Onlayn ictimai-siyasi qəzet
“ABŞ Konqresinin bir qrup üzvünün Azərbaycana qarşı müraciət imzalamasını rəhbərlik etdiyim Milli Cəbhə Partiyasının pislədiyini bəyan edirəm. Təəssüf edirəm ki, konqresmenlər 30 il erməni işğalını görməzdən gəlib, bir milyon qaçqın-köçkünü bilərəkdən düz 30 il unudub, dağıdılmış şəhər və kəndlər onlara təsir etməyib”.
Musavat.com-un məlumatına görə, bunu deputat, MCP sədri Razi Nurullayev parlamentdəki çıxışında deyib.
O bildirib ki, münaqişənin ilk illərində Azərbaycana qarşı rüsvayçı 907-ci düzəlişi qəbul ediblər:
“Bir dəfə də olsun Ermənistana təzyiq göstərməyiblər. Torpaqları işğal edən də Ermənistan, 30 il Amerikadan ən çox hərbi yardım alan da Ermənistan, 907-ci düzəlişlə sanksiyalara məruz qalan da Azərbaycan, hüquq və haqları pozulan da azərbaycanlılar. Bu 30 ildə səsləri çıxmadı, amma indi əlində silah tutub Azərbaycana qarşı döyüşmüş, əlləri 40 min günahsız insanın qanına batan müharibə cinayətkarları olmuş separatçı rəhbərlərin azad edilməsini tələb edirlər. Bu, qəbuledilməzdir!”
Deputat qeyd edib ki, biz Amerika ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıqda maraqlıyıq:
“Amerika Konqresinin üzvlərini başa düşdük, onlar həmişə Ermənistanı müdafiə edirlər. Bəs niyə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli həvəslə onların bədnam müraciətini müdafiə edir? Bu necə vətənpərvərlik, bu necə azərbaycançılıqdır? Zaman var idi ki, deyirdik və deyirdiniz ki, Qarabağı almaq mümkün olmaz. Qarabağ alındı. Dediniz ki, Laçın Ermənistana veriləcək. Laçın da alındı. Dediniz ki, Xocalısız, Xankəndisiz zəfər olmaz. Xocalı, Xankəndi də Azərbaycan oldu. Dalınca dediniz ki, rus qoşunları Qarabağda qalıncaya qədər bu zəfərə zəfər demərik. Onlar da çıxarıldı və ölkəmiz tam suverenliyinə qovuşdu.
Bu cür barışmazlıq və nifrət normal dialoq şəraitində məsələlərin həllinə mane olur. Amma nə qədər ki, pozuculuq fəaliyyəti ilə məşğul olacaqsınız, qarşımızda duran insan hüquq və azadlıqları, sərbəst toplaşmaq və digər hüquqlar arzu etdiyimiz formada olmayacaq. Çünki siz suları bulandırdıqca, ölkə maraqlarına zidd addım atdıqca ölkə də suverenlyini, ərazi bütövlüyünü, asayişi və vətəndaşlarını qorumaq adına daha da sərt addımlar atacaq, quru sərhədlərini də açmayacaq. Siz bu xalqa yaxşılıq yox, pislik edirsiniz!”
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ