Onlayn ictimai-siyasi qəzet
29-31 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirilir.
Musavat.com xəbər verir ki, forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.
Oktyabrın 29-da paytaxtımızdakı "Gülüstan" Sarayında forumun açılış mərasimi keçirilib.
Forumun iştirakçıları əvvəlcə Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.
Sonra Fəxri xiyabanda dahi Üzeyir Hacıbəyli başda olmaqla görkəmli musiqi xadimlərinin də məzarları ziyarət olunub.
Forumun açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Qeyd edib ki, il ərzində Ulu öndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirilib. Bu gün isə ölkəmizdə ilk dəfə olaraq Musiqi Forumu təşkil edilir:
"Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik qərarları nəticəsində ölkəmizin mədəni həyatında köklü dəyişikliklər baş verib. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrlə yanaşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqinin inkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı bu gün də öz bəhrəsini verir. Ona görə də Ulu öndərin 100 illiyi çərçivəsində Musiqi Forumunun təşkil edilməsinin çox böyük önəmi var".
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyəti yeni mərhələyə qədəm qoyub:
"Ölkəmiz mədəniyyəti, xüsusilə musiqisi ilə xaricdə tanınıb. Milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xüsusilə diqqətəlayiqdir. 2003-cü ildə Azərbaycan musiqisinin ən dəyərli incilərindən olan muğam UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib və özünün bədii təkrarolunmazlığını, dünya mədəniyyəti üçün dəyərini təsdiq edib".
Musiqi Forumunun əhəmiyyətinə toxunan nazir bildirib ki, üç gün ərzində davam edəcək tədbir çərçivəsində ölkənin tanınmış musiqi xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş qonaqların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikirləri dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Forum günlərində həmçinin Azərbaycan milli musiqi ənənələrinin yaşadılması, dünyaya tanıdılması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Adil Kərimli çıxışının sonunda forumun təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mədəniyyətin təbliğində musiqinin önəmini qeyd edib. Söyləyib ki, musiqiçilərimiz bu gün bütün dünyada ölkəmizi uğurla təmsil edirlər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxışında irihəcmli və akademik əsərlərə böyük ehtiyac duyulduğunu deyib. O ümidvar olduğunu bildirib ki, bu qəbildən tədbirlər musiqi sahəsinin inkişafına öz töhfəsini verəcək.
Çıxışlardan sonra Azərbaycan musiqisinin keçdiyi yolu özündə ehtiva edən videoçarx nümayiş etdirilib.
Açılış mərasimindən sonra forum işini panel müzakirələrlə davam etdirib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ