhbərliyi gec-tez bu hüququn realizəsinə şərait yaratmalı olacaq. Eyni zamanda tərəfimizdən sərgilənən dinc təşəbbüslər kimsəni qorxutmamalı, ərazi iddiası kimi anlaşılmamalı, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun şəkildə atılan addım kimi qiymətləndirilməlidir. Bir ara Paşinyan Ermənistan Konstitusiyasındakı ziddiyyətlərlə bağlı məsələlərin tezliklə aradan qalxacağını söyləmişdi. Hətta referendum açıqlaması vermişdi. Amma sonradan səsi-sorağı çıxmadı. Yəqin ya hamiləri buna mane oldu, ya da revanşistlərin təpkisi ilə üzləşdi. Hərçənd ki, Ermənistan rəhbərliyi də, hökuməti də, xalqı da bir şeyi gec olmadan anlamalıdır ki, məlum düzəlişlər edilmədən, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxmadan heç bir təməlli sülhdən söhbət gedə bilməz. Təməlli sülh olmadığı sürəcdə isə uduzan yalnız Ermənistanın özü olacaq. Üstəlik, bütün etaplarda və zaman kəsiklərində. 30 il torpaqlarımızı işğal altında saxlayıb nə qazandılar? Heç nə! Axırda biz nə dediksə, biz necə deyirdiksə, elə oldu. Qərbi Azərbaycana qayıdış məsələsi də bax bu cür olacaq. Yəni Azərbaycan tərəfi nə deyirsə, necə deyirsə, Ermənistan dövləti həmin deyilənlərlə nəhayətində razılaşacaq. Sadəcə, bizim məqsədimiz budur ki, vaxt itirməyək, məsələni tezləşdirək, zamanı sürətləndirək. Ona görə də Paşinyan bu haqda ciddi-ciddi düşünməli, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını beynəlxalq hüququn prinsiplərinə, göstərişlərinə uyğun şəkildə təmin etməlidir. Həm də təcili və gec olmadan”.

Mürvət Həsənlidən Sərraf Məmmədzadəyə İTTİHAM -

Mürvət Həsənli

Qərbi Azərbaycan İcmasının qurucularından biri, qurumun Qəyyumlar Şurasının sədri Mürvət Həsənli Paşinyanın başqa çıxış yolunun qalmadığını vurğuladı: “Cənab Prezident bu açıqlamaları ilə Qərbi Azərbaycan məsələsində son nöqtəni qoydu və bu məsələdə Azərbaycanın qəti mövqeyini dünyaya bir daha nümayiş etdirdi. Qayıdış olmadığı sürəcdə bu məsələnin gündəliyimizdə daim qalacağını da qeyd etdi. Biz qərbi azərbaycanlılar olaraq o anı həsrətlə gözləyirik. Düşünürəm ki, Paşinyanın başqa çıxış yolu da qalmayıb. O, Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə görüşməli və bu məsələni müzakirə etməlidir. Zatən sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri də qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasıdır. Bunu erməni baş nazir yaxşı anlamalıdır. Artıq dünya ictimaiyyəti də bu məsələyə diqqət ayırmağa başlayıb. Düşünürəm ki, burada Qərbi Azərbaycan İcmasının yarandığı gündən bu günə qədər göstərdiyi fəaliyyət də mühüm rol oynayır. Biz o torpaqlara qayıdacağıq dedikdə, başqa bir ölkənin ərazisinə iddia irəli sürmürük. Bu bir tarixi faktdır ki, o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Tarixdən məlumatlı olanlar yaxşı bilir ki, Qərbi Azərbaycan ərazisi mərhələ-mərhələ necə Ermənistan tərəfə keçib. Ermənistanın paytaxtı belə Azərbaycan şəhəridir. Biz mərhələ-mərhələ həmin torpaqlarımıza yenidən sahib çıxacağıq. Bu barədə qəti şəkildə ümidsiz deyilik”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR