Onlayn ictimai-siyasi qəzet
“Özümüzlə olan münasibətimiz həyatımızdakı bütün münasibətlərin təməlini və əsasını təşkil edir. Bu münasibət sağlam olduqda, həm daxili rifah səviyyəmiz artır, həm də digər insanlarla balanslı və dərin münasibət qura bilirik”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Gülsabah Quliyeva açıqlayıb.
Onun sözlərinə görə, psixoloji aspektdən yanaşdıqda özümüzlə sağlam münasibətin bir neçə əsas elementi önə çıxır:
“İlkin növbədə özü ilə sağlam münasibət öz-fərqindəlik (özünü dərk) ilə başlayır. Emosiyalarımızı, düşüncələrimizi, ehtiyaclarımızı, müəyyən davranış qəliblərimizi tanımaq və beləliklə reaksiyalarımızın arxasındakı səbəbləri anlamaq daxili harmoniyanı dəstəkləyir. Öz-fərqindəlik olmadan biz sadəcə avtopilotda yaşamağa davam edir, həyatı seçmək əvəzinə başımıza gələnlərə sadəcə reaksiya verən bir vəziyyətdə oluruq. Belə ki, fərqindəlik bizə həyatımızın kontrolunu geri almağa və özümüzə qarşı daha anlayışlı nöqtədən durmağa yardım edir.
Digər tərəfdən, özünü qəbul özümüzlə sağlam münasibətin vacib elementlərindən biridir. Bu özümüzü tənqidi bir baxış olmadan olduğumuz kimi çatışmazlıqlarımız və güclü tərəflərimizlə qəbul etməyi ifadə edir. Özünü qəbul, insanlar tərəfindən hər zaman inkişafa mane olacaq bir xüsusiyyət kimi gəlir. Əksinə, həqiqi və səmimi özünü qəbul böyüməyə yol açmaqdır. Çünki özümüzü olduğumuz kimi qəbul etmək daxili rahatlığı tapmağa kömək edir və bunu bacara bildikdə özünütənqid üçün ayrılan və bizi tükədən enerjimiz özünü inkişafa yönəlir”.
Psixoloq qeyd edib ki, özünütənqid çox vaxt inkişafın bir hissəsi kimi bizə təqdim olunsa da, həddindən çox olduqda təşvişə və dərin dəyərsizlik hissinə gətirib çıxara bilir:
“Halbuki özümüzlə sağlam münasibət qurmağın bir mənalı olaraq ən vacib elementlərindən isə öz şəfqətdir. Öz şəfqət özümüzə, çətin bir anında ən çox sevdiyimiz və dəyərli olan bir insana davrandığımız dəstək və sevgi ilə davranmaqdır. Sərhədlər özümüzlə və başqaları ilə sağlam münasibətin təməl hissələrindən biridir. Sağlam sərhədlər həm münasibətlərimizi qoruyur, həm də tükənməyin qarşısını alır. Sərhəd qoymaq sadəcə xarici dünyaya deyil, eyni zamanda daxili dünyamız üçün də vacibdir. Məsələn, çox yorğun olduğunu hiss edib, fasilə vermək, bizi dəyərsizləşdirən iç səsləri analiz etmək və s. hər biri sərhəd qoyma davranışıdır və eyni zamanda içində öz fərqindəliyi və öz şəfqəti də ehtiva edir”.
G.Quliyeva sonda qeyd edib ki, şəxsi həyat dəyərlərimizi müəyyənləşdirmək və bu dəyərlərlə uyğun qərarlar qəbul etmək özümüzlə olan sağlam münasibəti dəstəkləyir və bu da özünə hörmətin əsasını təşkil edir.
Musavat.com
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ